Braziliyada fəlakət: 94 nəfər öldü
Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınların qurbanlarının sayı 94 nəfərə çatıb, ölənlərdən 8-i azyaşlıdır.
Bu barədə çərşənbə günü xilasetmə xidmətlərinə istinadən “Globo” telekanalı məlumat yayıb.
Xilasedicilər indiyə qədər dağıntılar altından sağ qalan 24 nəfəri çıxarmağa müvəffəq olub. Qeyd edilir ki, dağıntılar altında ola biləcəyi ehtimal edilən daha 35 nəfərin axtarışları davam edir. Axtarış işlərində 400 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir. Ştatın qubernatoru Klaudio Kastru fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün idarələrarası səyləri əlaqələndirmək üçün çərşənbə axşamı axşamdan şəhərdə olub. O, mətbuata açıqlamasında "Bu, 1932-ci ildən bəri (şəhərdə) ən güclü yağış idi", - deyib.
Fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub; 80 yaşayış binasına ziyan dəyib, onlardan azı 54-ü tamamilə dağılıb. Çərşənbə axşamı altı saat ərzində 260 mm yağıntının düşdüyü (aylıq normadan çox) şəhərin hakimiyyəti matəm və fövqəladə vəziyyət elan edib. Sinoptiklər yaxın bir neçə gün ərzində daha çox yağıntının olacağını proqnozlaşdırırlar.
Hazırda Moskvada səfərdə olan Braziliya Prezidenti Jair Bolsonaro sosial şəbəkələrdə bildirib ki, təbii fəlakətdən zərər çəkənlərə federal yardımın göstərilməsinə göstəriş verib.