20 Sentyabr: Tam və qəti qələbə tarixi
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, mədəniyyət paytaxtımız sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Hərbi əməliyyatlar 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli Bəyanatla başa çatdı.
Bu barədə fəlsəfə doktoru Cavanşir Feyziyevin “20 sentyabr: Tam və qəti qələbə tarixi” adlı məqaləsində bildirilir. AZƏRTAC məqaləni təqdim edir:
“Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana sülh çağırışları etsə də, Ermənistan tərəfi danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək şərti sərhəddə və suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılsa da danışıqlar bölgədə vaxtaşırı baş verən silahlı toqquşmalarla müşayiət olunurdu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabrında sərhəddə baş verdi. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu.
Elə həmin zaman Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti təşkilatları və ekologiya fəalları separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətlərinə qarşı Şuşa-Laçın yolunda davamlı etiraz aksiyasına başladı.
2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" nəzarət-buraxılış məntəqəsinin qurulduğunu elan etdi.
Bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində yerləşən qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə atılmışdı. Azərbaycan Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinə başlanması və bütün problemlərin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarına Ermənistan tərəfindən adekvat cavab verilmədi.
Həmin zaman Azərbaycanın Qarabağ bölgəsində sayı 10 mindən artıq olan qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni hərbçiləri 3 il əvvəl Azərbaycan ərazisindən çıxarılmalı idilər. Lakin Ermənistan üçtərəfli Bəyanatın 4-cü bəndində qeyd olunan, - “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...”, - öhdəliyi icra etmədi.
Vətən müharibəsindən sonrakı illər ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə mövcud status-kvonu saxlamağa və beləliklə, bölgədə sülh mühitinin yaranmasına mane olmağa çalışırdı. Bölgədə daimi sülhə və sabitliyə nail olmağın yeganə yolu isə məhz erməni silahlı qüvvələrinin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Lakin xarici böyük güclərin dəstəyinə arxalanan Ermənistan rəhbərliyi humanitar məqsədli “Laçın” dəhlizi vasitəsilə silah-sursatların və canlı hərbi qüvvənin daşınmasını həyata keçirirdi. Bu təxribatlar ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözləri önündə, bəzi hallarda isə hətta birbaşa müşayiəti altında baş verirdi. Ermənistan Qarabağ ərazisində yaratdığı qanunsuz separatçı rejimi maliyyələşdirməkdə davam edirdi. Bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə zidd addımlar idi.
Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.
Sentyabrın 19-u səhər saatlarında Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə Silahlı Qüvvələrimizin təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması ordumuzun səbir kasasını daşırdı.
Nəticədə bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xəttində və dərinliklərdə olan mövqelərini, atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, bütün qanunsuz hərbi obyektləri və infrastrukturu hədəfə alaraq sıradan çıxardı. Sentyabrın 20-də cəmi 23 saat 43 dəqiqə ərzində yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldular.
Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə almamışdı. Əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə zəruri tibbi və digər yardımlar göstərilmiş, onlar içməli su və ərzaqla təmin olunmuşdular. Mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılmışdı. Bütün bunlara baxmayaraq Azərbaycan Ordusunun uğurlu antiterror tədbirlərini həzm edə bilməyən xarici qüvvələr hər vəchlə ölkəmizi “etnik təmizləmə” və “soyqırımı” iddiaları ilə şərləməyə cəhd etdilər. Lakin ərazidə baş verənlər dünya ictimaiyyətinə gün kimi aydın idi. Ölkəmizə qarşı qərəzli mövqe sərgiləyərək onu haqsız şəkildə qınayanlar da bilirdilər ki, həyata keçirilmiş antiterror tədbirləri məhz Ermənistan tərəfindən üçtərəfli Bəyanatın 4-cü bəndinin tələblərinin kobud şəkildə pozulmasının nəticəsi idi və bütün bunlara görə yalnız Ermənistan hökuməti məsuliyyət daşıyırdı.
Antiterror tədbirlərindən əvvəl reinteqrasiya proseslərinə qoşulmaqdan imtina edən separatçılar yaranmış vəziyyəti müzakirə etmək üçün Yevlax şəhərində Azərbaycan hakimiyyət nümayəndələri ilə görüşə gəldilər. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. Sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.
Beləliklə, Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri ilə tam şəkildə tərk-silah edildi və ölkəmizi tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, işğal dövründə separatçılara rəhbərlik etmiş cinayətkarlar həbs edilərək Bakıya gətirildilər. Bu günədək Qarabağın hətta de-yure Azərbaycan torpağı olmasını dilə gətirmək istəməyən separatçılar və onları dəstəkləyən Ermənistan hakimiyyəti Qarabağın həm de-yure, həm də de-fakto Azərbaycan torpağı olduğunu etiraf etdilər. Beləliklə, sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirləri düşmən üzərində tam və qəti Qələbəmizi təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı”.