azia.az
azia.az

Madriddə baş verənlər Bakıda baş versəydi... – “NÜMUNƏ” olmağın iki fərqli üzü

3-06-2019, 17:25

Samir Feyruz
Madriddə baş verənlər Bakıda baş versəydi... – “NÜMUNƏ” olmağın iki fərqli üzü
İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano” stadionunda İngiltərənin "Tottenhem” və "Liverpul” klubları arasında keçirilən oyunda xoşagəlməz hadisə baş verdi. Oyun zamanı çılpaq qız yaşıl meydanın mərkəzinə doğru hərəkət edərək matçın dayanmasına səbəb oldu. Bu qız təhlükəsizlik qüvvələrinin gözündən necə yayına bilib? Söhbət 50-100 adamdan getmir, cəmi bircə nəfərdən. Deməli, təhlükəsizlik olduqca bərbad formada təşkil edilibmiş.
İndi sual olunur: Bu olay Azərbaycanda UEFA Avroliqasının final oyunu zamanı baş versəydi, nə olardı? Azərbaycana qarşı hansı formada kampaniya aparardılar, təsəvvür edirsinizmi? O meydana çıxan qızın başına-gözünə xına yaxıb, çənəsinə saqqal yapışdırıb, yaxud yanaqlarını qızardıb ölkəmiz əleyhinə "alət”ə çevirməzdilərmi?

Madriddə nələr baş verdi?

1. Saxta biletlər satıldı, onlarla insan aldadıldı
2. İngilis azarkeşlər xuliqan hərəkətləri ilə bir neçə dəfə iğtişaş yaratdılar
3. Şəhərdə nəqliyyat vasitələrinin normal işləməməsi qonaqlara problemlər yaşatdı
4. Qonaqlar ictimai tualetlərin olmamasına etiraz edərək şüarlar səsləndirdilər
5. "Tottenhem” fanatları polislər tərəfindən döyüldü
6. Qonaqlar öz ölkələrinə qayıtmaq üçün bilet tapa bilmirlər
7. Çempionlar Liqasının finalı üçün 2000 saxta məhsul satmaq istəyən 6 şəxs həbs edildi
8. "Liverpul”un avtobusu oyunun keçiriləcəyi "Vanda Metropolitano"” stadionunda tunelə ilişib. Nə qədər gülməli səslənsə də, Mersisayd təmsilçisi yarım saat tuneldə qaldı
9. Dünya futbolunun məşhur ulduzları hər iki klubun azarkeşlərini mədəni olmağa səsləmək məcburiyyətində qaldılar
10. Qonaqlar üçün otel problemi yaşandı, onlar kirayə tutmaq, barlarda-kafelərdə gecələmək məcburiyyətində qaldılar

Sual olunur: Bu hadisələrin hansı Bakıda keçirilən "Çelsi – "Arsenal” oyununda baş verdi? Heç biri... O zaman Azərbaycana qarşı qarayaxma kampaniyası nəyə hesablanmışdı? Bunun səbəbləri də çoxumuza bəllidir və bu haqda danışmışıq, yazmışıq.
Bir neçə gün öncə Bakı dünyaya əsl nümunə göstərdi və "Azərbaycan modeli” ifadəsi bir daha öz təsdiqini tapmış oldu. Yuxarıda sadalanan mənfi halların heç biri Bakıda baş vermədi, əksinə qonaqlar, azarkeşlər şəhərimizdə sərbəst gəzdilər, nə nəqliyyat, nə ictimai tualet, nə otel, nə də digər məsələlərdə problemlə üzləşmədilər. Azarkeşlərin, futbolçuların təhlükəsizliyi isə ən yüksək səviyyədə təşkil edildi. Əgər kiçik bir səhv olsa idi, indi Qərbin bəzi dairələrinin, İngiltərənin böhtan ruporları çoxdan üstümüzə kəkələyərdilər. Yaşıl meydanla azarkeşlər arasındakı məsafənin uzaq olduğunu deyənlər bir lüt qızı saxlaya bilmədilər. Bir mühüm məsələni də qeyd etmək yerinə düşərdi: Madriddə stadiona xüsusi zibil maşınları da gətirilib, təsəvvür edin, azarkeşlər yaşıl meydanı da butulka, zir-zibillə doldurublar. Azərbaycanda isə səliqə-səhman əvvəldən axıra qədər göz oxşadı.

Bir neçə kəlmə ingilislərin təhlükəsizlik tədbirləri haqqında...

2016-cı il may ayının 15-də İngiltərə Premyer Liqasının son turunda keçirilməsi nəzərdə tutulan "Maçester Yunayted – Bornmut” matçı bomba həyəcanı yaşandığına görə təxirə salınmışdı. Matçın keçiriləcəyi "Traffford” stadionunda tribunada içində partlayıcı maddə ehtimal oluna paket tapılmışdı. Stadion tamamilə boşaldılır və oyun başqa günə keçirilir. Həmin vaxt İngiltərə dərin bir böhran yaşadı, təhlükəsizliyin yetərincə təşkil edilməməsi, azarkeşlərin, futbolçuların həyatına qarşı bu laqeydlik elə yerli vətəndaşlar tərəfindən sərt tənqid edildi. Daha sonra – 2017-ci ildə İngiltərədə keçirilən növbədənkənar parlament seçkilərində bu amil mühüm rol oynadı, ingilislər "təhlükəsizliyimizi qoruya bilməyənlər bizə sağlam həyat vəd edə bilməz” şüarı ilə seçkilərə qarşı etimadsızlıq, inamsızlıq nümayiş etdirdilər.
Bu həmin vaxt idi ki, artıq İngiltərə "Maçester Yunayted – Bornmut” matçından öncə daha bir biabırçılığa düçar olmuşdu: Premyer Liqanın 37-ci turunda "Vest Hem”lə oyundan öncə "Mançester Yunayted”in avtobusu rəqib azarkeşlər tərəfindən daşa basıldığından görüş nəzərdə tutulduğundan yarım saat gec başlamışdı. İngilis azarkeşlərin bizim bəzi rayon toylarında olduğu kimi matçı dava-dalaşsız yola verməkləri möcüzə olardı. Futbolçular azarkeşlərin, azarkeşlər də futbolçuların başında butulka qırır, təhlükəsizlik isə sıfır...
2016-cı il 15 may tarixində baş tutmayan "Maçester Yunayted – Bornmut” matçı zamanı baş verən maraqlı bir hadisəni danışım. Adını çəkmək istəmədiyim tələbə yoldaşım İngiltərədə yaşayan qardaşını ziyarətə gedibmiş, vəziyyət elə gətirib ki, həmin matçı izləmək üçün iki qardaş stadiona yollanıblar. Bomba həyəcanından sonra isə, tələbə yoldaşımı polislər həbs ediblər. Dərhal araşdırma başlanıb, əhali stadiondan çıxarılıb, kimin gözünə müsəlman dəyibsə, həbs etmişdilər. Bu da ingilis polislərin "təhlükəsizlik”lə bağlı növbəti addımı idi. Qısası, İngiltərədə keçirilən futbol oyunlarının təhlükəsizlik tərəfləri heç vaxt yüksək səviyyədə qeyd olunmayıb, bu məsələ zaman-zaman dünyanın nüfuzlu futbul mütəxəssisləri tərəfindən də qabardılıb. Bu günə qədər ingilis futbolunda təhlükəsizlik tədbirlərinin çox zəif olması ucbatından nə qədər günahsız insan şikəst olub, nə qədər insanın qanı axıb?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi