ABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırdı
ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub.
“Report”un yerli bürosu xəbər verir ki, ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında yerli ABC7 telekanalı süjet hazırlayıb.
Xəbərdə bir cinayətkarın hazırladığı terror planından və F.Məmmədovun həmin planı at-üst edən qəhrəmanlığından bəhs olunur. Belə ki, F.Məmmədov iyulun 9-da gecə yarısı müşahidə kamerasında gördüyü terrorçu haqqında 911-ə zəng edərək ABŞ polisinə məlumat verib.
Hadisə yerinə gələn polis əməkdaşları avtomobilində müxtəlif markalı tüfənglər, tapança, əl qumbaraları, narkotik vasitələr gizlədərək kütləvi atəş planı hazırlayan təhlükəli cinayətkarı həbs edib. Polis hesab edir ki, Fərrux Məmmədovun zəngi yüzlərlə insanın həyatını xilas edib. Kempbell Şəhər Polis İdarəsi həmyerlimizə təşəkkür edib.