azia.az
azia.az

Əsl Kəbə hardadır? - ŞOK faktlar

13-08-2024, 08:08

Məhəmməd peyğəmbərin qibləsi hara idi?

İslam tarixi necə və kim tərəfindən dəyişirildi?

İlk məscidlərin qibləsi hara baxırdı?

Quranı yandırıb İslamı yenidən yazdılar

Qiblənin yönü dəyişdirilənə kimi Məhəmməd peyğəmbər hansı istiqamətə tərəf namaz qılırdı?

Faktor.az bu günə qədər məlum olmayan faktları araşdırıb.

Həyatının çox hissəsi Yaxın Şərqdə keçən tarixçi və yazar Den Gibson (Dan Gibson) İslamdan əvvəlki xalqlar və bölgələrlə bağlı əhatəli araşdırmalar aparıb. Gibson 30 ildən çox davam edən araşdırmaları ilə indiyə qədər öyrəndiyimiz nəzəriyyənin yeni və radikal sübutlarını toplayıb.

Quranda Məkkənin adı bir dəfə qeyd edilib

İslam alimləri Məkkəyə həm də "Qadağan olunmuş toplanma yeri" (Məscidül-Həram) və ya "Mübarək ev", həmçinin "Becca", yəni "Ağlama yeri" deyirlər. Bunlar haqda bir azdan oxuyacağıq. İlk maraqlı məqam müqəddəs kitabda bu adların Məkkəni işarə etdiyinə dair açıq ifadənin olmamasıdır. Yeri gəlmişkən, Məkkə bu günə qədər deyildiyi kimi karvan yolunun üzərində yox, əzəldən bəri həmin yoldan kənarda yerləşib.

Məkkədə Məhəmməd peyğəmbərə aid iz yoxdur

Den Gibson araşdırmaları zamanı İslamın Məkkədə yox, Şimali Ərəbistandakı başqa torpaqlarda yarandığı qənaətinə gəlib. Gibson bütün müsəlmanların min illərdir namaz qılarkən üzünü Məkkədə yerləşən Kəbəyə, yəni qibləyə tərəf çevirməsinə baxmayaraq, araşdırmalarından sonra İslamın yarandığı dövrdə fundamental səhvə yol verildiyi nəticəsinə gəlib. Ta qədimdən Məkkədəki bütün tikintilərdən əvvəl bölgədə qazıntılar aparılıb. Təəccüblü də olsa, indiyə kimi arxeoloqlar bu bölgədə heç bir tarixi tapıntıya rast gəlməyib. Halbuki Məhəmmədin doğulduğu şəhər çox böyük idi. Sadəcə əhalisinin sayına görə yox, ora həm də iri təsərrüfat şəhəri idi. Sanki bu şəhərin insanları heç vaxt ticarətlə məşğul olmayıb. İslamın bizə öyrətdikləri ilə arxeoloqların araşdırmaları arasında ciddi fərqlər olduğu üçün onlar İslam qeydlərinin əfsanədən başqa bir şey olmadığını iddia edirlər.

Den Gibsonun qənaətinə görə, İslam heç də uydurulmuş əfsanələrdən ibarət deyil. Onun fikrincə, bütün bunlar əslində Məkkəni yox, başqa bir yeri təsvir edir.

Buxari il ərzində 10 santimetrdən çox yağış yağmayan, dəhşətli istilər səbəbilə demək olar ki, ətrafında bir dənə də ot bitməyən, əhalisinin sayı az olan bu quraq şəhər Məkkə ilə bağlı tamamilə fərqli təsvirlərdən bəhs edib. İslamın müqəddəs şəhəri daşlıq və susuz bölgədə qurulmasına baxmayaraq, Məkkə deyəndə hər kəsin ağlına tarlalar, ağaclar, torpaq və otlar gəlir. Qədim yazılarla həqiqətlər bir-birini təkzib edir.

Məhəmməd peyğəmbər bu gün barmaqla sayılacaq qədər az insanın bildiyi dövr və yerdə 571-ci ildə dünyaya gəlib. Ömrü boyu gözünə görünən bir mələk ona bir çox vəhy oxuyub. Həmin vəhylər isə bir yerə toplanıb və bu gün bildiyimiz Qurani-Kərim yaranıb.

Məhəmməd peyğəmbər doğulduğu ərazidə İslamın əsas tutduğu "allah təkdir" kimi düşüncələrinə görə, uzun müddət təzyiqlərə məruz qalıb. Nəhayət, bezərək tərəfdarları ilə birlikdə Mədinə şəhərinə hicrət edib. Burda isə onlar karvanlara hücum edərək, zamanla İslam tərəfdarlarının sayını artırıblar. Beləcə, Şimali Afrikanın və Mərkəzi Asiyanın böyük bir hissəsi İslamın nəzarətinə keçib.

Qədim Ərəb xəritələrində Məkkənin adı yoxdur

Karvan yolunun üzərində yerləşən önəmli ticarət şəhərinin adının İslamdan əvvəlki xəritələrdə olmamağı qəribə deyilmi? Bəs 740-cı ilə qədərki zaman kəsiyində (İslamın yaranmasından 100 il sonra) heç bir mənbədə Məkkə sözünə rast gəlinmədiyini bilirsinizmi? Bu qədər böyük, əhali sayı çox, təsərrüfata yararlı, surlarla əhatələnmiş, üstəlik ətraf şəhərlərlə də ticarət əlaqələri olan bölgənin digər xalqlar və ölkələrin diqqətini cəlb etməməyi nə qədər təsadüf ola bilər?

Müsəlmanlar namaz qılarkən üzlərini yanlış istiqamətə çevirirlər

Qəbilə halında yaşayan qədim ərəblər ticarət məqsədilə səyahət edərkən keçdikləri bölgələrin tanrılarına inandıqları üçün birdən çox tanrıya ibadət edirdilər. Onları bir-birinə bağlayan yeganə ritual həcc ziyarətləri idi. Quranda bu ərazilər "Qadağan olunmuş yer" adlanır. Yəni həmin ziyarətlər zamanı yanınızda düşməniniz belə olsa, hər hansı döyüşdən söhbət belə gedə bilməzdi.

Qısası, İslamın müqəddəs şəhəri ilə bağlı iki fərqli anlayış var: birincisi haram bölgə, yəni öldürmək qadağandır. İkincisi bura İslamın yaranmasından yüz illər əvvəl də qədim həcc ziyarətlərinin mərkəzi idi.

İlk məscidlərin qibləsi hara idi?

Məscidlərdə imamların insanlara namaz qıldırmaq üçün durduğu mehrab deyilən oyuq olur. İslamın ilk dövrlərində məscidlərdə mehrab yerinə qibləyə baxan divar var idi. Quran müsəlmanlara qiblələri olduğunu deyir, amma bu bölgənin adını qeyd etmir. Kitabda qadağan olunmuş yer ifadəsindən başqa heç bir məlumat yoxdur. Halbuki İslam dini yeni-yeni yayılmağa başlayanda müsəlmanlar üzlərini Qüdsə tərəf çevirərək namaz qılırdı. İslam mənbələrində qeyd olunur ki, 624-cü ildə qiblənin istiqaməti birdən-birə Qüdsdən Məkkəyə çevrildi. Bunu Məhəmməd peyğəmbər də Quranın ikinci surəsində aşkarca qeyd edib. Bəs qiblənin istiqaməti dəyişənə kimi Məhəmməd peyğəmbər üzünü hansı tərəfə çevirib namaz qılırdı? Qüdsə, Suriyaya, yoxsa tamamilə başqa yönə?

Bağlanğıc nöqtəsi

İslamın ilk dövrlərində inşa edilən məscid tapmaq çətin olsa da, bəziləri günümüzə qədər qorunub. Həmin məscidlərin fundamentini araşdıraraq, qibləsinin hansı tərəfə baxdığını müəyyən etmək olur. Mədinə şəhərində yerləşən Zu-Qibleteyn (ikiqibləli məscid) ilk belə məscidlərdəndir. İslam tarixinə görə, peyğəmbərə ilk vəhy də bu məsciddə gəlib. Belə ki, Məhəmməd peyğəmbər namazı yarıda saxlayaraq, birdən-birə üzünü Məkkəyə tərəf çevirib və namazına bu cür davam edib. Bu nöqtədə sual yaranır: bəs peyğəmbər o vaxtadək hansı tərəfə qılırdı namazını? Müsəlmanların bu suala cavabı hazırdır: "Təbii ki, Qüdsə tərəf".

Bugünkü Zu-Qibleteynin qibləsi Məkkəyə tərəf olsa da, 1987-ci ildə tamamilə dağıdılan məscidin ilkin fundamenti ortaya çıxmışdı. Və o zaman məscidin qiblə divarının olduğunu və divarın şimala baxdığını görmüşdülər. Həmin istiqamət isə Qüdsü göstərdiyi üçün müsəlmanlar qədim qiblənin Qüdsdə olduğuna inanır.

Zu-Qibleteyndən başqa İslama aid günümüzə qədər gələn Çində, Misirdə, Cənubi İordaniyada, Livanda, Mərkəzi İordaniyada, Yəməndə, İsraildə, İraqda, Qüdsdə, Qərbi Asiyada və yenə Livanda 11 qədim tikili var.

Bu məscidlərin ortaq cəhəti heç birinin qibləsinin Məkkəyə tərəf olmamasıdır. Digər ortaq cəhətləri isə qiblələrinin əslində Cənubi İordaniyadakı tamam fərqli bölgəni göstərməsidir. Bu, qiblənin istiqamətini müəyyənləşdirən zaman baş verən kiçik səhv deyildi. Hər biri qəsdən tək bir nöqtəni göstərirdi. Həmin bölgə isə antik şəhər Petradır.

Petranın qədim həcc ziyarətlərinin əsas mərkəzi olduğunu bilirik. Bəs Petra Quranda təsvir edilən şəhərlərin anası, Məhəmmədin doğum yeri və həmçinin İslamın yarandığı şəhər ola bilərmi?

Müsəlmanların Bəkkə dedikləri yerlə Quranda qeyd edilən müqəddəs şəhər tamamilə eynidir. Bəkkə Sami dilindən tərcümədə "ağlamaq" deməkdir. Yəni o yerə Bəkkə deyilibsə, həmin ərazinin ağlamaq yeri olduğu aşkardır. Qüdsdə bəkkə sözü işlənilmədiyi kimi İncildə də bu sözə sadəcə, bir dəfə rast gəlmək mümkündür. Quranda isə Həcərin bir dərədə oğlu İsmayıl üçün ağladığı qeyd olunub. Yəni Quran bu hadisənin Bəkkədə baş verdiyini yazıb və bu, Kəbənin inşa edildiyi yerin ilk adıdır.

Petrada tez-tez güclü zəlzələlər baş verirdi. İnsan itkisi çox olduğu üçün Petraya "ağlamaq yeri" də deyə bilərik.

Arxeoloqlar Məhəmməd peyğəmbərin aid olduğu qəbiləyə aid izləri nə Məkkədə, nə də Mədinədə axtarıb. Onlar birbaşa Petraya gedərək həmin qəbiləyə aid qalıqları şəhərdən 43 km uzaqda tapıblar. Sudiyyə Ərəbistanında yox, məhz Petrada.

İslam tarixçilərinin qeyd etdiyi yazılarda Məhəmməd peyğəmbərin atasının torpaqla məşğul olduğu qeyd edilib. Lakin Məkkənin ətrafında təsərrüfata yararlı torpaq ərazisi heç vaxt olmayıb. Qeydlərin böyük əksəriyyəti isə – çay, ağac, torpaq - Petranı təsvir edir. Araşdırmaçılar 100 il əvvəl sadəcə Petranın ətrafındakı dağlarda ağaclar olduğunu sübut ediblər.

Məkkənin surları hardadır?

Qeydlərdə Məkkədə surlar olduğuna tez-tez rast gəlsək də, orada sur olduğunu hələ ki, görməmişik. Bəs Petra? Bu şəhər bir dərədə inşa edilib. Dərənin hər iki tərəfində ucalan dağlar isə surlardan qətiyyən fərqlənmir. Petralılar dağların arasındakı dərənin iki tərəfində də surlar inşa ediblər. Yəni Petranın surları da var imiş.

Petranın girişində 20-dən çox nəhəng daş var. Bu daşların qadağan olunmuş bölgənin sərhədlərini müəyyənləşdirmək üçün yerləşdirildiyi ehtimalı yüksəkdir. Həmin daşların məqsədi isə qadağan olunmuş bölgədə hər hansı ölüm, şiddət hadisənin olmasının qarşısını almaq idi. Çünki o sərhədlərin içərisində quş belə öldürmək haram idi, yəni qadağan idi. Bəlkə elə buna görə həmin surları Məkkədə tapa bilmirik? Bu doğrudursa, Məscidül-Həram elə Petradır. Sual verə bilərsiniz ki, bəs həmin bölgə buradırsa, Kəbə niyə Məkkədədir? Çünki İbn Zübeyir adlı bir nəfər onu yox edib. Bu isə İslam dünyasının ikinci vətəndaş müharibəsi zamanı baş verib.

Həmin dövrdə müqəddəs şəhərin idarəsi Abdullah ibn Zübeyirə aid idi. Əməvilər isə paytaxt olaraq özlərinə Dəməşqi seçmişdilər. Zübeyir müqəddəs şəhərdə xəlifəliyini elan edəndən sonra İslam dünyasının ikinci vətəndaş müharibəsi başlayır. Əməvilər müqəddəs şəhərə ordu göndərəndə Zübeyir radikal qərarla İslamın qədim və müqəddəs məbədi Kəbəni yerlə yeksan edir. Bunlar Təbərinin kitablarında da qeyd olunub. Lakin bu kitablardan birində 670-ci ilə aid bəzi hissələr sonradan senzuraya məruz qalıb. Buna baxmayaraq, bir neçə sətirlik hissədən də suallarımıza cavab tapa bilərik. Məsələn, İbn Zübeyirin qardaşı olduğu ehtimal edilən Musa ibn Zübeyirin qeydlərinə görə, həmin il müqəddəs şəhərə çox sayda at və dəvə gətirilib. Den Gibsonun fikrincə, Zübeyirin tərəfdarları Əməvi ordularına qarşı güc toplamaq üçün etibarlı yer tapmaq ümidi ilə Petradan Ərəbistan səhralarına tərəf yola çıxıblar. O qədər at və dəvənin şəhərə gətirilməsinin əhalinin uzaq yerə köçürülməsindən başqa məqsədi ola bilməzdi.

Zübeyir qanlı savaşda baş verən bu fasilədən istifadə edərək, Kəbəni yenidən inşa etməyə başlayıb. Təbəri yeni Kəbənin harada inşa edildiyinə dair heç bir məlumata yer verməsə də, Gibson bunun həmin dövr üçün daha etibarlı bölgə olan Məkkədə baş verdiyini iddia edir.

Əməvilər növbəti dəfə hücum edən zaman özləri ilə uzaq məsafəyə iri daşlar ata bilən katapult gətirmişdilər. Daha bir sual: Petranın girişində surlar vardısa, onda düşmən katapultu Kəbənin olduğu yerə necə gətirmiş və oranı necə dağıtmışdı? Bir az əvvəl qeyd etdiyimiz kimi dərənin iki tərəfində uzun surlar var idi. Lakin şimaldakı surlar dağa birbaşa birləşmirdi. Çünki yarğan boyu uzanan quru çay yatağı vardı. Ehtimallara görə, katapult həmin quru yolu ilə mərkəzə gətirilib və İslamın müqəddəs bölgələri daş-qalaq edilib. Arxeoloqlar qazıntılar zamanı sözügedən ərazidən 400-ə yaxın katapult gülləsi tapıblar. Həmin güllələr həm də bu iddiaların sübutudur. Deməli, İslamın ilk Kəbəsi məhz bu yerlərə yaxın ərazidə olub.

Zübeyir xaraba qalmış bir binaya sığınsa da, nəticədə müharibəni uduzur. Həmçinin müqəddəs şəhərdəki Kəbə bölgəsi də darmadağın edildi. Lakin Zübeyirin Mədinə və İraqın Kufə şəhərlərindəki tərəfdarlarının savaşları davam edirdi.

Beləliklə, İslam dünyası iki yerə ayrılır: Dəməşqdəki Əməvilər Petraya dönərək namaz qılır, Abbasilərin nəzarətinə keçən Şərq bölgəsi isə yavaş-yavaş Məkkəyə tərəf namaz qılmağa başlayır. Elə həmin dövrdə məscidlərin divarlarına qiblənin istiqamətini göstərən işarələr asılmağa başlanır. Qəribədir, o zamana qədər müsəlmanlar məscidlərdəki qiblə divarı vasitəsilə istiqaməti müəyyənləşdirirdilər. Qiblənin istiqaməti dəyişməmişdisə, nəyə görə divarlara belə işarələr asılırdı?

Təxminən eyni dövrlərdə, yəni İslamın yaranmasından 89 il sonra məscidlərdə birdən-birə namazın istiqamətini müəyyənləşdirən mehrablar da inşa edilməyə başlandı. Üstəlik bu mehrablar həm yeni, həm də köhnə məscidlərə əlavə olunurdu. Yəni qiblənin yönü dəyişənə kimi məscidlərin mehraba ehtiyacı yox idi.

İslamın yaranmasının ikinci yüz ilində tikilən bəzi məscidlərin qibləsi nə Petraya, nə də Məkkəyə baxır. Bunlardan biri Suriyadakı antik şəhər Busrada yerləşən Ömər məscididir. Bu məscidin inşasından sonra Suriyada bir qəsr də tikilir. Bu qəsrin içindəki məscidin də, qəsrin özünün də qiblə divarı nə Məkkəyə, nə də Petraya tərəf idi. Hər iki məbədin qibləsi iki şəhərin ortasından keçən başqa istiqamətə baxırdı. İslam dünyasının bu dövrünü "qarışıqlıq dövrü" adlandırmaq olar. Məscidləri inşa edən memarların qiblə olaraq Petra və Məkkənin tən ortasını seçməyi heç də kiçik riyazi səhv deyildi. Qiblə qəsdən Petraya da, Məkkəyə də baxmırdı. Onda bunun cavabını başqa yerdə axtarmaq lazımdır.

İslamın yaranmasından 109 il sonra Pakistanda inşa edilən bir məscidin qibləsi Məkkəyə tərəf idi. Bu, ilk belə məscid idi və həmin dövrün digər məscidləri kimi mehrab yerinə sadəcə qiblə divarı var idi. Ehtimal ki, zamanla dağıdılan başqa məscidlər də olub, amma bu məscid önəmlidir. Çünki qibləsi Səudiyyə Ərəbistanına tərəf olan və günümüzə qədər gəlib çıxan tək belə tikilidir.

İordaniyanın paytaxtı Ammanda İslamın yaranmasından 122 il sonra inşa edilən qəsrin qibləsi Məkkəyə baxsa da, qarşısındakı məscidin qibləsi Petranı göstərir. Deməli, qiblənin istiqaməti bu məscid və qəsrin inşa edildiyi tarixlər arasında bir azdan təxmin edəcəyimiz səbəblərə görə dəyişdirilib. Məkkənin adının tarixi yazılarda qeyd olunmağa başladığı dövrlə bu qəsrin inşasının başlaması da təxminən eyni vaxta təsadüf edir.

Əməvi xanədanlığının sonlarına yaxın vacib hadisə baş verdi və bundan sonra məscidlərin qiblə istiqaməti dəyişdirildi. Məscidlərin bir hissəsi Petraya baxırdı, digər hissəsi isə Məkkəyə. Təkidlə bu iki tərəfə də baxmaq istəməyən məscidlərin qibləsi isə iki qiblənin ortasına tərəf tikilmişdi. Bu da öz növbəsində İslamın Qərbdəki tərəfdarlarına problem yaradırdı. Onlar Əməvilərə sadiq idilər. Abbasilərlə düşmən mövqeyində olduqları üçün onlar kimi Məkkəyə tərəf də çevrilə bilmirdilər. Elə buna görə də İslam dünyası iki yerə parçalandı: İraqdakı Abbasilər İslamın Şərq hissəsinə nəzarət edirdi, Əməvilər isə Şimali Afrika və İspaniyanı idarə edirdi. Əməvilər Petraya tərəf namaz qılsa da, sonradan baş verəcək hadisə onlara mane olacaqdı. Bundan sonra heç bir məscidin qibləsi Petraya tərəf olmayacaqdı. Şimali Afrika və İspaniya müsəlmanları tamamilə fərqli yol tapmışdılar. Bir az əvvəl Yaxın Şərqdəki bəzi məscidlərin qiblələrinin iki şəhərin arasında olduğunu oxuduq. Əndəlus müsəlmanlarının məscidlərinin qiblələri də hər iki şəhərin ortasındakı bir nöqtəni göstərirdi. Onların qibləsi Cənubi Afrikaya tərəf idi. Bütün bu faktları birləşdirəndə isə Qərb Əməvilərinin fərqli və bir-birindən uzaq bölgələrdə tikilən məscidlərinin qiblələrinin Yaxın Şərqdəki digər məscidlərin qiblə xəttinə paralel olaraq inşa edildiyini görürük.

Bu dövrdə İslam tarixində çox önəmli hadisə baş verdi. Əməvilər Abbasilər tərəfindən məğlub edildikdən sonra 754-cü ildə yeni xəlifə olan Mənsur Şərqdə yeni paytaxtın salınması əmrini verdi. Həmin şəhər bugünkü İraqın paytaxtı Bağdad şəhəri olacaqdı. Məhz Bağdad şəhəri salındıqdan sonra orada ucaldılan məscidin qibləsi Məkkəyə baxırdı. Eynilə ondan sonra inşa ediləcək digər məscidlər kimi.

Bütün bunlar doğrudursa, onda Məhəmməd peyğəmbər, İslamın ilk dörd xəlifəsi, həmçinin İslam dünyasını Dəməşqdən idarə edən Əməvi hökmdarlar hər biri üzünü Petraya çevirərək namaz qılırdı.

İslam dünyasındakı qiblə ayrı-seçkiliyi Petrada növbəti dəfə baş verən dəhşətli zəlzələ ilə bitdi. Şəhərdəki binalar, məbədlər tamamilə dağıldı. Vəziyyət o qədər pis idi ki, Petranı bir daha yenidən bərpa etmək mümkün olmadı. Beləcə, ilk Kəbəyə aid bütün dəlilər də silinib yox oldu. Əvvəlcə katapult güllələri Kəbəyə ciddi zərərlər verdi, sonra isə ibn Zübeyir işi kökündən həll etdi. 713-cü ildə baş verən zəlzələ şəhərin su səddlərini dağıdaraq suyun Petraya və ətrafına dolmasına səbəb oldu. Növbəti illərdə davam edən sellər də yerdə qalan digər izləri silib apardı.

Şəhərə aid xatirələrin yaddaşlardan silinməsi ilə bu hadisələrdən təxminən 150 sonra yazan İslam tarixçiləri qeydlərində Petranın adını heç vaxt çəkməyiblər.

Den Gibsonun fikrincə, İslam dövlətinin ilk "xeyirxah" müsəlmanlarının səyləri nəticəsində İslamda ədəbi boşluq yaranıb. Həmin şəxslər kitabları, əlyazmaları, kitabələri və kitabxanaları yandırıblar. Qurandan başqa bütün ədəbiyyatları yox ediblər. Quran isə Məhəmmədin əzbərlətdiyi vəhylərin yadda qalan hissəciklərindən yaranmışdı. İslam ordularının bir çox materialı yox etməsi faktı rəsmi sənədlərlə təsdiqlənmiş həqiqətdir.

Dəməşq və İraqda Quran fərqli oxunduğu üçün xəlifə Osman müqəddəs kitabın əslini gətirdərək, Quranı daha dəqiq yazdırır və yeni nüsxələrini hazırladır. Mətnləri hazırlayanlara "başa düşmədiyiniz hissələri Kureyş ləhcəsi ilə yazın, çünki Quran bu ləhcə ilə endirilib" deyir. Yeni Quran hazır olandan sonra digər Quran əlyazmaları və kitablarının yandırılmasını əmr edən Osman müsəlman əyalətlərin hər birinə yeni Qurandan bir ədəd göndərir. Bu dəfə sadəcə, Quran mətnləri və əlyazmaları yandırılmışdı.

Qəribədir, müsəlmanlar əvvəlcə digər ədəbiyyatları, sonra isə müqəddəs hesab etdikləri Quranın sadəcə, bir neçə nüsxəsini saxlayaraq, bütün köhnə versiyalarını yox etmişdilər. Həmin dövrdə İslam Atlantik okeandan başlayıb Yaxın Şərqdən keçir və Pakistanda bitirdi. Yəni bu qədər böyük ərazidə Quranın sadəcə 5-6 nüsxəsi qalmışdı. Bayaq dediyimiz ədəbi boşluq da elə bu idi.

Çox sonralar Abbasilər İslam dövlətini ələ keçirəndə bu boşluğun fərqinə varır və doldurmaq üçün işə başlayırlar. Lakin bu dəfə də İslamın Abbasi versiyası yaranmağa başlayır. Abbasi hakimiyyəti dövründə yeni elmi yazılar, məqalələr, araşdırmalar yazılsa da, elə həmin dövrdə əvvəlki dini qeydlərdə də çox sayda dəyişiklik edilib. Beləcə, Abbasi dövrünün dinə və siyasətə baxışı və həmin siyasətə uyğun İslam tarixi yaranıb.

Son olaraq...

Qərb düşüncəsi ilə İslam düşüncəsi arasındakı ciddi fərqlər həm də mənbələrlə bağlıdır. Məsələn, Qərb insanı ən qədim kitablara inanır, onları araşdırırlar. Çünki yenilər qədim və ilkin nüsxələrin də yenilənərək dəyişdirilən halıdır. Lakin müsəlmanların düşüncəsinə görə, daha qədim mənbələr daha etibarsızdır. Hətta Quranda da yeni vəhylər köhnələri əvəz edir. Müqəddəs kitab hər dəfə yenidən yazılanda "tamamlanmış Quran" adı ilə təriflər yağdırılır.

Abbasilər tarixlə bu qədər oynayıblarsa, şübhəsiz,Quranda da dəyişiklik edəcək qədər cəsarətli davranıblar.

Abbasilər dövründən qalan kufi xətti ilə yazılmış bir çox Quran var. Kufi xətt ilə yazılan kitabların heç birində Məkkəyə aid ayəyə yer verilməyib. Qədim zamanlarda İslamın müqəddəs şəhərindən söz düşəndə Bəkkə deyilirdi. Gibson bu sözün Petranı ifadə etdiyini deyir. Çünki saysız-hesabsız zəlzələlər Petrada çox can almışdı. İbn Zübeyir qara daşı Məkkəyə aparandan sonra kargüzarların kiçik dəyişikliyi ilə Bəkkə sözü Məkkə ilə əvəz olunacaqdı.

Ərəb dilində B və M hərfləri bir-birinə çox oxşayır. Bəlkə Abbasilər Quranda yazılan Bəkkə kəlməsini Məkkə kimi dəyişdiriblər?

Bəlkə Abbasilər Quranda yazılan Bəkkə kəlməsini Məkkə kimi dəyişdiriblər?

Quran namaz qılan insanların üzlərini qadağan olunmuş yerə çevirmələrini istəsə də, kitabda qara daşla bağlı tək bir söz, cümlə belə yoxdur.

İslamın özünə verməli olduğu bir sual var: dünyadakı bir milyarddan çox müsəlman dinlərinin harada və necə yarandığı ilə bağlı onları yanlış məlumatlandıran Abbasilərin qurbanı ola bilərmi?

Den Gibsonun bu araşdırmasından sonra rəsmi qurumlara və səlahiyyətli şəxslərə müraciət edilərək, kamera qarşısında müzakirə təklif edilsə də, hələ ki, qəbul edən olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi