“Azərlotereya”nın dövlət büdcəsinə 54.7 milyon vergi ödəməsi çox müsbətdir — Deputat
"Ölkəmizdə "1XBET", "Mosbet" kimi qanunsuz qumar oyunları ilə insanların aldadılır. Həmçinin, bu cür oyunlar səbəbindən ölkəmizdən milyonlarla vəsait xaricə çıxarılır. Yəni, bu oyunların həm dövlətə, həm də cəmiyyətə böyük ziyanı var”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Deputat təəssüflə bildirib ki, bu oyunların sosial şəbəkələrdə təbliğatı-təşviqatı kifayət qədər yüksək şəkildə gedir:
"Bu oyunların əsas mənbəyinin harada olduğu da bilinmir. Təbii ki, bunlar vergi də ödəmirlər və Azərbaycandan kütləvi formada valyuta axını xaricə gedir. Bunların hamısını nəzərə alaraq həmişə demişəm ki, bizim dövlət nəzarətində olan "Azərlotereya" var. Hansı ki, şəffaf formada işləyir, dövlətin bütün vergilərini ödəyir. İstənilən formada bu təşkilatla bağlı hansı problem yaransa müraciət etmək olar. Ən azından biz bilirik ki, bu şirkət Azərbayxanda yerləşir, Azərbaycanda qeydiyyatdan keçib və bunun Azərbaycana da xeyri var. Ona görə də, mən “Azərlotereya”nın dövlət büdcəsinə 54.7 milyon vergi ödəməsini çox müsbət sayıram. Deməli, onlar düzgün və şəffaf işləyirlər. Bu bəxt sınamaq məsələsində heç olmasa reallığa yaxındılar".
Deputat bildirib ki, digər "bəxt oyunları" Azərbaycan büdcəsinə ciddi ziyanlar vurur:
"Hesab edirəm ki, bunlarla bağlı kibertəhlükəsizlik kimi addımlar atmaq lazımdır. Dəfələrlə bu barədə hökumət iclasında da fikirlərimi səsləndirmişəm. Hətta, Mərkəzi Bankın sədri və İqtisadiyyat Nazirliyinin rəsmi nümayəndələri iclasda olanda da bunları qeyd etdim. Artıq bununla əlaqədar addımlar da atılmağa başlanılıb.
Düşünürəm ki, ölkəmiz üçün bunun hərtərəfli xeyiri olacaq. Əgər bunların burada təbliğat təşviqatının qabağı alınsa, onlarla bu formada mübarizə aparılsa, bunun kifayət qədər Azərbaycan iqtisadiyyatına müsbət təsiri olacaq".
Xatırladaq ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2022-ci il üzrə maliyyə hesabatını təqdim edib.
2022-ci ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri ötən ilə nisbətən 487 faiz artaraq 258,2 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda da xeyli artım müşahidə olunub. Bu göstərici 2021-ci illə müqayisədə 642 faiz artıb.
Bununla yanaşı, şirkətin ümumi mənfəəti 225 faiz artaraq 20,9 milyon manatdan 67,8 milyon manata yüksəlib, xalis mənfəəti isə 442 faiz artaraq 41,1 milyon manata çatıb.
2022-ci il ərzində şirkət 16,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 6,7 milyon manatdan 23,5 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya” ASC-nin 2022-ci ilin sonu cəmi aktivləri 87,7 milyon manat təşkil edib. Şirkətin 2021-ci ilin sonunda cəmi aktivləri 31,9 milyon manat olub.