Gözəllik uğrunda səhvlər: Dəriyə zərər verən makiyaj vərdişləri
Gündəlik makiyaj məhsullarının dəriyə təsiri mövzusu bütün qadınları maraqlandıran məsələlərdəndir. Hər gün istifadə olunan tonal kremlər, pudralar, göz və dodaq məhsulları düzgün seçilmədikdə və səhv tətbiq olunduqda müxtəlif dəri xəstəliklərinə yol aça bilər.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən kosmetoloq Rəna Bayramova deyib ki, kosmetik vasitələr düzgün seçilib, tərkibinə diqqət olunub və gigiyenik qaydalara uyğun tətbiq edildikdə həm qadınların, həm də kişilərin özünü daha yaxşı hiss etməsinə kömək edir.
"İnsan makiyaj vasitələrinin köməyi ilə daha baxımlı, daha təmiz və daha təravətli görünə bilər", - söyləyən R.Bayramova bildirdi ki, bu məhsullar düzgün seçilmədikdə və istifadə qaydalarına əməl olunmadıqda, eyni vasitə həm dəriyə zərər verir, həm də mövcud problemləri dərinləşdirir.
Mütəxəssis qeyd edib ki, hər kosmetik məhsul hər dəri tipinə uyğun deyil və tərkibindəki maddələr bəzən ciddi reaksiyalara səbəb ola bilər:
“Paraben, sulfat, spirt və digər potensial allergen maddələr dəriyə birbaşa təsir edir. Həssas dərilərdə bu maddələr qızartı, qaşınma, şişkinlik, sızanaq və hətta dermatit adlanan ciddi iltihabi proseslərə gətirib çıxara bilər. Xüsusilə ucuz, keyfiyyətsiz və sertifikatsız kosmetik məhsulların istifadəsi riski daha da artırır”.

O həmçinin, çox tez-tez makiyaj etməyin dəriyə istirahət etməyə imkan vermədiyini də vurğulayıb:
“Dərinin davamlı olaraq makiyaj altında qalması məsamələrin tıxanmasına səbəb olur. Məsamələr oksigen ala bilmədikdə yağlanma artır, sızanaqlar çoxalır və dəri öz təbii balansını itirir. Xüsusilə tonal kremlərin ağır tərkibli olması bu prosesi daha da sürətləndirir. Dəri tipinə uyğun olmayan məhsul seçmək uzunmüddətli problemlərə yol açır. Quru dəri üçün nəzərdə tutulmayan məhsul quruluğu artırır, yağlı dəriyə uyğun olmayan məhsullar isə yağlanmanı daha çox stimullaşdırır. Nəticədə dəri öz təbii müdafiə baryerini itirir və vaxtından əvvəl qocalma əlamətləri özünü göstərməyə başlayır. Tərkibində sərt kimyəvi maddələr olan makiyaj məhsullarının uzunmüddətli və davamlı istifadəsi dərinin elastikliyini azaldır. Kollagenin parçalanmasına səbəb olan bu maddələr illər keçdikcə qırışların daha tez yaranmasına gətirib çıxarır. Gecə makiyajı silmədən yatmaq isə qocalma proseslərini ikiqat sürətləndirən ən böyük səhvlərdən biridir”.
R.Bayramova sağlam dəri üçün tövsiyələrini də qeyd edib:
“İlk növbədə hipoallergen, dermatoloji testlərdən keçmiş, keyfiyyətli və etibarlı brendlərə məxsus məhsullar seçilməlidir. Makiyajdan əvvəl dəri mütləq nəmləndirilməli, mümkün qədər primer istifadə olunmalıdır ki, dəri qoruyucu qatla örtülsün. Makiyaj hər axşam dərindən təmizlənməlidir, təkcə micellar suyu ilə deyil, həm də yuma gelləri və toniklərlə. Həftədə bir dəfə pilinq və dərin təmizləmə etmək mütləqdir. Həftədə heç olmasa bir gün makiyajsız gəzmək dəriyə nəfəs alma imkanı verir. Bu, həm hüceyrələrin bərpasını sürətləndirir, həm də dəriyə əlavə yük düşməsinin qarşısını alır. Məhsulların son istifadə tarixinə və saxlama şəraitinə diqqət etmək də böyük əhəmiyyət daşıyır”.
Kosmetoloq onu da bildirib ki, gözəllik yalnız makiyajla ölçülməməlidir:
“Gözəllik yalnız makiyajla ölçülmür. Təmiz, sağlam və baxımlı dəri hər şeyin əsasını təşkil edir. Makiyaj vasitələri gözəlliyi vurğulayan əlavə alətlərdir. Onlardan ağıllı şəkildə istifadə etdikdə həm gözəl görünmək, həm də dəri sağlamlığını qorumaq mümkündür”.
Bəsti Rəfizadə