azia.az
azia.az

Kredit borcuna görə tutulanların işi Avropa Məhkəməsində

9-03-2018, 08:59

Əkrəm Həsənov: “İlin sonunadək məhkəmənin qərarı açıqlanacaq”

Azərbaycanda bank borcunu ödəyə bilmədiyinə görə həbs edilən 2 nəfərin şikayəti Avropa Məhkəməsi tərəfindən icraata götürülüb, işlər üzrə kommunikasiya başladılıb.

Bu barədə məlumatı “Yeni Müsavat”a şikayətçilərin hüquqlarını burada və Avropa Məhkəməsində müdafiə edən hüquqşünas Əkrəm Həsənov təsdiq edib. Onun dediyinə görə, Avropa Məhkəməsinə 3 iş göndərib. Onlardan ikisi banka, üçüncüsü isə vətəndaşa borcludur. Hər üç nəfər 2016-cı ildə məhkəmənin qərarı ilə 10 gün həbs olunub: “Əsas da bu olub ki, borcun ödənməsinə dair məhkəmə qərarını icra etməyiblər. Halbuki qanunvericiliyə görə, o halda həbs edə bilər ki, qərarı üzrsüz səbəbdən icra etməyib. Yəni pulu var, amma borcunu ödəmir. Bunların isə pulları olmadığına görə ödəməyiblər. Bu 3 şəxs barəsindəki işi mən buradakı məhkəmə prosedurlarından keçəndən sonra 2016-cı ildə göndərmişəm Avropa Məhkəməsinə”.

Avropa Məhkəməsi 3 işi birləşdirib, ötən ilin oktyabrında kommunikasiya başlayıb. Azərbaycan hökumətinə yanvarın 16-dək münasibətini bildirmək üçün vaxt verib, daha sonra hökumətin mövqeyini Ə.Həsənova rəyini bildirmək üçün təqdim edib: “Məhkəmənin qaydalarına görə, hökumətin cavabı və onunla bağlı öz möveyimi açıqlaya bilmərəm hələlik. Mövqeyimi fevralın 23-də göndərdim, zərərçəkənlərə dəyən zərərin əvəzində istənilən təzminatı da qeyd etdim. Yəqin ki, bu ilin sonunadək məhkəmənin qərarı olacaq işlər üzrə. Mən demək olar, tam əminəm ki, qərar şikayətçilərin xeyrinə olacaq”.

Hüquqşünas bildirir ki, iddiada şikayətçilərin hüquqlarının Avropa Konvensiyasının 4-cü protokolunun 1-ci maddəsi üzrə pozulduğu qeyd olunub: “Orada qeyd olunur ki, heç kəs borcu ödəmək iqtidarında olmadığına görə həbs oluna bilməz. Azərbaycan məhkəmələri bu məsələdə belə mövqedədirlər ki, vətəndaşlar borcu ödəmədiklərinə görə deyil, borcun ödənməsinə dair məhkəmə qətnaməsinə əməl etmədiklərinə görə həbs ediliblər. Hansı ki, bu elə faktiki olaraq borcun ödənməməsinə görə həbsdir. İkinci Avropa Konvensiyasının 6-cı maddəsinin - vətəndaşın ədalətli məhkəmə hüququnun təmin olunmaması - pozulmasıdır. Hesab edirəm ki, vətəndaşın təqsirinin nədən ibarət olması məhkəmə tərəfindən əsaslandırılmayıb. Təsəvvür edin ki, hər 3 məhkəmə qərarında qeyd olunur ki, vətəndaş işsizdir, əmlakı yoxdur, amma deyir ki, borcu ödəməkdən üzrsüz səbəbdən yayınır. Məhkəmə ”üzrsüz"ün nədən ibarət olmasını araşdırmalıydı, bunu etməyiblər".

Ə.Həsənovun sözlərinə görə, indiyədək Avropa Konvensiyasının 4-cü protokolunun 1-ci maddəsi üzrə heç bir işə baxmayıb: “Çox təəssüf doğuran haldır ki, bu maddə üzrə baxılan ilk iş Azərbaycandan gedən işdir. Heç bir Avropa dövlətində borcu ödəmək iqtidarında olmayan şəxsi həbs etmirlər. Özü də son vaxtlar Azərbaycanda belə hallar, xüsusilə rayonlarda sürətlə artır. Mən vətəndaşlara üz tuturam, bu kimi hallarda həbs müddəti bitmədən bizə müraciət etsinlər. Biz onların hüquqlarını heç bir təmənnasız müdafiə etməyə hazırıq. Bəlkə belə işlərin sayı artdıqca, məhkəmələr bankların sifarişi ilə qərar çıxarmaqdan çəkinərlər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi