MEK-in şöbələri 2025-ci il üzrə illik fəaliyyət hesabatlarını təqdim ediblər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) şöbə və fondlarının 2025-ci il üzrə illik fəaliyyət hesabatları dinlənilib.
İclası giriş sözü ilə açan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, rəqəmsal transformasiya baxımından 2025-ci il kitabxana üçün önəmli olub. Direktor vurğulayıb ki, 100 yaşlı Mərkəzi Elmi Kitabxana ənənə və müasirliyin vəhdətini özündə birləşdirməklə ölkənin elmi informasiya təminatında aparıcı mərkəz kimi öz rolunu daha da gücləndirib və oxucular üçün yeni xidmət modelləri formalaşdırılıb. ![]()
Daha sonra kitabxananın fond və şöbələrinin 2025-ci ildə həyata keçirilmiş fəaliyyətlərinin hesabatları dinlənilib, təqdimatları nümayiş olunub. Şöbə rəhbərləri il ərzində görülən işlərlə yanaşı, qarşılaşdıqları problemlər, onların aradan qaldırılması üçün təkliflər və növbəti il üçün planlar barədə də məlumat veriblər.![]()
Hesabatlarda kitabxana fondunun zənginləşdirilməsi, xarici akademik platformalarda olan yeni mənbələrin inteqrasiyası, elektron kataloqun təkmilləşdirilməsi, rəqəmsallaşdırma prosesində istifadə olunan avadanlıqlar və yeni elektron resursların istifadəyə verilməsi kimi məsələlər xüsusi vurğulanıb. Həmçinin cari ildə elektron xidmət modelində mühüm addımların atıldığı, bu çərçivədə elektron sorğu xidmətinin modernləşdirilməsi, uzaqdan istifadə imkanlarının genişləndirilməsi və istifadəçi təcrübəsini yaxşılaşdıran yeni funksiyaların tətbiqi diqqətə çatdırılıb.
Mərkəzi Elmi Kitabxananın 100 illiyi münasibətilə nəşr olunan kitablar, il ərzində keçirilən elmi-praktiki konfranslar, tematik virtual və ənənəvi sərgilər, eləcə də xarici kitabxanalarla imzalanan yeni anlaşma memorandumları da hesabatların əsas istiqamətlərindən olub. Qeyd olunub ki, MEK tərəfindən yerli və beynəlxalq səviyyədə təşkil olunan tədbirlər kitabxananın elmi və mədəni platforma kimi fəaliyyətinin daha da genişləndiyini göstərib.
Hesabatlardan sonra H. Hüseynov 2026-cı il üçün nəzərdə tutulan innovativ yanaşmalar, o cümlədən süni intellekt əsaslı axtarış sistemlərinin tətbiqi, rəqəmsal arxivlərin genişləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlarını verib.
İclasın sonunda MEK-in 100 illiyi münasibətilə və səmərəli fəaliyyətlərinə görə kitabxananın bir qrup əməkdaşına AMEA-nın Humanitar və İctimai elmlər bölmələrinin Fəxri Fərmanları və MEK-in təşəkkürnamələri təqdim olunub.