azia.az
azia.az

Soros təhlükəsi bitir - dünya “rəngli inqilablar”dan qurtulur

9-10-2018, 08:22

Əliməmməd Nuriyev: “Sorosa artıq etibar olunmur...”
“Forbes” jurnalı 24 il ərzində ilk dəfə ABŞ-ın ən zəngin insanlarının reytinqində lideri dəyişib. “Trend” xəbər verir ki, indi ölkənin əsas multimilyarderi “Amazon” onlayn satış şirkətinin rəhbəri Ceff Bezosdur. O, ilinə 78,5 milyard dollar qazanmaqla “Microsoft”un təsisçisi Bill Qeytsi qabaqlayıb.

C.Bezosun ümumi varidatı 160 milyard dollar qiymətləndirilir ki, bu da reytinq tarixində rekord məbləğdir. İkinci sıraya düşən “Microsoft” şirkətinin təsisçisinin varidatı 97 milyard dollar təşkil edir. Twitter sosial şəbəkəsinin və “Square” ödəniş sisteminin baş direktoru Cek Dorsi hamıdan tez varlanıb. Əsas uğursuzluğa isə Corc Soros imza atıb. Onun kapitalı təqribən 3 dəfə - 23 milyarddan 8,3 milyard dollaradək azalıb.

“Forbes”in reytinqində əsas diqqəti C.Soros çəkir. Bu milyarderi dünyada tanımayan yoxdur. Soros postsovet məkanı daxil, bir sıra ölkələrdə demokratiya pərdəsi adı altında təşkil olunan “rəngli inqilablar”ın sponsoru və ideya müəllifidir. Gürcüstan, Ukrayna, Qırğızıstan kimi bir sıra ölkələrin adlarını çəkə bilərik ki, Soros bu dövlətlərdə inqilab ideyasını həyata keçirə bilib. “Ərəb baharı” adı altında 2011-ci ildə bir sıra müsəlman ölkələrində başlanan və həmin ölkələri viran qoyan inqilablarda da “Soros izi”nin olduğuna şübhə yoxdur.

Onun biznesdəki uğursuzluğunun “rəngli inqilablar” ideyasının tarixə çevriləcəyi yönündə fikirlər səslənməkdədir. Bir növ dünyanın qocaman milyarderdən qurtulacağı bildirilir.

Hüquqşünas Əliməmməd Nuriyev Sorosun böyük maliyyə oyunçusu olduğunu qeyd etdi: “O ayrı-ayrı dövlətlərin, transmilli şirkətlərin, müxtəlif şəxslərin vəsaitlərini idarə edir. Yəni o, vəsaitlərini daha çox idarəetmədən əldə edib. Onun fəaliyyətində ayrı-ayrı ölkələrdə siyasi proseslərə də təsiretmə imkanları var. Artıq Avropada onun hərəkətlərinə münasibətdə fərqli davranışlar meydana çıxıb - dövlət başçıları səviyyəsində. Macarıstan Sorosun bütün təşkilatlarını bağlayır, ölkədə də onun fəaliyyətini məhdudlaşdırıb. Bu proses digər ölkələrdə də getməkdədir. Soros Amerikada demokratların partiyasının maliyyələşdirilməsində iştirak edib. Eyni zamanda çox ciddi surətdə yeni seçilmiş prezidentə qarşı böyük bir fəaliyyətə başlamışdı. ABŞ prezidenti Donald Tramp hətta bir çox çıxışlarında onun adını çəkmiş, bir növ onu hədələmişdi. Şübhəsiz ki, bütün bunlar ona olan etimadın azalmasına gətirib çıxarıb. Bir çox maliyyə qurumları, dövlətlər, şirkətlər vəsaitlərini idarə olunması baxımından Sorosdan imtina ediblər ki, bu da onun gəlirlərinin aşağı düşməsinə səbəb olub. Hazırda dünyada fərqli trendlər var. Ölkələrdə getdikcə millətçilik ideyaları güclənir. Eyni zamanda ölkələr daxilinə müdaxilə imkanları olan ayrı-ayrı transmilli şirkətlərin, Soros kimi şəxslərin bu imkanlarını məhdudlaşdırmağa çalışırlar. Sorosa artıq etibar olunmur. Amerikada ona qarşı fəaliyyət, eyni zamanda fəaliyyətində siyasi fəaliyyət əsas prioritet olduğu üçün ona olan etimad sürətlə azalmaqdadır. Hər kəs yaxşı bilir ki, müxtəlif ölkələrdə ”rəngli inqilablar"ın həyata keçirilməsində Sorosun şəbəkəsindən də istifadə olunub.

Belə olan halda ona getdikcə münasibət dəyişir. Bu da istər-istəməz onun maliyyə aktivliyinin azalmasına, gəlirlərinin aşağı düşməsinə gətirib çıxarır. Onun pullarının hansı alətlər vasitəsilə işlədiyini də ölkələr yaxşı bilir. Bu alətlərin də qarşısının alınması istiqamətində fəaliyyət aparılır. Nəticədə onun təsir imkanları sürətlə azalır ki, bu da ona etibar edilən maliyyə vəsaitlərinin aşağı düşməsinə səbəb olur. Bundan sonra baş verənlər də onun hər bir fəaliyyətinə ciddi təsir edəcək. Soros fondunun bir çox ölkələrdə villalarının olması genişmiqyaslı fəaliyyətə gətirib çıxarıb. Bu fəaliyyət həm də böyük təsirlərin olmasında başlıca rol oynayır.

Təsirlər də siyasi, maliyyə və digər bütün sektorlara aiddir. Soros böyük bir maliyyə aktyorudur, idarə etməyi bacarır və bundan da böyük maliyyə vəsaitləri əldə edir. Bu gəlirlərin də bir qismi ona etibar edən dövlətlərin fondlarına verilir, amma bir qismi də onun özünə qalır. Son illərdə gedən tendensiyalar, dəyişən trendlər şübhəsiz ki, Sorosa ciddi təsir edir. Nəticədə “rəngli inqilablar”ın genişlənməsinin qarşısı alınır. O da bir faktdır ki, Sorosun fondu ilə işləyən şəxslər zaman-zaman hakimiyyətlərdə təmsil olunurdular. Son illərdə burada da azalma baş verir. Bu da birbaşa Sorosun təsir imkanlarının azalması ilə bağlıdır. Dövlət rəhbərləri artıq onun istifadə etdiyi alət və vasitələri çox yaxşı bilir, ona qarşı ciddi fəaliyyət həyata keçirirlər. Dünyada gedən proseslər bütövlükdə onun fəaliyyətinin getdikcə zəifləməsinə səbəb olacaq. Proseslər hələ ki Sorosun xeyrinə olmayan istiqamətdə dəyişir. Güman edirəm ki, yaxın illərdə bu proses davam edəcək".

Lakin hüquqşünas “rəngli inqilablar”ın yalnız Soros tərəfindən təşkil olunması barədə düşüncələrin əleyhinədir: “Rəngli inqilablar”ın Soros və onun fondlarının fəaliyyətindən doğduğunu demək düzgün olmaz. Bu inqilabların həyata keçirilməsinin şərtləri var. Soros və fondları sadəcə, sürətləndirici amildir. Ayrı-ayrı dövlətlər var ki, onlar bunda maraqlıdır. Bu maraqları həyata keçirmək üçün müxtəlif ölkələrdə hakimiyyət dəyişikliyinə çalışıblar. Bunlar zaman-zaman baş verən proseslərdir. Burada Soros və onların fondlarının aktivlik dərəcəsi başqa bir məsələdir. Hər şeyi Sorosun etdiyini demək daha çox onun şişirdilməsinə gətirib çıxarır. Belə inqilablar daha çox siyasətlə bağlıdır. Böyük dövlətlər və maliyyə qrupları maraqlarını həyata keçirmək üçün belə yollara əl atırlar. Soros da burada maraqlar daha çox üst-üstə düşdüyü üçün iştirakçı kimi görünür. Ayrı-ayrı mərkəzlərdən siyasi qərarlar qəbul olunandan sonra hakimiyyət çevrilişləri planları qurulur. Belə çevrilişlər də özü ilə böyük təlatümlər gətirir".

Ə.Nuriyev Sorosun tam olaraq müflis olacağını düşünmür: “Onun fəaliyyəti davam edəcək. Amma o əvvəlki qaydada idarəedici deyil. Çünki artıq yaşlaşıb. Onun varislərinin kim olacağı, idarəetməni kimlərin aparacağından çox şey asılı olacaq. Həmin şəxslərin Soros kimi idarəedici qabiliyyətlərinin olub-olmayacağı barədə indidən nəsə söyləmək olmur. Soros Fondu getdikcə gücünü itirəcək”.

Cavanşir ABBASLI,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi