Eldar Namazov: “Bu “xanım” bu “cehiz”lə heç kimə lazım deyil”
“Ermənistan ABŞ-dakı lobbisinə yalvarır ki, Trampla heç olmasa 15-20 dəqiqəlik görüş alsın”
ABŞ-dakı erməni lobbisi Nikol Paşinyanla prezident Trampın görüşünü təşkil etməyə hazırlaşır. ABŞ Konqresinin 50 üzvünün Trampa müraciəti də ermənilərin bu təmasa nə qədər böyük önəm verdiyini göstərir. Erməni hökuməti heç olmasa BMT Baş Assambleyası çərçivəsində ayaqüstü görüşə nail olub, bunu Paşinyanın aktivinə yazmağa çalışır.
Görüşün reallaşacağını güman edənlər az olmadığı kimi, gedişata Rusiyanın sakit yanaşacağı da inandırıcı görünmür, hətta Kremlin Paşinyanı devirəcəyi barədə proqnozlar səslənir. Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovla aqoniya vəziyyətində olan işğalçı ölkə ilə bağlı söhbətimizi təqdim edirik.
- Eldar bəy, indiki situasiyada Paşinyanın prezident Trampla görüşü nə dərəcədə real görünür? Sizcə, erməni baş nazir bu cəsarəti haradan alıb ki, Rusiyaya sanksiyalar tətbiq edən ölkənin lideri ilə təmasa can atır?
- Həqiqətən də bu, çox maraqlı bir hadisədir. Çünki əvvəlki dövrlərdə ABŞ Konqresindən ölkə prezidentinə bu tipli müraciətlər demək olar ki, olmurdu. Bəllidir ki, Konqresdə erməni lobbisi mövcuddur və ABŞ Konqresində “Ermənistanın dostları” adlanan bir qrup var. Onlar belə sənədlərin altında kifayət qədər imzalar toplaya bilirlər. Ancaq bu müraciətin arxasında çox ciddi və maraqlı proseslər dayanır. Söhbət ondan gedir ki, Paşinyanın Qərbə ilk səfəri - biz onun Brüsselə səfərini, NATO-nun sammitində iştirakı və Avropa Birliyi ilə danışıqlarını nəzərdə tuturuq - çox uğursuz alındı. Paşinyan həm ABŞ, həm Avropa Birliyi tərəfindən çox soyuq qarşılandı. Bunu özü də gizlətmir, mətbuata da açıqlamalar verir ki, biz gözlədiyimiz olmadı, istədiyimiz dəstəyi ala bilmədik. Bununla bağlı Avropa Birliyinin Ermənistandakı nümayəndəsi də açıqlama vermişdi ki, biz hakimiyyət dəyişikliyinə görə heç bir ölkəyə pul ayırmırıq, pul ayrılması üçün gərək ölkədə ciddi islahatlar olsun və s. Hələ mətbuatda bu məsələni o qədər də işıqlandırmırlar, ancaq pərdə arxasında çox maraqlı bir məqam var.
- Konkretləşdirsək...
- Söhbət ondan gedir ki, Tramp hələ namizəd kimi seçkilərə qatılanda onun ən kəskin tənqidçilərindən biri Corc Soros olub. Trampla Sorosun arasında qarşıdurma şəxsi, ideoloji və şəxsi zəmində bu günə kimi davam edir. Soros dəfələrlə onu “diktator və mafioz” adlandırıb. Həmçinin seçki prosesində Hillari Klintona çox böyük maliyyə dəstəyi ayırıb və başqa ABŞ milyarderlərinin də məhz Klintona dəstək verməsi üçün səfərbərlik kampaniyası aparıb. Tramp qalib gələndən sonra bu qarşıdurma yeni bir pik nöqtəsinə çatıb. Tramp administrasiyası ABŞ-ın özündə Tramp əleyhinə keçirilən aksiyaların məhz Sorosun maliyyələşdirdiyini vurğulayır və qeyd edir ki, Soros artıq ABŞ-ın özündə, Trampı devirmək üçün “məxməri inqilab” hazırlayır.
Yada salaq ki, postosvet məkanında “məxməri inqilab”lar baş verəndə adətən bunu Soros şəbəkəsində çalışan QHT nümayəndələri ilə bağlayırdılar və ABŞ bu proseslərdə həmişə aparıcı rol oynayırdı. Avropa Birliyi isə ikinci dalğada dəstək kampaniyasına qoşulub. Bir çox hallarda Gürcüstan və Ukraynada baş verən inqilablar zamanı hətta ABŞ və Avropa Birliyi arasında müəyyən bir mübahisələr ortaya çıxırdı. ABŞ Avropa Birliyini həmişə ittiham edirdi ki, Gürcüstan və Ukraynada inqilaba kifayət qədər dəstək vermirlər və inqilabdan sonra da bu ölkələrə dəstək kampaniyasında çox da fəal deyillər. Ukraynada inqilab zamanı maraqlı bir hadisə baş vermişdi. Dövlət Departamentinin ikinci adamı Viktoriya Nuland Avropa Birliyinin ünvanına kəskin söyüşlər söymüşdü, sonra onun səs yazısı da mətbuata sızdırıldı və bir qalmaqal qopmuşdu. Yəni bütün bu “məxməri inqilab”lar dövründə beynəlxalq dəstək ilk növbədə ABŞ-dan gəlirdi, Avropa Birliyi isə ikinci dalğa kimi bu işdə iştirak edirdi.
“Paşinyan hökuməti Qərbdən heç bir ciddi mənəvi, siyasi və maliyyə dəstəyi ala bilmədi”
- Ermənistana qayıdarıqsa...
- Ermənistanda baş verən bu proseslərdə təbii ki, Soros şəbəkəsində çalışan insanlar aparıcı rol oynadılar və indi də hakimiyyətdə əsas mövqeləri tutublar. Ancaq bu, elə bir tarixi məqama təsadüf etdi ki, Sorosun özü ilə ABŞ administrasiyası arasında ölüm-dirim mübarizəsi gedir. Hətta bir müddət öncə Trampın tərəfdarları Corc Sorosun bütün təşkilatlarının bağlanması və onun bütün maliyyə resurslarının dövlətin xeyrinə yönəldilməsi ilə bağlı Ağ Evin saytında yeni bir petisiya nəşr etmişdilər, kampaniya aparırdılar. Belə bir şəraitdə ABŞ administrasiyasının Paşinyan hakimiyyətinə münasibəti kifayət qədər soyuq oldu. Avropalılar da bunu başa düşdülər. Adətən ABŞ onlara təzyiq edirdi ki, niyə Gürcüstana, Ukraynaya az köməklik edirsiniz? Bu dəfə isə Avropa gördü ki, ABŞ tərəfindən ona təzyiq yoxdur, əksinə, Vaşinqton özü Ermənistandakı yeni hakimiyyətdən məsafə saxlayır. Belə olan halda Avropa bu prosesdə Rusiya ilə kəllə-kəlləyə gəlmək, yalnız Avropanın gücü ilə Ermənistanı təzyiq altından çıxartmaqla bağlı illüziyalarına da qapılmaq haqqında düşünmür. Ona görə də Paşinyan hakimiyyəti demək olar ki, Qərbdən heç bir ciddi mənəvi, siyasi və maliyyə dəstəyi ala bilmədi.
- Amma bu dəstəklər davam edir. İrəvan Qərbdən istədiyini almağa çalışır, elə deyilmi?
- Bəli. Konqresmenlərin də təcili olaraq Tramp administrasiyasına məktub göndərməsi bununla bağlıdır. Ermənistan ABŞ-dakı lobbisinə yalvarır ki, Trampla heç olmasa, 15-20 dəqiqəlik ayrıca bir görüş təşkil olunsun. Yəni heç olmasa, bu, görüntü xarakterli bir şey olsun ki, Paşinyan hakimiyyəti bunu öz ictimaiyyətinə təqdim edə bilsin. NATO-nun sammitində belə bir gülməli hadisə baş verdi, Qərb diplomatları bunu öz aralarında danışırlar. İclas keçən zaman Paşinyan bir neçə dəfə Trampa yaxınlaşmağa cəhd etdi, ancaq ona imkan vermədilər. Nəhayət, Paşinyan hamıdan əvvəl çıxıb pilləkənin aşağısında gözləyirdi ki, Tramp düşəndə onunla salamlaşsın, ancaq ABŞ prezidenti başqa pilləkəni seçdi. Belə olanda Paşinyan 100 metrlik qaçan olimpiya çempionu kimi qaça-qaça getdi və Trampa yaxınlaşdı, bir neçə dəqiqə onun yanı ilə getdi, bir neçə kəlmə deyə bildi (gülür). Yəni bunu Qərb diplomatları da gülməli hadisə kimi qeyd edirlər. İndi Ermənistan hakimiyyəti və erməni lobbisi var gücü ilə çalışır ki, BMT-nin Baş Asssambleyasında heç olmasa görüntü xarakterli bir görüş keçirilsin.
- Baş tuta bilərmi?
- Görüntü xarakterli bir görüş ola bilər. Tramp administrasiyası da Konqreslə çox ciddi qarşıdurmadadır. Tramp konqresmenlərlə öz münasibətlərini daha da korlamamaq üçün hansısa qərar verə bilər. Bu mənada bir yerdə şəkil çəkdirə, bir-birinin əlini sıxa bilərlər. Ancaq ciddi dəstəkdən söhbət gedə bilməz. Bunun da öz səbəbləri var. Geopolitik proseslərdə Ermənistan apendiks - lazımsız bir orqan vəziyyətinə düşüb. Yəni Ermənistanın öz resursları yox, bu ölkənin ərazisindən hansısa bir transregional layihələr keçmir. Azərbaycanın təbii resursları, neft-qazı var, ərazisindən həm Şimal-Cənub, həm də Qərb-Şərq transmilli layihələr həyata keçirilir, həm neft-qaz kəmərləri, həm dəmir yolu xətti... Ermənistanın nə dünya bazarına çıxara biləcəyi daxili resursları var, nə də ki, Ermənistan ərazisindən hansısa beynəlxalq əhəmiyyətli projelər həyata keçirilmir. Ona görə də geosiyasi baxımdan bu, bir apendiksdir. Ermənistan özünü ya Rusiya, ya da Qərbə təklif edəndə ki, “məni alın, mənə dəstək verin”, adətən soruşurlar ki, “əvəzində nə verə bilərsən?” Əvəzində verə biləcəyi Azərbaycanla və Türkiyə ilə düşmənçilikdir. Nə Avropaya, nə Amerikaya, nə də Rusiyaya belə bir “cehizli xanım” lazım deyil. Yəni ondan heç nə almaq mümkün deyil. Üstəlik, bunun əvəzinə gərək onların həm büdcəsini pulla doldurasan, həm pulsuz silah verəsən, həm də Azərbaycanla özün də müharibə vəziyyətində olasan. Belə “cehiz”lə kim səni alar? Nə Amerika, nə Avropa, nə də Rusiya belə “cehizli xanımı” istəmirlər.
“Geopolitik proseslərdə Ermənistan apendiksə - lazımsız bir orqana çevrilib”
- Nəzəri cəhətdən belə görünür ki, Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsi Ermənistan üçün şans yaradıb. Bu mənada ehtimal etmək olarmı ki, ABŞ Ermənistandan növbəti dəfə “maşa” kimi istifadə edə bilər və Paşinyanın “bəxti”nin gətirəcəyini güman etmək olarmı? Bu ehtimallar nə dərəcədə reallığa uyğundur?
- Yox, bu, reallığa uyğun deyil. Ona görə ki, hazırda Ermənistan Rusiya ilə hərbi blokdadır. Ermənistanın ərazisində Rusiyanın hərbi bazası yerləşir. Ermənistanın sərhədlərini rus sərhədçilər qoruyurlar. İndi bu ölkənin birdən-birə ABŞ üçün Türkiyəyə qarşı platsdarma çevrilməsi qeyri-mümkündür. Bunu reallaşdırmaq üçün Ermənistan gərək tam Rusiyanın nəzarətindən çıxsın, Rusiyanın hərbi bazalarını öz ərazisindən çıxartsın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyündən çıxsın. Bunlara Paşinyan hakimiyyətinin gücü və imkanı olacaqmı? Mənə elə gəlir ki, regiondakı durumu bilən insanlar və güclərin balansını təhlil edən adamlar başa düşürlər ki, bu ehtimal sıfra yaxınlaşır.
- Amma Tofiq Zülfüqarov neçə müddətdən bəri israrla bildirir ki, Rusiya Ermənistandan getmək istədiyi kimi, Ermənistan da Rusiyadan xilas olmaq niyyətindədir. Bəs bu yanaşma barədə nə deyə bilərsiniz?
- Mən Tofiq müəllimin fikri ilə razıyam. Elə bu söhbətin əvvəlində Ermənistanın geopolitik apendiks rolunu oynadığını deyəndə mən də bunu nəzərdə tuturdum. Axı bu “xanım” bu “cehiz”lə heç kimə lazım deyil (gülür). Ermənistanın dünya bazarına çıxartmaq istədiyi mal nədən ibarətdir? Bunlar deyirlər ki, bizim büdcəmizi də doldurun, bizə pulsuz silah da verin, bizimlə bir yerdə Azərbaycanla müharibə də edin. Əvəzində bizim nə neftimiz, nə qazımız, nə başqa resursumuz yoxdur ki, sizə verək.
- Yəni ümumiləşdirsək, Ermənistan Rusiya üçün yükə çevrilib, eləmi?
- Bəli, artıq yükə çevrilib. Ona görə də Avropa və ABŞ, həmçinin Rusiyanın özü bu ölkəyə artıq ağır apendiks kimi baxırlar. Həm də ağır yükdür, onu daşımaq çətindir.
Elşad PAŞASOY,
“Yeni Müsavat”