Özəl sürücü, lüks maşın və varlıların məhəlləsində bağ evi…
Türkiyənin “Hürriyyət” qəzeti İran əsilli iş adamı Rza Zərrabı şəhərin ən lüks otelində görüntüləyib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-a giriş edərkən İran embarqosunu pozmaq ittihamı ilə 2016-cı ilin mart ayında həbs edilən Rza Zərrabın məhkəmədə etirafçı olmasının ardınca Nyu-Yorkda lüks şəraitdə yaşadığı ortaya çıxıb. “Hürriyyət” qəzeti Zərrabı keçən həftə görüntülədiyi məşhur restoran “Nobu”nun qabağındakı “Four Seasons Dountoun” otelində tapıb. Başqa bir adla otaq rezervasiyası olan Zərrabın fotoları qapıda gözləyən Vaşinqton seriyalı, “Kadillak Escalade” markalı, sürücülü lüks maşının içində çəkilib.
“Hürriyet”in əməkdaşı Razi Canikligili görən kimi Zərrab sürətlə otelə qaçıb. Zərrabı FTB agenti və ya özəl bir cangüdənin müşayiət etməməsi diqqət çəkib.
Öncə maşını avtodayanacağa salan sürücüsü 2 saat sonra avtomobili təkrarən qapının ağzına gətirərək, əşyaları baqaja yüklədikdən sonra ordan çıxıb. Qapıdakı işçilərdən biri isə bildirib ki, “Səfər böyük ehtimalla Hamptons şəhərinə doğrudur”. Bu şəhər Nyu-Yorkdan 2 saatlıq məsafədə yerləşir və varlıların bağ evlərinin yerləşdiyi məkandır.
Nyu-York cənub bölgəsi federal məhkəməsində hakim qarşısına çıxarılan Zərrab daha az cəza almaq üçün prokurorluqla anlaşaraq haqqındakı ittihamları qəbul etmiş və etirafçı şahidlik etmişdi.
Rza Zərrabın Nyu-Yorkdakı lüks həyatının detalları üzə çıxdı (Fotolar)
Məhkəmə proseslərinin bitməsindən bir ay sonra Nyu-Yorkun “Vestçester” türməsində olduğu ortaya çıxan Zərrabdan bir daha xəbər almaq mümkün olmayıb və türmədəki qeydiyyat sənədlərindən də adı çıxarılıb.
Nyu-York prokurorluğunun sözçüsü Zərrabın keçən həftə “Nobu”da çəkilən şəkilləri barədə aşağıdakıları deyib: “Bu mövzuda hər hansı təsdiqləyici şərh və ümumiyyətlə, hər hansı şərh verməyəcəyik”.
Prosesi yaxından izləyən amerikalı hüquqşünaslar Zərrabın azadlığa çıxmasının hüquqi baxımdan mümkün olmadığını, “Nobu”ya isə onu prokurorluğa aparan FTB agentlərinin xüsusi icazəsi ilə getmiş ola biləcəyini bildirmişdi.