azia.az
azia.az

Mağazaların qarşısına “Alınan mallar geri qaytarılmır, dəyişdirilmə yoxdur” yazılması qanun pozuntusudur

19-12-2025, 08:43

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə, istehlakçılar aldıqları malı 14 gün ərzində qaytara və ya dəyişdirə bilərlər. Lakin paytaxtda, həmçinin digər şəhər və kəndlərdə buna əməl etməyən kifayət qədər mağaza sahibləri var. Bununla yanaşı bir çox mağazaların qarşısında “Alınan mallar geri qaytarılmır, dəyişdirilmə yoxdur”, - deyə yazılan lövhələrə rast gəlirik.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Pravda.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 114 saylı qərarında göstərilən mallar istisna olmaqla, digər mallar istehlakçının tələbatını ödəmədiyi halda və ya onun zavod, fabrik qüsuru olarsa, 14 gün ərzində  dəyişdirilə və ya qaytarıla bilər:

Eyyub Hüseynov AQTA-nı tənqid etdi: “Qab yuyulan yerlərdə kirli arvadlar  oturub, yağın içində…” Pravda.az

“Qanun tələb edir ki, bu halda mal istifadə edilməmiş, geyinilməmiş, yarlıqları üzərində olmalıdır. Həmçinin malın həmin yerdən alındığını sübut edən sənəd olmalıdır. Təəssüf ki, bu qanun istehlakçıların hüquqlarının tam qorunmasını təmin etmir. Çünki malı geyinməsən, yoxlamasan uyğun olub-olmadığını necə bilmək olar? Həmçinin qiymətli materiallar, metallar, daşlar dəyişdirilməyən, qaytarılmayan mallar sırasındadır. Bizə gələn şikayətlərə əsasən deyirəm, bir nəfər 20.000 min manata qızıl saat alıb, işləmir. Eyyub Hüseynovun 4 manatlıq saatı ondan yaxşı işləyir. Qaytarmaq istəsə də, qızıl məmulatıdır deyə dəyişib, qaytarmağa icazə verilməyib. Düşünürəm bu haqsızlıqdır. Bu kimi qərarlar mütləq dəyişməlidir. Nazirlər Kabinetinin qərarlarında yazılır ki, ərzaq malları dükandan çıxarılıbsa, qaytarıla bilməz. Belə çıxır ki, istehlakçı mağazada toyuğu bişirməlidir ki, görək bundan pis qoxu gəlir, ya yox? Ona görə də istehlakçıların hüquqları barədə olan qanun mütləq dəyişməlidir”.

 

E.Hüseynov xatırladıb ki, qanun 1995-ci ildə qəbul olunub: “Ondan sonra Azad İstehlakçılar Birliyi olaraq bütün dövlət orqanları ilə o cümlədən Milli Məclisdə müxtəlif dialoqları aparsam da, qanun dəyişməz olaraq qalır. Burada hökumətin birtərəfli, yalnız biznesi dəstək siyasəti, bizneslə fəal məşğul olan məmurların da rolu var. Bu ilin fevral ayında qanunun tələblərini yerinə yetirməyə cavabdeh olan dövlət qurumu İqtisadiyyat Nazirliyinin tərkibindən çıxarıldı və Prezidentə tabe olan quruma - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə çevrildi.  Biz sevindik və dəyişikliklərin olacağını düşündük. Təəssüf ki, yenə dəyişiklik yoxdur. Mənə Binə bazarından şikayət gəlib. Vətəndaş mal alıb üzərində yarlıqlar var. Gödəkçədir. Üzərinə düz gəlmir, dəyişməkdə çətinlik çəkib. Telefon danışığı ilə dəyişməyə nail olduq. Belə şikayətlər hər gün 3-4 dəfə gəlir”.

 

O, biznes qurumlarının sui-istifadə etməsindən şikayətlənib: “Çox təəssüf ki, biznes qurumları, onlar üçün yaradılan son dərəcə rahat, toxunulmazlıq şəraitindən sui-istifadə edirlər. Onlar bəzən “Alınan mallar geri qaytarılmır” cümləsini yazaraq şüar da qoyurlar. Adını çəkdiyim dövlət qurumu effektiv işləsə, həmin o yazıları yazan, istehlakçının tələbatını, haqlı tələbini ödəməyən qurumlara ciddi cərimə tətbiq olunardı. İllik heabatlarda, görürük ki, nə qədər pul qaytarılıb, nə qədər istehlakçı hüququ qorunub. Lakin istehlakçı hüququnu pozan çağırışlara görə hansı cərimələr tətbiq olunduğuna dair məlumat yoxdur. Ona görə üzümü tutub dövlət orqanlarına deyirəm ki, bu cür halların qarşısı alınmalıdır”.

 

Şəhanə Quliyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi