azia.az
azia.az

Bakı toyxanaları Prezidentin xəbərdarlığından sonra

12-10-2018, 08:04

Bakı toyxanaları Prezidentin xəbərdarlığından sonra

Bakı toyxanaları Prezidentin xəbərdarlığından sonra

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edib. Xüsusən axşam saatlarında Bakını tüstü bürüdüyünü deyən Prezident bu xəbərdarlığa əməl etməyən şadlıq evlərinin, məişət obyektlərinin bağlanacağını bildirib.

Prezident həmçinin qeyd edib ki, artıq bununla bağlı müvafiq orqanlara hüquqi əsasların hazırlanması ilə bağlı tapşırıq verib: “Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə, tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır. Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosferi çirkləndirən məişət obyektləri ilə mübarizə tədbirlərinə may ayından start verib. Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün təhlillər aparan nazirlik atmosferi çirkləndirən, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan obyektlərə xəbərdarlıq edib. Sentyabr ayından isə xəbərdarlıqlara məhəl qoymayan və əhalinin sağlamlığı üçün ciddi təhlükə törədən obyekt sahiblərinin cərimələnməsinə başlanılıb.

Nazirliyin məlumatına görə, edilən xəbərdarlığın müddəti sentyabrın 1-dən etibarən bitsə də, 88 obyekt hələ də təmizləyici qurğu vasitəsilə tüstünün tənzimlənməsinə başlamayıb. Tapşırığa əməl etməyən obyektlərin cərimələnməsi nazirliyin və icra hakimiyyətinin əməkdaşları tərəfindən birgə həyata keçirilir. Bu səbəbdən reydlər aparılır, restoranlardan çıxan tüstünün atmosfer havasını nə qədər çirkləndirməsi ölçülür. Ölçmənin cavabları laboratoriyaya göndərildikdən sonra nəticəyə uyğun olaraq restoranlar cərimələnəcək.

Bəs şadlıq sarayları yeni qurğuları almaqda nə qədər maraqlıdır? Tüstü filtrləri sahibkarlara neçəyə başa gəlir? Bu və digər suallara aydınlıq gətirmək üçün paytaxtın bir sıra şadlıq evləri və restoranları ilə əlaqə saxladıq.

Məlum oldu ki, əksər şadlıq evləri bu qurğuların axtarışına başlayıb. Bəziləri hələ xəbərdarlıqdan öncə belə qurğulardan istifadə etdiklərini desələr də nə filtr quraşdıran firmanın adını bilirlər, nə də qiymətini.

Tanınmış şadlıq evləri və restoranların bir çoxunda isə artıq filtr şirkətləri ilə müqavilə imzalanıb və quraşdırılma prosesi gedir.

“Xəmsə” şadlıq sarayının administratoru Bəxtiyar Fətullayev virtualaz.org-a açıqlamasında “RBA” filtr şirkəti ilə müqavilə bağladıqlarını dedi. Onun sözlərinə görə, artıq Məhərrəmlik ayının sonuna qədər filtrlərin quraşdırılması başa çatacaq: “Bizim şadlıq sarayında manqalın ölçüsü 10 metrdir. Filtr şirkəti ilə müqavilə bağlamışıq və bu ölçüyə görə 16 min 700 manat pul xərcləmişik. 6 aydan bir də filtr dəyişdiriləcək. Bu zaman isə xərc az çıxır, bizdə təxminən 600-700 manat olacaq”.

“Lido” şadlıq sarayının administratoru da hal-hazırda filtr quraşdıran firma ilə danışıqlar getdiyini, yaxın vaxtlarda təmizləyici qurğunun quraşdırılacağını dedi.

“Yeganə” şadlıq sarayında analoji qurğu sifariş olunub. Obyektdə istifadə olunan manqalın ölçüsü böyük olduğuna görə, sifariş olunan qurğunun qiyməti təxminən 20-30 min manat aralığında olacaq.

“Ülvi” şadlıq sarayından isə sualımızı aqressiv qarşıladılar. “Bizə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi məktub daxil olub və xəbərdarlıq olunub. Biz də qurğunu quraşdırmışıq. Kim gəldi bu məsələ ilə maraqlanır. Filtrlə maraqlanırsınızsa, girin Türkiyə saytlarına, baxın…”, - deyə obyektin administratoru bildirdi.

“Versal”şadlıq sarayından da qurğunun adını və dəyərini öyrənə bilmədik. Şadlıq evinin səlahiyyətli şəxsi bu obyektdə artıq illərdir tüstü təmizləyən qurğudan istifadə olunduğunu dedi: “Bizdə öncədən filtr var idi, şadlıq sarayı tikiləndə qoyulub. Təxminən 3 il olar istifadə edirik”.

Yeni qurğuların qiymətinə gəlincə, bu, məişət obyektində istifadə olunan manqalın həcmindən asılıdır. Bəzi kiçik restoran və şadlıq saraylarında bu rəqəm 5 min manat təşkil etsə də, daha böyük və zallarının sayı çox olan şadlıq evlərində 30-40 min manata qədər gedib çıxır.

Qeyd edək ki, aldığımız məlumata görə, bu məsələyə maraq böyük olduğundan Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabah mətbuat nümayəndələri üçün brifinq keçirməyi və bütün suallara aydınlıq gətirməyi planlaşdırır.
Gülnar Əliyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi