Ağacların qanunsuz kəsilməsinə görə cəzalar sərtləşdirilir
Modern.az-ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə dəyişikliklər edilməsi təklif edilir.
Layihəyə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər isə iyirmi beş min manat miqdarında cərimə ediləcək.
Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin qanunsuz kəsilməsinə, zədələnməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında hüquqi şəxslər isə otuz beş min manat miqdarında cərimələnəcək.
Bundan başqa, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslərə iki min beş yüz manat, vəzifəli şəxslərə altı min manat, hüquqi şəxslərə qırx min manat miqdarında cərimə kəsiləcək.
Su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə kəsilməsinə görə fiziki şəxslər üç min yüz manat, vəzifəli şəxslər yeddi min manat, hüquqi şəxslər isə qırx beş min manat cərimələnəcək.
Məcəllənin 253-cü maddəsinə 253.4 hissə əlavə edilib. Əlavəyə görə, Meşə fonduna dfaxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər iki yüz manat, hüquqi şəxslər isə min manat cərimələnəcək.