azia.az
azia.az

Lloyd Corc Bayron: “Fars dilini öyrənib, Füzulinin “Leyli və Məcnun”unu fars dilində oxuyub dərk edəndən sonra ölməyə dəyər”.

14-01-2019, 00:32

Lloyd Corc Bayron: “Fars dilini öyrənib, Füzulinin “Leyli və Məcnun”unu fars dilində oxuyub dərk edəndən sonra ölməyə dəyər”.
Bunu SER olan şair ingilis deyib. Dünyanın diplomatiyasının və iqtisadiyyatının, hərbinin, elminin, tibbinin düzənini yapan ölkənin şairi!
Lloyd Corc Bayrondan fərqli olaraq, mən… “nəinki farsa, hələ üstəlik erməniyə və yunana da nifrət edirəm” demirəm, belə bir bəyanatı yaymaq fikrim də yoxdur, amma və lakin, xoşlamadığım dəqiqdir! Rəğbətim yoxdur! Sevə bilmərəm – nə dil kimi, nə dil daşıyıcıları kimi. Fəqət…
Düz anlamağınızı xahiş edirəm, düz anlamırsınızsa, anlamayacaqsınızsa, heç vecimə də deyil. Çünki mənim üçün önəmli olan Azərbaycandır və Azərbaycan dilidir – rus və Türkiyə türkcəsinin missionerlərinin fikri yox! Heç bir polemika da açmayacağam. Heç kimə də cavab verməyəcəyəm. Heç bir arqumenti də qəbul etməyəcəyəm. Niyəsini izahladığım abzaslarda görməyənlərə daha nəyi hesabat qismində buyurmalıyam ki?
Ölkəsinin taleyi öz əlində omayanların türk və rus, ingilis və fars ladında əlahiddə kontingent hazırlayıb növbəti dəfə “ət maşını”ndan keçirməyə kimlər üçünsə hazırlamasına, nişan verməsinə laqeyd qalmaq olmaz. Dünən Fətullahın əlini öpənləri indi həbs edirlər! Hələ bu türkün özüdür! Özü öz üzünə durur! Sabah talışın, ləzginin işverən statusunda türkün üzünə durğuzmaq üçün istismar olunmayacağına bir kimsə də yox zəmanət versin! Hələ bu türkün özünün öz qəsdinə durmasıdır! Hələ biz tamaşa edirik cəmi bir il hakimiyyətdə olmuşların 25 il ərzində qurtarıb bitməyən genosidinə, onların məhvinə! Hələ meydanı bərkiyən rus neyləyəcək? Hələ ayağını bərk basmağa meydanı olsa, ingilis neyləyəcək – bura bir şirkəti gəlib çıxıb, Londonda “kakoy-nibud” ofisdə qəbul edilir ölkəmizin ən yüksək rəsmiləri, müqavilələrə, sazişlərə qol çəkdirilir! Həll olunubmu bu yöndə təhlükəsizlik məsələləri? Adamın bir elementar məntiqi olar ki, Atatürk dil probleminin həllinə qalxanda artıq 21 dövləti yerində otuzdurmuşdu, Çörçillə çımxırırdı ki, ayağımı keçirərəm “çəkmə”yə, tapdayaram! Sən kimə “kıqq” edə bilirsən, möhtərəm dil bakanlığının başkanı, universitet hocası, saxta akademik, saxta deputat? Rəsmən ölkə statusunda olan 7 türk dövlətinin heç biri dəngəni pozmur, nə hay düşüb? Saxta deputatlıqla, saxta akademikliklə, saxta vətənpərvərlik şeirləriylə tarixdə qalmaq olmadısa, dili qətl edib qalmaqmı istəyirsiniz?
Deməli, belə…
Mənim üçün dünya ilk olaraq əxlaqdan, sonra elmdən, ədəbiyyatdan, tamamlayıcı olaraq inancdan ibarətdir!
Kəskin şəkildə fərdiliyi buradaca saxlayıb, qayıdaq Bayrona, fars dilinə və… talışa!
Dili fars dilinə yaxın olan talışa ərəb-fars arxaizmləri, rus, ingilis neologizmləri ilə “turşulu aş”a döndərilmiş bir dili bir daha və yenidən qatıb-qarışdırıb, “cırda”ya çevirib sırımaq nədən gündəmə çevrilsin (ləzgilər üçün variant da çözüləcək)? – 1985-ci ildə BDU-da “Azərbaycan tarixi” fənnindən dərs keçərkən HƏQARƏTLƏ talışları “cırlaşmış fars” kimi təqdim edərək, həqiqi adı türk olanın tarixini “sovet ölkəsinin bir parçası” formasında tədris edən İbadulla Mədətovlardan sovetin dağılmasıyla canımız qurtardısa, türklə talış düşmən olmadısa, bunu növbəti cəhddə RF FSB-si ayrı formatda bacarmadısa, indiki qarışıq dönəmdə DİL ÜSTÜNDƏ yapmaq “heç doğru deyil demək” azdır, hətta cinayətdir!
Əvvəla, elementar bir misal: hər xalqın boğaz quruluşu var – 2001-ci ildə müğənni Səfa Mirzəyevdən yazı hazırlayırdım, incə bir ştrixi diqqətə çatdırdı – “bizim muğam oxumağımıza başqa xalqlar ona görə heyrandır ki, onlar o xalları, o zəngulələri vura bilmirlər, ona görə ki, onların o boğazı yoxdur”. Səfa Mirzəyev həm də stomatoloq idi.
Elementar daha bir misal. Talışlar professora danışıq dilində “prƏfessor” deyir, 70-80 ilə güc-bəla dodaqlarını məşq etdirib, boğazlarını tənzimləyib “prAfessor” deyə, “professor” yaza bilirlər, indi bundan sonra durub iki-üç missionerin kefi xoş olsun deyə, “prÖfÖsÖr” məşqinimi yapacaq dodaqlarını timsahın “di sən öl”ü kimi büzə-büzə?
Əlli dəfə müəllim deyir ki, a bala, “kAntakt” deyilir, “kontakt” yazılır, yenə də bildiyini edir, Aqil Alışov demişkən, hər yerdə “kontakt”a “kƏntəkt” deyir də, yazır da. 70-80 ilə güclə öyrənib “kOmpaniya” ilə “kAmpaniya”nın fərqini, yəni ki, biri şirkət mənasındadır, biri məclis.
Təzədən 100 il əvvələ qayıtmaqdansa, elə ÖZÜNƏ qayıdar da: suya “ov” deməz “ab” deyər… Füzulini də oxuyar, Nizamini də, Firdovsini də, heç “Gozune”-gözünə də almaz ki, kim kimin şairidir – bir halda ki, Lloyd Corc Bayron o dildə onları oxuyub ölməyi şərəf bilirsə!
Onsuz da burda öz ana dilində məktəbi, televiziyası, dərsliyi yoxdursa! Uşaqlıqdan eşitdiyim bir biədəb misalla bu hissəni sonuclayaq: “mən bu evin gəliniyəm, istəyər dədəsi, istəyər də oğlu… sevər!” Bu mənada talışa fərq etməz ki, o, türkün dominantlığındadı, yoxsa farsın, ən azından üstünlüyü o yana ona görə verər ki, farsa daha yaxındır! Ona görə bunu edər ki, Talışı Türkə yaxınlaşdırmaq yolunu tutmur, talışı “cır fars” deyib təhqir edir, talışı separatçı adıyla damğalayır, özü öz dilinə yiyə durmur, öz dilində danışmağa can atmır, srağagün farsca yazıb, dünən rusca yazırdı, bu gün yarısını ingiliscə yazır, yarısını da türkcə! Hələ üstündən də istəyir ki, həm talış (ləzgi, saxur, avar, hapıt) buna nökər olsun, həm də buna qoşulub bunun nökər olduğuna nökər olsun!
Adama nə deyərlər?
Ləzgilər. Mən ləzgi dilini bilmirəm. Amma iki misalla bu konunu da kapadacam.
Keçən əsrin 80-ci illərinin ortalarında Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə imtahan verən Rəşid Əliyevə “2” yazırlar. “2”-ni yazan da mənim sevimli müəllimim, xeyirxahım, əziz və dəyərli baş redaktorum, dekanım Tofiq Rüstəmov olur! Bilirsinizmi, nəyə görə? Rəşid Əliyev (Rəşidin özü demişkən, anasının ğərdeşi (halbuki “dayı” deyə bilərdi, təfəkküründə rusca vardı deyə, dəqiqləşdirirdi: “dyadya”sı anasının qardaşıdı, atasının yox) Xalq Nəzarəti Komitəsinin sədri Şənlik Əliyev idi və rəhmətlik Gəray Fəzli ilə də qohum idi) deyirmiş, Tofiq müəllim, baxın, bu “Bakı” sözünün altında qırmızı xətt çəkib mənə “2” yazıbsınız, burada səhv nədir? Tofiq müəllim rəhmətlik də deyib ki, Rəşid, sən düz yazmamısan, o Ba”k”ıdır, sənsə Ba”k”ı yazmısan – ləzgilərlə münasibəti olanlar və ləzgilər həmən tutacaq “problem” və “səhv” nə imiş! K-nın incə-qalın tələffüzündən yapışıb Tofiq müəllim, halbuki “2” yazılı imtahana verilib – yazıda tələffüz bilinirmi???!!! Düzdür, Rəşid sonrakı il qəbul olunmuşdu, bizimlə oxudu, elə onu ən çox qoruyan da Tofiq müəllim oldu!
İkinci bir misal: 1992-ci ildə “Azərbaycan” qəzetində işləyəndə “sadval”çı bir ləzgi ilə mübahisəm düşdü, ayrı bir kürd qardaşımız da mübahisədə onun tərəfində idi. İkisi də mənə öz xalqıma qarşı nankor olduğumu qaxınc etdi. Ləzgi qardaşın dediyini olduğu kimi yazıram: “mənim nəyimə lazım Azərbaycan dili, bir halda ki, qəzetim, məktəbim yox, bu dildə mən bu ölkədən başqa heç harda danışa bilməyəcəyəmsə, “luçşe” rus dilində danışar, yazaram da”.
Qalan 17 xalq da həmçinin!
İndi, əfəndilər, bu “yaxınlaşdırma” adlanan ortaq türkcənin əslində dövlətin elan etdiyi azərbaycançılıq ideologiyasından imtina etmək demək olduğunu bir qırağa qoyuram və soruşuram: 100 ildən artıq sizi böyük bilib dilinizi öyrənənləri birdən-birə hara atırsınız, hara tullayırsınız, öz başınıza gələn fəlakətlərin fəsadlarını aradan qaldırmamış, bir əsrdə üç dəfə əlifba dəyişib xalqınızı öz saxlancından məhrum etmiş istilaçıların yolunu hansı ağılla, hansı əqidə ilə gedirsiniz? Nəyin, kimin ortağını nəzərdə tutursunuz? Naxçıvanla Gəncəni, Şəkiylə Lənkəranı, Qarabağla Şirvanı bir araya gətirib birləşdirdiniz, bir araya çıxartdınız, qaldı Türkiyə? Yardımlının Şıxlarıyla Telavarına ağsaqqallıq edə bilməyənin, Naxçıvana getməsinə icazə verilməsə gedə bilməyənin durub Türkiyə-Azərbaycan ortaqlığına ağsaqqallıq eşqi dəhşətdən də dəhşətdir! Ortada Əbülfəz Elçibəyin özü, adı, ruhu ola-ola, Əli Kərimli ilə Mirmahmud Mirəlioğlunu demirəm, bir qrupda oxumuş Fazillə Əliyə ağsaqqallıq edə bilməyənin bir xalqın dilinə ağsaqqallıq hökmü faciədir!
Siz sizə sığınan xalqlara öz dillərində danışmağı, yazmağı, ümumiyyətlə dil öyrənməyi öyrətdinizmi, öz dilinizdən imtina etməklə yeni dildə yazmağa, danışmağa qərar verirsiniz?
Ay əfəndilər, dil öyrənmək, danışmaq, yazmaq, döyüş deyil e, talış, ləzgi, avar, saxur, hapıt qoşulsun sənə, gərəkəndə almanla, gərəkəndə erməniylə, gərəkəndə rusla vuruşsun ki, biz azərbaycanlıyıq!
Bu, dildir, dil!
Siz öz ikrahedici islahatlar və miskin missionerlik eşqinizin fərqində deyilsiniz ki, bu onunla nəticələnəcək ki, heç olmasa, hər xalqdan bir ziyalı da olsa ayağa qalxacaq və deyəcək ki:
– Ağzınızdakı dilinizi kimin harasında fırladırsınızsa fırladın, ayıb olsa da olar, olmasa da olar, öz işinizdir, dövlətin və xalqın dilini onun-bunun paçasına, irəlisinə-gerisinə daşıyıb dartmayın! 100 ilə arıtlayıb, təmizləyib, ar-abıra saldığımız və güc-bəla öyrəndiyimiz dilin başına oyun açmayın! Biz öz dilimizdə danışmadıq, yazmadıq ki, ölkəmizin dili yaşasın! İki dəfə Türkiyədə rakı içib, üç dəfə otellərdə qalıb, beş dəfə bələdiyyə törənlərində yeddi-səkkiz “yanıq” şeir guppuldatmaqla, sizin dil bakanlığına başkanlığınıza, hansısa yüzüncü dərəcəli üneversitidə hocalıq yapmağınıza niyə qurban olaq ki?
Farslar olanda dədələriniz müdafiə etdi, titul alıb saxladılar sizə, rusca olanda laureatlıq sizə verildi, indi də ingiliscəyə, almancaya evinizdəkiləri yollayıbsınız, özünüzün kafanız çatmır, qalıbsınız Bakı ilə İstanbul arasında və burda qalanlara da “bu”-ya “şu” dedirtməklə nə istəyirsiniz?
Birlikmi?
Olacaqmı?
Əbülfəz Elçibəyin ətrafında birləşə bilməyənlər deyilsinizmi?
Yaxşı, rədd olsun talış da, ləzgi də, qalan xalqlar da, heç Təbrizli, Xoylu, Mərəndli, Rəştli, Zəncanlı qardaşlarınızdan soruşdunuzmu ki, belə bir niyyətimiz var? Yaxşı, hamı özünü qurban verdi Sabir Rüstəmxanlının ikicütbirtək şeirinə, Kamil Vəlinin “ki”-dən olan doktorluq işinə, Vaqif Sultanlının cahanşümul təklifinə, bəs o taydakı 30 milyon qəbul edirmi ordakı Xuduş kişiyə Huduş kişi deyilməyini? Edəcəkmi? Ağlınıza keçə yamamasınlar, həqiqi türk dili oyandadır e! Qərbi Azərbaycandan – Loru və Pəmbək mahallarından qaçqın düşən xas türk dilinin yaşadılması qayğısına dədəm Məmməd qalmalıdı, yoxsa siz? Düşünürsünüzmü, dilimizin bir neçə dialekti it-batdadır? Anladıq: 1 milyon talış, 500 min ləzgi vecinizə deyil, qalanları da həmçinin! Fərqindəsinizmi, bəsit təfəkkürünüzlə 30 milyondan artıq otaylı türkü girinc-giriftar qoymağınızdan!? Axı sənin 700 minlik üzvü olan partiyanda heç 32 nazir də yoxdur ki, Azərbacan dilinin tam 32 hərfiylə fikrini rahat ifadə edə bilsin, indi birdən-birə 3 hərfin qatili olursan, on minlərlə sözün genosidinə fərman verirsən, hansı təfəkkürlə?! Məni nəzərə almırsan almırsan, mən cəhənnəmə, bəs Elmar Məmmədyarova da yazığın gəlmir? Rövnəq Abdullayevi görməzlikdən necə gəlirsən bəs?
Kimsən? Kimsən ki, sənin dilini böyük bilib könüllü özünə dil seçənlərin oxumaq, yazmaq, danışmaq haqqına girirsən?
Ud, al torpaqlarını, qurtar ölkəni diktaturadan, öz dilinin sahibi ol, yığışdır küçələrdən xarici dilləri, xilas ol təcavüzdən, bütövləş və ondan sonra gör bu dil sənin inkişafına mane olur, ya yox?
Mən “pomidor”a “potates” deməkləmi ortaq türk dili yaranacaq, türk birliyi yaranacaq? – bu qəbildən 10000 söz sadalamaq olar!
Brejnevə lağ edirdik, Azərbaycana “Azerbaycan” deyəndə inciyirdik, indi nə deyəcəyik? “Azerbaycan” yazılacaq, “Azərbaycan” deyiləcək eləmi?
Zalım balası, bəs biz də onu deyirik də: Azərbaycanın hər şeyi gedib e: torpağı ermənidə, hakimiyyəti YAP-da, sərvəti BP-də… qalan elə o 32 hərfdi də, bir də doğru yazılan adı.
Deyirsiniz o da olmasın, eləmi?
Biriniz başkan, biriniz hoca, biriniz filsife döktörü kimi dilin qətlinə görə tarixdə qalasınız deyə, hə? Onçunmu getsin?
“Məktəb”ə “məktəb” demişəm, bilirəm ki, məktəbdə kitab oxuyarlar, amma nə fərqi olacaq ki, “okul” deyəndə yenə də kitaba kitab-kütüb, kitabxanaya kütübhane deyəcəyəmsə?
Qız-gəlinin ənlik-kirşan sürtməyini bilirdik, dilin də buna ehtiyaclı qalacağını yox!
Kimin özünə aid nəyi varsa, kimlə necə bölürsə, öz işidi, öz evini qardaşıyla bölməyənlərin gəlib xalqların haqqını “qardaşımdır, gəlin bölüşək” deməyinin dalında bu gün olmasa da, 100 il sonra xəyanət gələcək! Ölkəyə də, dilə də, xalqa da, birgəyaşıyşa da!
Böyük düşünməyi bacarmırsınızsa, böyük işləri, amalları kiçiltməyin!
Xüsusi vurğulayıram: mənim Türkiyə türkcəsinə heç bir iradım yoxdur: 1985-ci ildən bu yana bütün səslənən mahnıları dinləmişəm, sevmişəm, ədəbiyyatını oxumuşam. Türkün tarixinə də sayğım sonsuzdur! Amma mənim olan mənimdir! Azərbaycan dilim – ana dilim!
Gücüm belə etiraza çatır!
Aydın Canıyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi