Uşaq qidalarında zərərli maddə aşkarlanır
"Son vaxtlar uşaqlar üçün nəzərdə tutulan müxtəlif qida məhsullarında (“smes”) zərərli maddələrin aşkarlandığı ilə bağlı məlumatlar yayılır. Hətta istehsalçı ölkələrin adları da açıqlanır. Bu problemdən qurtulmaq olarmı? Əlbəttə, olar!"
Ölkə.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib.
Onun sözlərinə görə, uşaqlara süni qida verməyin deyildikdə, çoxları məsuliyyəti həkimlərin üzərinə atır:
"Bəli, həkimlərin də günahı var. Amma bir həkim günahkardırsa, bir o qədər də ana məsuliyyət daşıyır. Südü olan anaya “smes vermə” deyildikdə, çox vaxt etiraz edir. “Hamı verir, mən də verim” düşüncəsi ilə hərəkət edir…
Bəs “hamı” kimdir? - Sosial şəbəkələr! Necə ki, estetik əməliyyatlar trendə çevrilib, eləcə də süni qida vermək sosial şəbəkələrdə bir “bum” halını alıb. Uşaqlara ana südü verin".
Qeyd edək ki, İsveçrədən ölkəmizə idxal edilən "Hochdorf Swiss Nutrition Ltd" müəssisəsinin istehsalı olan "Swissneo 1" əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında "Sereulid" çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.
Həmidə İbrahimova