Azərbaycan riyaziyyat olimpiadasından niyə “iki” aldı?
Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında yekun nəticələr açıqlanıb. 110 ölkənin iştirak etdiyi rəqabətdə Çin Xalq Respublikasının təmsilçiləri 6 qızıl medal qazanaraq ilk yeri tutub. İkinci yeri ABŞ (5 qızıl, 1 gümüş), üçüncü yeri isə Cənubi Koreya (4 qızıl, 2 gümüş) nümayəndələri qazanıb.
Qardaş Türkiyə gəncləri də yüksək nailiyyət göstərərək birinci onluqda qərarlaşıblar - 2 qızıl, 3 gümüş, 1 bürünc. Qeyd edək ki, İran komandası da yaxşı nəticə göstərib, qonşu ölkənin olimpiyaçıları 2 qızıl, 3 gümüş, 1 bürünc medalla 12-ci yeri tutublar.
Qeyd edək ki, postsovet ölkələrindən Qazaxıstan 4 gümüş, 2 bürünc medalla 17-ci, Özbəkistan 4 gümüş, 1 bürünclə 28-ci, Qırğızıstan 2 gümüş, 3 bürünclə 37-ci, Türkmənistan 2 gümüş, 1 bürünclə 47-ci, Ermənistan 3 bürünclə 54-cü, Gürcüstan isə 2 bürünc medalla 63-cü sırada qərarlaşıb.
Siyahıda Azərbaycan 74-cü sırada qərarlaşsa da, 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında heç bir medal qazanılmayıb.
Elm və təhsil sahəsi üzrə ekspert, keçmiş deputat Etibar Əliyev Facebook səhifəsində Azərbaycanın nəticələrinə görə Elm və Təhsil Nazirliyinin rəhbərliyini tənqid edib. O, “Təhsil menecerlərinin daha bir möhtəşəm "uğuru", qeydini paylaşaraq “Riyaziyyyat geridədirsə, bütün fənnlər geridədir”, - yazıb.
“Şagirdlərimizin PİSA və PİRLS kimi mötəbər bilik yarışlarındakı uğursuzluqlarına, Beynəlxalq Riyaziyyat Olimpiadasında uğursuzluq da əlavə olundu. Utanmaq lazımdır. Bu biabırçı nəticəyə görə Emin müəllim Əmrullayev həmyerlisi və dostu, bu işə məsul olan Fuad Qarayevi mükafatlandıracaq. Buna tam əmin ola bilərsiniz. Missiyadır...”, - keçmiş deputat vurğulayıb.
Dosent İlham Əhmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Riyaziyyat olimpiadası ölkədə aparılan təhsilin keyfiyyətini, ümumilikdə şagirdlərin potensial səviyyəsini müəyyən edən mühüm göstəricilərdən biridir. Azərbaycan təxminən 1994-cü ildən bu yarışlarda iştirak edir. Təəssüf ki, bizim nəticələrimiz region ölkələri ilə müqayisədə xeyli zəifdir. Son illərdə isə vəziyyət, ümumiyyətlə, olduqca acınacaqlıdır. Bu nəticələr həm məktəb proqramlarının zəifliyindən, həm tədris kurikulumundakı boşluqlardan, həm repetitorluğun məktəbdən daha üstün tutulmasından, həm də təhsil texnologiyalarının kifayət qədər effektiv təşkil olunmamasından qaynaqlanır. Təxminən 15 il əvvəl biz bu məsələni Təhsil Nazirliyinə, 10 il əvvəl isə Akademiyanın Riyaziyyat İnstitutuna təqdim etmişdik. Təklif etmişdik ki, istedadlı uşaqlar üçün distant riyaziyyat məktəbi açılsın. Bu həm şagirdlərin riyaziyyata marağını artırar, həm də olimpiadalara hazırlıq imkanlarını genişləndirərdi.
Xüsusi portal qurulmalı, distant tədris məktəbi formalaşdırılmalıdır. Portalda bütün olimpiada mövzuları üzrə dərslər, videolar yerləşdirilməlidir. Məsələlərin həll nümunələri, izahları, elektron vəsaitlər, dərsliklər təqdim olunmalıdır".
İlham Əhmədov onu da qeyd edir ki, orta məktəblərdə riyaziyyat təhsili zəifdir: “Riyaziyyat təhsili zəif olan ölkədə insan kapitalı da zəif olacaq. Bilgi əsaslı iqtisadiyyat dövründə riyazi təfəkkürü, analitik düşüncəsi, tənqidi və məntiqi düşüncə qabiliyyəti olmayan gənclik gələcək texnoloji çağırışlarla ayaqlaşa bilməyəcək. Bu isə süni intellekt dövründə daha böyük risklərə yol açacaq.
Düşünürəm ki, Təhsil Nazirliyi daha peşəkar, sistemli fəaliyyət göstərməli, tənqidə və ictimai müzakirələrə açıq olmalıdır. Kadr seçimi zamanı isə yalnız peşəkar və təcrübəli mütəxəssislərə üstünlük verilməlidir".
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün də mövzu ilə bağlı fikirləri diqqət çəkir. Ekspert qeyd edib ki, 2022-ci ildə 1 gümüş və 4 bürünc, 2023-cü ildə 1 gümüş və 2 bürünc, 2024-də 1 bürünc əldə edən, çoxsaylı həvəsləndirici mükafatlar qazanan məktəblilər, yaxud onların təmsil olunduğu komanda məntiqlə birdən-birə belə zəif nəticə göstərməli deyil: “Bütün bunlar da çox düşündürücüdür. Düşünürəm ki, nazirliyin olimpiadaya hazırlıq mərkəzi məhz bunun səbəblərini araşdırmalıdır. Bəs nə etməliyik? Hesab edirəm ki, ölkə üzrə riyaziyyat olimpiadasının səviyyəsini və çəkisini qaldırmaq lazımdır. Bunun üçün Türkiyə təcrübəsindən faydalanmaq doğru olar. Zamanında biz qardaşlarımıza bu sahədə kömək etmişik, əminəm ki, indi də onlar bizə yardım edərlər. Respublika olimpiadalarının qalibləri üçün yay düşərgələri təşkil etmək və kənardan da mütəxəssislər cəlb etmək faydalı olardı. Biz fərqində olmalıyıq ki, mövcud qəbul sistemi istedadlı uşaqların yetişdirilməsi ilə uzlaşmır və onlara fərqli yanaşma sərgilənməlidir. İstənilən halda, hər şey məktəblinin özündən, onun hazırlığından, səylərinin necə olmasından asılıdır. Məntiqlə olimpiadalarda şagirdin uğurları ilbəil artmalıdır. Yəni bürünc alan məktəbli növbəti mərhələdə ən azı bürünc və ya gümüş ala bilmirsə, demək, məktəbli ilə bağlı da problem var”.
Səbuhi Rzayev
ETN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də məsələ ilə bağlı sosial media üzərindən açıqlama verib: “Əziz dostlar, builki Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) təəssüf ki, şagirdlərimiz medal qazana bilməyiblər. Şagirdlərimiz bir il ərzində həm yerli, həm də xarici mütəxəssislərin rəhbərliyi ilə ciddi hazırlıq keçiblər. Əminik ki, iştirakçılarımız əllərindən gələni ediblər və bu çətin sınaqda ən yaxşı nəticə üçün çalışıblar. Onların hər birinə təşəkkür düşür.
Bu, asan yol deyil. Qeyd etməliyik ki, ölkəmiz IMO-da hələlik qızıl medal qazanmayıb. Bununla belə, son 5 ildə Azərbaycan məktəbliləri bu nüfuzlu olimpiadada 2 gümüş və 8 bürünc medal olmaqla, ümumilikdə 10 medal əldə ediblər. Cəmi iki gün əvvəl isə Beynəlxalq İnformatika Olimpiadasında məktəblilərimiz bir gümüş və iki bürünc medal qazandılar.
Bu nəticələr göstərir ki, potensial var və biz onu daha yaxşı dəyərləndirməliyik. Təəssüf ki, bəzən bir qrup şəxslər uğursuz nəticələri fürsətə çevirərək ümumi təhsil islahatlarını gözdən salmağa çalışırlar. Biz hər bir tənqidi fikrə hörmətlə yanaşmalı, lakin ümumi inkişafı şəxsi baxış bucağına qurban verməməliyik".
Afaq MİRAYİQ