Skripalları zəhərləyən 3-cü şəxsin adı bəlli oldu
Böyük Britaniyanın Rusiyada casusu olmuş və sonradan mübadilə yolu ilə Londona qaçırılan Sergey Skripal və qızının Solsberi şəhərində zəhərlənməsidən bu yana uzun müddət keçsə də, məsələ Qərb mətbuatının gündəmindən düşmür.
Avropa mediası xüsusi xidmət orqanlarının sızdırdıqları informasiyalar əsasında sui-qəsddə iştirak edən rus casuslarının nəinki özlərini, hətta əsl adlarını müəyyən edə biliblər. Məlum olduğu kimi, bunlar Rusiya hərbi kəşfiyyatının zabitləri, özünü Ruslan Boşirov adı ilə təqdim edən Andrey Çepiqa və Aleksandr Petrov kimi qələmə verən Aleksandr Mişkindir.
Bu günlərdə sui-qəsdin 3-cü iştirakçısının da kimliyi müəyyən edilib.
Bu, Sergey Fedotov adlı bir şəxsdir. Həmin adam yuxarıda adları çəkilən kəşfiyyatçılarla bərabər Böyük Britaniyaya eyni gündə gəlib.
“Fontanka” qəzetinin məlumatına görə, Fedotov elə məhz ata və qız Skripalların zəhərləndiyi gün, yəni martın 4-də Böyük Britaniyanı tərk edib.
Dünən isə KİV Skripalları zəhərləyən qrupun hələ 2014-cü ildə Çexiyaya gələrək onu izlədiyi barədə xəbər yayıb.
“Fontanka”nın xəbərində onların arasında Sergey Fedotovun da olduğu deyilir. Çexiya xüsusi xidmət orqanları məsələni şərh etməkdən boyun qaçırıblar.