Əmək və sosial siyasət komitəsinin iclasında
Sentyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Musa Quliyev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfinin növbəti təxribat törətdiyini qeyd edib. Bildirib ki, rəşadətli Azərbaycan Ordusunun hərbçiləri bu dəfə də düşmənə layiqli cavab verib, strateji yüksəklikləri azad ediblər. İclas iştirakçıları döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Musa Quliyev bugünkü iclasın gündəliyində 8 məsələnin, bunlardan 6-sının bir sıra qanunlara dəyişikliklərlə bağlı layihələrin olduğunu söyləyib.
Komitə sədri əvvəlcə, 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə danışıb. Bildirilib ki, ötən sessiyalarda komitə səmərəli fəaliyyət göstərib. Bu müddətdə komitənin 11 iclası keçirilib, 25 məsələyə baxılıb. Belə ki, komitədə “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə və digər qanun layihələri müzakirədən keçərək Milli Məclis tərəfindən qəbul olunub. Bununla yanaşı, komitə üzvləri Şuşa şəhərində keçirilən “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusunda dinləmədə iştirak ediblər.
Diqqətə çatdırılıb ki, keçən sessiyada komitəyə 887 sənəd, o cümlədən vətəndaşlardan 430 ərizə, nazirliklərdən və idarələrdən 365 cavab məktubu daxil olub. Komitəyə ünvanlanan müraciətlərdə pensiya, ünvanlı sosial yardım, mənzil problemi və digər məsələlər qaldırılır. Həmin məsələlərin həlli istiqamətində müvafiq işlər görülüb. Bununla yanaşı, komitənin sədri və üzvləri mütəmadi olaraq seçicilərlə görüşlər keçirib, onların qayğıları ilə maraqlanıblar.
Sonra Musa Quliyev komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Qeyd edilib ki, bu sessiyada bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əllilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.
Daha sonra iclasda bir sıra qanunlara təklif olunan dəyişikliklərlə bağlı sənədlərə baxılıb.
İlk olaraq parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial xidmətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.
Bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub. Həmin sənəddə qeyd edilən tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək.
Bununla əlaqədar olaraq, adı çəkilən qanunlara təklif olunan dəyişikliklər vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən şöbə müdiri Adil Vəliyev bildirib ki, sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.
Sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verilib. Qeyd edilib ki, Məcəllənin İşəgötürənin əsas hüquqları adlanan 11-ci maddəsinə işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüququnu təsbit edən bənd əlavə edilir. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri adlanan 65-ci maddəyə edilən dəyişikliyə görə, işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələrinin nəzərə alınması ilə bağlıdır.
67-ci, 78-ci və 179-cu maddələrdə edilən dəyişiklik müvafiq olaraq işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsində, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin çevrəsinin genişləndirilməsində, işçilərin iş yerlərinin orta əmək haqqının saxlandığı halların müəyyən edilməsində məhz peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə müvəffəq olmuş, yeni ixtisasa yiyələnmiş və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsil almış şəxslərə üstünlük verilməsini təsbit edir.
“Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) təqdimatında diqqətə çatdırılıb ki, sənəd “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2021-ci il 24 dekabr tarixli qanunun icrası məqsədilə hazırlanıb.
Bildirilib ki, layihəyə əsasən, “Büdcə sistemi haqqında” qanunda “toplu maliyyə balansı” anlayışının ləğv edilməsi, qanunun 7-ci maddəsinə uyğun olaraq 15.4-cü maddəsinin dəqiqləşdirilməsi nəzərdə tutulub. Qeyd olunub ki, İşsizlikdən sığorta fondu öz statusuna görə hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu olduğundan “İşsizlikdən sığorta haqqında” qanunun 20-ci maddəsinə müvafiq dəyişiklik təklif olunur. Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikasının Hesablama Palatası “Büdcə sistemi haqqında” qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və həmin büdcədənkənar dövlət fondlarının icrasına dair illik hesabatlara rəy verir. Bura Azərbaycan Respublikasının Dövlət Neft Fondu, dövlət sosial müdafiə fondu, işsizlikdən sığorta fondu aid edilib. Həmin qanunun tələbləri ilə bağlı dəyişikliklər “Hesablama palatası haqqında” qanunun müvafiq maddələrində öz əksini tapıb.
Komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvü Jalə Əliyeva çıxış edərək müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərinin açıqlayıblar.
İclasda 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər məqbul hesab edilib, komitənin payız sessiyası üçün iş planı təsdiq edilib, təqdim olunan 6 qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi