Məşğulluq mərkəzində 3 milyon manata yaxın mənimsəmə aşkarlanıb
Baş Prokurorluğa göndərilən işlər arasında iri məbləğləri əhatə edən yoxlamalar var
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Məlum olub ki, normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 7 milyon 27,1 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 2 milyon 95,3 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Xidmət 2018-ci il üçün tərtib olunmuş iş planına uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən 10 rayon (şəhər) icra hakimiyyətlərinə, 7 şəhər ərazi nümayəndəliyinə, 5 təhsil, 7 səhiyyə və 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 2 elmi tədqiqat institutuna, 1 protez-ortopedik bərpa və 1 uşaq bərpa mərkəznə, 1 ali təhsil müəssisəsi, 2 səfirliyə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə və onun 3 rayon məşğulluq mərkəzinə, eyni zamanda, bir sıra şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirib.
Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş 676 vəzifəli şəxsə ümumilikdə 554,6 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və ödənilməsi təmin olunub.
Hesabat dövründə 12 təşkilat üzrə aşkar edilmiş artıq ödənişlərin 4 milyon 550,5 min manatlıq hissəsinin mənimsənilməsinə şübhə yarandığı üçün müvafiq sənədlər Baş Prokurorluğa göndərilib. 26 təşkilat üzrə aşkar edilmiş əsassız ödənişlərin 473,1 min manat hissəsinə dair nəzarət tədbirlərinin nəticələri icraatın başlanması üçün prokurorluq orqanlarına göndərilib.
Eyni zamanda 2018-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının qərarlarına əsasən 12 təşkilatda aparılmış yoxlamalar yekunlaşdırılaraq müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.
Ötən il aparılan nəzarət tədbirləri zamanı yerli icra hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı, o cümlədən xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin binalarının və digər sosial obyektlərin, habelə yolların təmiri və tikintisi üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcminin əsassız olaraq artıq yazıldığı, mallların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi aşkar edilib. Həmçinin rayon mərkəzlərində (şəhərlər) təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatlar bir sıra hallarda tərtib edilməyib, tərtib edildiyi halda isə işlərin dəyəri əsassız olaraq artırılıb və dövlət büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərclənib. Bununla yanaşı, alınmış malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə deyil, nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk məişət tullantılarının yığılması və ərazidən daşınaraq zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının təmin edilmədiyi, uşaq bağçalarında uşaqların davamiyyətinin çox aşağı olmasına baxmayaraq əsassız olaraq artıq qrupların yaradıldığı, bəzi hallarda isə baxçaların binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda bağçaların fəaliyyətlərinin sənədləşdirildiyi, bəzi hallarda uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bir hissəsinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub.
Baş Prokurorluğun təqdimatı əsasında Maliyyə Nazirliyi ötən il “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti, Gədəbəy rayonu, Biləsuvar Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar və Neftçala rayon kənd təsərrüfatı idarələri, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Hospitalında yoxlamalar aparıb.
Xidmətin nəticələrini Baş Prokurorluğa göndərdiyi işlər arasında diqqətçəkən iri məbləğləri əhatə edən yoxlamalar var. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhərinin Nəsimi rayon Məşğulluq Mərkəzində aşkar edilmiş artıq və əsassız ödənişin məbləği 2 milyon 857,04 min manat təşkil edib(2015-2018-ci illər üzrə). Eyni dövrdə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda 370,73 manatlıq artıq və əsassız ödəniş aşkarlanıb ki, bunun da cəmi 7,43 min manatı bərpa olunub. Həmin vaxtda Ağstafa Mərkəzi rayon Xəstəxanasında 575,89 min manatlıq, keçmiş Salyan rayon Mədəniyyət və Turizm Şöbəsində isə 310,45 min manatlıq artıq və əsassız ödəniş qeydə alınıb.