Kölgə istəyirsən, get “Motodrom”a!- Elşad PAŞASOY yazır
Elşad PAŞASOY
Hardansa oxumuşam. Deyir bir ahıl qoca Məhəmməd Peyğəmbərdən (s.ə.s) soruşur: “Ya Rəsulullah! Ömrümün qürub vaxtıdır, nə edim ki, haqq olan o dünyaya özümlə bir az da çox savab aparım? Peyğəmbərin cavabı belə olur: ağac ək! Əsabələrdən başqası sual edir: “Daha nə edək ki, savab yükümüz bir az da ağır gəlsin?” Peyğəmbər buyurur: “Ömrünüzə bir gün qaldığını bilsəniz də, yenə ağac əkin, ən böyük savab ondadır”.
Dərindən düşünəndə bu kəlamlarda böyük hikmət var. Amma başkəndimizdə elə cəlladlar var ki, nə din bilirlər, nə insaf, nə savab, camaatı yuxuya verib ağacları köklü-köməcli yoxa çıxarırlar. Adını da qoyurlar ki, “yerlərini dəyişirik”.
Uşaqkən oxuduğum bir hekayəni də xatırladım. Özünü “əbədiləşdirmək” üçün kölgəli ağacın qabığını oyaraq adını ora həkk edən uşağın ağsaqqal danlağından və öyüd-nəsihətindən sonra kor-peşman olduğu bir hekayəni. Etiraf edim ki, ona qədər mən də adımın baş hərflərini əmimin yeniyetmə çağında əkdiyi, indi gövdəsinin diametri metrdən artıq olan qovaq ağacının üzərinə yazdığıma görə möhkəm peşman olmuşdum. O kiçik hekayə məni bir daha belə iş tutmamağa vadar etdi, tərbiyələndirdi.
Sonradan mən özüm gövdəsini yazıb yaraladığım ağacın yaxınlığında başqa bir qovaq basdırdım, indi onun da başı “göylərə dəyir”. Amma kəndə son gedişimdə o ağacın da gövdəsində iri rəqəmlərlə “2015” yazıldığını gördüm. Kimsə “tarix” yazırmış, öz aləmində. Görünür, müəllifini unutduğum həmin hekayəni oxumayıb. Ölkəmizin paytaxtında baş verənlərin fonunda hansısa ucqar kənddə uşağın ağac üzərində bıçaqla “yazı yazması” çox kiçik görünə bilər.
Son belə hadisə “Memar Əcəmi” metrostansiyası tərəflərdə baş verib. Kəsilmiş ağacların yerində obyekt tikilməsi barədə mətbuatdakı materiallara reaksiya verən şirkət əməkdaşı mətbuatı “borclu” çıxartdı. Yaşıllaşdırma idarəsindən isə bildirdi ki, ərazidə iki ağac – 1 ədəd zeytun, 1 ədəd şam kəsilib, qalanları isə Motodrom kimi tanınan ərazidə yerləşən tinglik sahəsinə köçürülüb.
Hələ üzə çıxan iki ağacdır-kəsilib. Bakı kimi küləkli, yağıntı az düşən, əksər torpaq sahələri əkinə yararsız olan şəhərdə ağac böyütməyin necə çətin iş olduğunu bilməyən yoxdur. Elə isə niyə həmin iki ağac – yaşı azı 30-40 olan zeytun və şam kəsilməlidir? Paytaxt onsuz da yüklənib, tikinti qaydalarının pozulması səbəbindən bəzi binalar, obyektlər qəbir daşları kimi yan-yana düzülüb. Çoxmu vacib idi yaşıllıqları qırıb yerində yeni bir obyekt də tikilsin?
Digər tərəfdən, başa düşürük, 2016-cı ildən etibarən “Yaşıllıqların götürülməsi Qaydası” Nazirlər Kabineti tərəfindən təsdiqlənib və icra olunur. Ancaq bu qaydalar sui-istifadələrə kifayət qədər yol açır. Yaşıllıqlar başqa ünvana köçürülə bilər, amma vazkeçilməz tikililər naminə. Daha kimsə var-dövlət sahibi olmaq üçün istədiyi ünvanı seçəcək, o halda əhalinin sonuncu kölgələnəcəyi ağaclar da məhv ediləcəksə, vay bizim halımıza. Rəsmi şəxs deyir ki, narahat olmayın, ağaclar Motodrom tərəfdə əkilib. Yəni ay “Memar Əcəmi” tərəfdə yaşayanlar, yayda çox isti olsa, minin avtobusa, gedin Motodrom tərəfə, o ağacların kölgəsində sərinlənin, qayıdın! Absurd deyilmi?
Yaxşı, kölgə dalınca “Motodrom”a getdik. Bəs, oksigen işini neyləyək? Axı, Motodromdakı oksigenli məkana yetişənədək nəfəsimiz kəsiləcək. Tikinti standartları var, hər bir yaşayış kompleksinin ərazisində müvafiq yaşıllıqların salınması aksiomadır. Çünki yaşıllıqlar həm kölgəlik, həm bol oksigen, həm də insan həyatının ayrılmaz hissəsi deməkdir. Amma kimdir buna əməl edən?
Bir neçə il əvvəl aparılan araşdırmalar nəticəsində bəlli olmuşdu ki, Bakıda atmosfer çirklənməsi normadan qat-qat yüksəkdir. Əslində yağışdan sonra avtomobillərin üstünə baxmaq kifayətdir. Yağış yağanda çoxu heyfslənir ki, gərək maşını yudurtmazdı. Bu çirklənmənin bir səbəbi də yaşıllıqların məhvidir.
Pul hərisliyi adamların gözünü örtüb. Düşünmürlər ki, bu soyqırımın bir zərbəsi də onlara, övladlarına dəyəcək. Onkoloji xəstələrin sayının sürətlə artmasının bir səbəbi keyfiyyətsiz qidalardırsa, digər səbəbi də çirkli havadır. Neft şəhərində sağlamlıqla bağlı fəsadların olacağını hələ ötən əsrin ikinci yarısında dəqiq müəyyənləşdirdikləri üçün Bakıda yaşıllıqların salınmasına xüsusi diqqət yetirilirdi.
Normaya görə, şəhərətrafı ərazilərdə istirahət etmək üçün adambaşına 750-1000 kvadratmetr, şəhər içində isə 25-30 kvadratmetrdən az olmayaraq yaşıllıq olmalıdır. Bizim “standartlarımız” isə başqadır. Ən acınacaqlısı odur ki, vaxtilə əkilən ağacları da məhv edirik, “uf” demədən. 1970-ci ildə hər bir Bakı sakininin “pay”ına 6,2 kvadratmetr yaşıllıq zonası düşürdü. 80-ci illərdə bu rəqəm 45 kvadratmetrə (!) çatdırılıbmış. Təkcə Bakı ətrafında 2 min hektardan çox yaşıllıq salınmışdı-bugünkü villaların yerində!
İnsafən bu gün də hakimiyyət, Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllaşmanı prioritet sayır, hər il on minlərlə ağac əkilir. Amma eyni zamanda ölkəboyu əlibaltalı qanunsuz dəstələr də öz işindədir, nə Məhəmməd Peyğəmbərin (s.ə.s) tövsiyyəsini xatırlayırlar, nə cərimədən, nə məsuliyyətdən çəkinirlər. Görünür daha sərt olmaq lazımdır. Həm də hər vətəndaş bu işdə sözünü deməlidir, biganə qalmamalıdır. Əks təqdirdə sürüşən ancaq Badamdar, ya Zığ ərazisi olmayacaq, qorxunc xəstəliklər tüğyan edəcək...