“Əvvəllər sahibkarlar rahat şəkildə ölkədən pulları çıxarır, xaricə “mal almaq” adı altında göndərirdilər”
“Azərbaycanda gömrük qanunvericiliyi var. Hökumət deyir ki, xaricə avans formasında pul ödəyirsənsə, bunun müqabilində müəyyən müddətdən sonra ölkəyə məhsul və xidmət gəlməlidir. Gəlmirsə, Mərkəzi Bankın səlahiyyətidir ki, şirkəti məbləğin 20-30% civarında cərimələsin. Bu da məhkəmə yolu ilə baş verir. Vaxt bitəndən sonra malın ölkəyə gəlişi təsdiq olunmursa, banklar məlumatı Mərkəzi Banka göndərirlər, Mərkəzi Bank da həmin sənədlər əsasında məhkəməyə müraciət edir, şirkəti cərimələyir. Bu qayda əsasən ölkədən pul qaçırmağın qarşısını almaq üçün ortaya çıxıb”.
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Ekspertin sözlərinə görə, xüsusən 2015-ci ilə - devalvasiyayadək sahibkarlar rahat şəkildə ölkədən pulları çıxarır, xaricə “mal almaq” adı altında göndərirdilər: “Beləliklə, ölkədən pul “qaçırdı”. Sahibkarlar xaricə pul çıxarmaq üçün müxtəlif variantlara əl atırdılar. Onlardan biri də bu idi. Sonra qaydalar sərtləşdirildi. Amma burada qurunun oduna yaş da yanır. Məsələn, mən doğrudan da malımın gəlməsi üçün tədarükçüyə pul ödəyirəm, amma əmək tadarükçüsü pis çıxır, mənim isə ortada pulum gedir, məni aldadır, xidmət göstərmir, məhsulumu vermir. Digər tərəfdən də hökumət məni 30 faiz cərimələyir ki, niyə xaricə çıxardığın pul müqabilində ölkəyə mal gəlmədi? Bu da əlavə problem yaradır. Təkcə mal alışı ilə bağlı pul ödəməkdən söhbət getmir. Həm də mal satanda hökumət tələb edir ki, qoyduğu dedlayn müddətdən sonra malın satışı müqabilində ölkəyə pul daxil olmalıdır. Azərbaycan şirkətləri ixrac etməkdə çətinlik çəkirlər. Avans pul ala bilmirlər, istəyirlər ki, hansısa formada mallarını satsınlar. Biz hələ kiçik ölkəyik, şirkətlərimizin brendi tanınmır və s. Burada fırıldaqçılıq elementləri, yəni ölkədən pul çıxarmaq üçün mal göndərənlər ola bilər. Sabah gedib pulu xaricdə alar, ölkəyə pul gətirilməməsinə səbəb ola bilərlər. Amma digər tərəfdən satdığınız malın pulu doğrudan da ölkəyə gəlməyə bilər, şirkət sahibi də çox çətin vəziyyətə düşər. Ortada belə məqamlar da var. Düşünürəm, bu məsələlərdə sahibkarlar da, hökumət də haqlıdır. Ümumilikdə isə bu cür müddəalar olmasa, sabah bu işin “başını” yığa bilməyəcəyik. Adamlar xaricə rahat pul çıxarmaq üçün malı satacaqlar, pulu xaricdə alıb, ölkəyə gətirməyəcəklər. Yaxud da saxta şirkətlə müqavilə bağlayıb pulu göndərəcəklər, ölkəyə mal gəlməyəcək. Belə hallar çox ola bilər. Artıq məhkəmələr bu məsələlərlə bağlı daha həssas qərar verməlidirlər. Çalışmalıdırlar ki, həqiqəti ortaya çıxarsınlar. Doğrudanmı sahibkar vicdanlı sahibkardır, prosesdən əziyyət çəkib, yoxsa pulu çıxarmaq üçün fırıldağa əl atıb? Məsələləri real mahiyyətinə uyğun şərh edib qərar qəbul etmək lazımdır. Mərkəzi Bankın ucdantutma hamını cərimələməsi, təbii ki, biznes üçün problemlər yaradır. Qanun yaxşı qanundurmu? Bəli, yaxşıdır. Olmasa, sahibkarlar hamısı boşluqdan istifadə edə bilərlər. Lakin qurunun oduna yaş da yanmasın deyə Mərkəzi Bank da çalışmalıdır ki, bu halda daha obyektiv və sürətli davransın. Yəni dərhal qanunun punktlarına keçib “dərhal cərimələyim, cərimə gəlsin” prinsipi ilə məsələyə yanaşmaq olmaz. Dövlət bununla varlı olmayacaq, amma vicdanlı sahibkar üçün ciddi problemlər yarana bilər”.
Aytəkin Qardaşova