Zelenski sərəncam imzaladı: Danışıqları kimlər və necə aparacaq?
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin başa çatması və sülh müqaviləsi üzrə danışıqlar aparmaq üçün Ukrayna nümayəndə heyətinin tərkibini təsdiq edib.
Ukrayna prezidentinin rəsmi ofisinə istinadən xəbər verilir ki, nümayəndə heyətinə "Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya başçılıq edəcək.
Prezidentin sərəncamına əsasən, Ukrayna nümayəndə heyətinin tərkibinə həmçinin:
Andrey Kostin (razılaşma ilə) - Ukraynanın xalq deputatı;
Dmitri Lubinets (razılaşma ilə) - Ukraynanın xalq deputatı;
Denis Malyuska - Ukraynanın ədliyyə naziri;
Mixail Podolyak - Prezident Aparatı rəhbərinin müşaviri;
Oleksiy Reznikov - Ukraynanın müdafiə naziri;
Mikola Toçitski - Ukrayna Xarici İşlər Nazirinin müavini;
Rustem Umerov - Ukraynanın xalq deputatı;
Aleksandr Malinovski - beynəlxalq hüquqşünas;
Oleksandr Çalıy - Ukraynanın fövqəladə və fəxri səfiri daxildir.
Eyni zamanda, nümayəndə heyətinin rəhbəri David Araxamiya Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq, nümayəndə heyətinin tərkibində dəyişikliklər edə, habelə dövlət orqanlarının, müəssisə, idarə və təşkilatların əməkdaşlarını bu işə cəlb edə bilər.
Bundan başqa, prezident Ukrayna nümayəndə heyətinin məxfi direktivlərini də təsdiqləyib.
Xatırladaq ki, Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətləri artıq danışıqların bir neçə raundunu keçiriblər. Nümayəndə heyətlərinin son təkbətək görüşü Türkiyədə baş tutub.
Aydın