Bəzi qadınlar evliliyə bu tələbatının ödənilməsi kimi baxır-TƏFƏRRÜAT
İllər keçsə də, sosiologiya, psixologiya, tibb kimi sahələr inkişaf etsə də, amma bəzi məsələlər öz həllini tapmır. Yəni, o inkişaf həmin məsələləri həll edə bilmir. Məsələn, gənc qızların, yəni özünü inkişaf etdirməmiş, məktəbli qız uşaqlarının vaxtından tez ərə verilməsi kimi proseslər davam edir. Bu, bəzən zorla, basqıyla yox, hətta ərgən yaşına çatmamış qızların öz seçimi ilə də baş tutur. Bu məsələdə psixoloqlar, sosioloqlar həyəcan təbili çalıb, valideynlərə müraciətlər ünvanlasalar da, istənilən nəticə əldə olunmur.
Məsələnin kökündə nəyin dayandığını öyrənmək üçün tanınmış psixoloq Samirə Bağırovaya müraciət etdik. Psixoloq Faktmedia.az-a bildirib ki, tez ərə getmək istəyən qadınların müxtəlif səbəbləri var:
"Bir qisim sırf cinsi istəyindən dolayı evliliyə məhz cinsi tələbatının ödənilməsi kimi baxır. Bu məsələni həm bəylərə, həm də xanımlara aid etmək olar. Hətta belə müraciətlər olunur ki, "yoldaşım mənimlə ən çox söhbət edir, mənim isə daha çox cinsi tələbatımın ödənilməsinə ehtiyacım var". Buradan nəticə çıxarmaq olur ki, ailə qavramı bir qisim cütlüklərdə yoxdur. Digər xanımlar ailə və çevrənin basqısından qurtulmaq üçün məsələn "yaşın keçir, nə vaxt ərə gedəcəksən, nə vaxt uşaq dünyaya gətirəcəksən" kimi səbəblərdən gənc yaşda özünü artıq yaşlı və ailə qurmağa gecikmiş kimi hiss edir. Digər bir qism xanımlar ailədəki şiddətlərdən ərə getməyi çıxış yolu kimi görür. Ümumiyyətlə, ailə sözü çox yanlış şəkildə təbliğ olunub illərlə. Hər kəsin ərə getməkdə böyük bir gözləntisi var, halbuki bu azad bir seçimdir, bir həyat tərzidir. Təhsil kimi, iş kimi. Karyera qurmaq, inkişaf etmək kimi bir seçimdir. İnsan istədiyi yaşda ailə qura, yaxud ümumiyyətlə, qurmaya da bilər. Düşünürəm ki, ilk başda valideyinlər məhz qız uşaqlarına təhsil və iş əldə etməklərini aşılasa bu problem halına gəlməz. Problem özü vəziyyət deməkdir. Vəziyyəti çıxılmaz edən də, özünə uyğun edən də şəxs özüdür".
S. Bağırova əlavə edib ki, yeniyetmələrin tez ailə qurma məsələsinə gəldikdə isə bu bir başa yanlış valideyin-övlad münasibətlərinin göstəricisidir:
"Hazırda çalışdığım bir çox yeniyetmələr və gənclər valideyinlərindən şikayətçidirlər. Natamam hüquqa sahib olan yeniyetmələr valideyin himayədarlığında olduqlarından fikirlərinə məhəl qoyulmur, tam hüquqa sahib valideyin himayədarlığından azad olmuş gənclər isə vicdan manipulyasiyası altında əzilirlər. Problem ata və analarda, daha dəqiq desəm analardadır".