azia.az
azia.az

İçində generalların da olduğu rus təyyarəsi niyə qəzaya uğradı?

26-12-2016, 10:37

İçində generalların da olduğu rus təyyarəsi niyə qəzaya uğradı?
Suriyaya uçan “Tu-154" Qara dənizə düşdü - 91 ölü, 2-si general, 9-u jurnalist; Putin matəm elan etdi...

Dekabrın 25-də Soçidən Suriyaya yola düşən Rusiyaya məxsus “Tu-154" sərnişin təyyarəsi qəzaya uğrayıb. Qara dənizə düşən təyyarədə 91 nəfər (83 sərnişin, 8 ekipaj üzvü) olub. Onlardan 64-ü Rusiya Müdafiə Nazirliyinin ”Aleksandrov" adlı mahnı-rəqs ansamblının üzvü olub.

Bildirilir ki, musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqramı ilə çıxış etməyi planlaşdırıbmış.

Ansamblın, demək olar ki, bütün yaradıcı heyəti məhv olub. Bu ansambl 1928-ci ildə yaradılıb. İkinci Dünya müharibəsində Alekandrov adına ansambl mütəmadi olaraq cəbhə xəttində sovet əsgərləri qarşısında konsertlər verib, onları qələbəyə ruhlandırıb. İki dəfə “Qırmızı Ulduz” mükafatına layiq görülüb...



Təyyarənin göyərtəsində 8 yüksək rütbəli hərbçinin də olduğu bildirilir. Bunlardan biri MN-in “Aleksandrov” adına hərbi xorunun bədii rəhbəri və dirijoru, general-leytenant Valeri Xəlilovdur, qalanların isə 5-i rütbəcə polkovnikdir, biri kapitan, biri mayordur. Digər məlumata görə, təyyarənin sərnişinləri arasında Rusiya Müdafiə Nazirliyinin hərbi polisinin rəhbəri, general-leytenant Vladimir İvanosvki də olub. Bu, Suriyaya görə həyatını qurban verən ən yüksək rütbəli Rusiya zabiti hesab oluna bilər.

Habelə sərnişinlər arasında iki federal mülki vəzifəli şəxs-Badruutdinova və Qubankov yer alır. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindəki mənbə həkim-xeyriyyəçi Doktor Lizanın (Yelizaveta Qlinka) həqiqətən Suriyaya uçan heyətin tərkibində olduğunu təsdiqləyib. Lakin bildirib ki, Doktor Liza uçuşqabağı nəzarətdən keçəndən sonra onun adını sərnişinlərin siyahısından çıxarıblar.

9 sərnişin isə jurnalistlər - “1-ci Kanal”ın, NTV-nin və “Zvezda”nın əməkdaşlarıdır.
İlkin olaraq təyyarədə texniki nasazlıq və ya pilotun idarəetməni itirməsi səbəbindən qəza baş verdiyi bildirilir. Lakin bəzi xəbərlərdə terror versiyası da istisna edilmir; iddialara görə, təyyarə dənizin üzərində partlayıb.

Təyyarənin havaya qalxdıqdan cəmi 20 dəqiqə sonra radardan itməsi, qalıqlarının sahilboyu 1,5 km-dən 6 km-ə qədər məsafədə səpələnməsi də bu ehtimalı artırır...

Qara dənizə düşən “Tu-154" təyyarəsi 33 il əvvəl - 1983-cü ildə istehsal olunub və istismara verilib.

Virtualaz.org xəbər verir ki, təyyarənin Moskva ətrafındakı Çkalovsk hərbi aerodromundan havaya qalxdıqdan sonra Mozdokda yanacaq götürmək üçün enməsi nəzərdə tutulubmuş. Lakin Şimali Qafqazda hava şəraiti əlverişsiz olduğundan təyyarənin Soçidə yanacaq götürməsi qərara alınıb.

Soçidəki istirahət bazalarından birindən şahidlər deyiblər ki, “Tu-154"ün qəzaya uğraması anında onlar təyyarə mühərriklərinin yüksəkdən səsini eşidiblər. Lakin təyyarənin düşdüyü anı görməyiblər.



Xatırladaq ki, ötən həftə Rusiya Müdafiə Nazirliyi yaraqlılardan təmizlənmiş Hələb şəhərinə hərbi polis batalyonu yeridib. General İvanosvki Sankt-Peterburqdandır, Putinin yerlisidir, bundan əvvəl Müdafiə Nazirliyinin maddi-texniki təchizat idarəsinə rəhbərlik edib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin bildirdiyinə görə, Qara dənizdə sahildən 1,5 kilometr aralıda təyyarənin şassisinin dayağı tapılıb. Bu detal dənizin 50-70 metr dərinliyindədir. Sahildən 5,5 km məsafədə isə yağ ləkələri aşkar olunub. Bu əlamətlər təyyarənin əvvəl təxmin edildiyi kimi Krasnodar vilayətinin dağlıq ərazisində deyil, dənizə düşdüyünü göstərir.

Virtualaz.org qeyd edir ki, “Tu-154" təyyarəsinin qəzaya uğramasını Rusiyanın Suriya əməliyyatlarında daha bir ciddi itkisi hesab etmək olar. Ötən il İŞİD Rusiyadan qisas almaq üçün Misirin Şarm əl-Şeyx şəhərindən Moskvaya uçan sərnişin təyyarəsini partlatmışdı.



Bu dəfə isə belə görünür ki, Rusiya Müdafiə Nazirliyinin Tu-154 təyyarəsi ya texniki nasazlıq, ya pilot səhvi üzündən qəzaya uğrayaraq Suriyaya görə itkilərin artmasına səbəb olub. “Tu-154" təyyarəsi dünyada ən çox qəzaya uğrayan və ən təhlükəli sərnişin təyyarəsi hesab olunur. Bu təyyarələrin istismarı bir çox ölkələrdə qadağan olunub.

Baş vermiş faciə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin dekabrın 26-nı ölkədə ümummilli matəm günü elan edib.

Azərbaycan prezidenti İlham Əliyev Rusiyada 93 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

“Çoxsaylı insan tələfatı ilə nəticələnmiş ”Tu-154" təyyarəsinin qəzası haqqında xəbər məni sarsıtdı. Azərbaycanın xalqı adından və şəxsən öz adımdan sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm", - deyə prezidentin başsağlığı məktubunda bildirilir.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi