Dələduzluq hallarında cinayət məsuliyyəti üçün nəzərdə tutulan 500 manatlıq maddi norma dəyişməlidirmi? - Vəkillərin rəyi
Azərbaycan qanunvericiliyinə uyğun olaraq, cinayət işi əsasında cəzalandırmanın tətbiqi üçün minimum 500 manat məbləğində dələduzluq faktı olmalıdır. Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur. Daha az məbləğli dələduzluq halları üçün ciddi cəza mexanizmləri mövcud olmadığından dələduzlar bundan sui-istifadə edir. Belə olan halda 500 manatdan az məbləğdə də cinayət məsuliyyəti nəzərdə tutulmalıdırmı? Bu məbləğlə bağlı qanunvericiliyə dəyişiklik edilməlidirmi?
E-huquq.az mövzu ilə bağlı vəkillərin mövqeyini öyrənib.
Vəkil Bəxtiyar Hacıyev hesab edir ki, dələduzluq işlərində məbləğin azaldılması əvəzinə inzibati tənbeh müddətinin uzadılması daha effektiv olar: "Tarixən İnzibati Xətalar Məcəlləsində “xırda-talama” olmuşdur. Orada yazılır ki, özgə əmlakını ələ keçirdikdə, özgə əmlakının dəyəri olmalıdır. Qanunvericilikdə əmlakın nominal dəyəri müəyyənləşdirilir. Bir neçə dəfə islahatlar olub və 500 manat məbləğ müəyyənləşdirilib. Əgər 500 manatdan az məbləğə də cinayət məsuliyyəti yaranarsa, onda ölkədə cinayət işlərinin sayı kütləvi şəkildə arta bilər. Ola bilər ki, bu məbləğ 300 manata endirilsin və ya 1000 manata qədər qaldırılsın. Maddi hüquqi normanın dəyişməsi cinayətin statistikasına o dərəcədə də təsir etməyəcək. Qanunvericilikdə inzibati həbslə bağlı olan inzibati tənbeh nəzərdə tutulmuşdur. İnzibati tənbehin tətbiqetmə müddətinin artırılması ilə bağlı hüquqşünaslar çoxsaylı çıxışlar etsə, daha yaxşı olar. Yəni, xırda talama ilə bağlı inzibati xətanın maddi hüquq normasının sanksiyasının artırılması doğru olar. Məsələn, 2 ay nəzərdə tutulan inzibati həbs 6 ay edillməlidir. Mənə elə gəlir ki, bu fikir daha dəqiq, konstruktiv yanaşma olar. Hesab edirəm ki, belə olsa, gələcəkdə xırda talamaların qarşısı alınar".
Vəkil Gülnarə Xudabaxışova hazırki qanunvericilikdə nəzərdə tutulan norma ilə razı olduğunu bildirib: "Sadəcə olaraq, problem ondan ibarətdir ki, dələduzluq faktı ilə bağlı olan işlərdə bəzən hansısa səbəblərdən dolayı cinayət işi başlanmır. Hansı ki, orada dələduzluq hadisəsi baş verib. Maddi norma məsələsində isə hesab edirəm ki, inzibati qaydada həll edilməsi daha məqsədəmüvafiqdir. Bu, həm məhkəmələrin, eyni zamanda istintaq orqanlarının iş yükünə də bu müsbət təsir göstərir. Qeyd edim ki, məhkəməyə müraciət olunduqda inzibati qaydada dəymiş ziyan vətəndaşa ödənilir. Belə xırda şeylərə görə şəxsi cinayət məsuliyyətinə cəlb etmək fikrimcə, düzgün deyil".
Vəkil Turan Abdullazadə deyib ki, dələduzlara qarşı mübarizə üsulları və metodikaları təkmilləşdirilməlidir: "Bildiyimiz kimi, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məcəllədə nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Bu Məcəllənin 227-ci maddəsində göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Mülkiyyət əleyhinə digər cinayətlərdən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlakın sahibi olan şəxs öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Buna görə də bu cinayətin törədilməsini sübut etmək, cinayətin subyektiv cəhətini- motivini müəyyən etmək olduqca çətindir. Dələduzluq cinayəti mülkiyyət əleyhinə olan digər cinayətlərdən fərqli olaraq hər hansı zor tətbiqi ilə müşahidə olunmur. Etibar edən şəxs necə deyərlər, cinayəti törədən şəxsdən hər hansı bir “zərbə” gözləmir. Etibardan sui-istifadə etmə adətən zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin daha bir spesifik xüsusiyyəti həmin cinayətin motivi (şəxsin niyyəti) ilə bağlıdır. Yəni, əməl o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Belə desək, şəxs ona etibar edən şəxsi aldadaraq zərərçəkənə məxsus əmlakı ələ keçirməmişdən daha öncə beynində öz “kirli” niyyətini formalaşdırmış olur. Həmin “kirli” niyyəti müəyyən edərək bunu sübuta yetirmək bir çox hallarda hüquq mühafizə orqanları üçün mümkün olmur.
Bundan əlavə bildiyimiz kimi, Avropa Konvensiyasının 16 sentyabr 1963-cü il tarixdə Fransanın Strasburq şəhərində imzalanmış 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi zamanı əməl yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyəti olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi cinayət deyil, mülki mühakimə icraatı qaydasında baxılır.Qeyd olunduğu kimi, borc və pul məsələləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi (AİHM) azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməməsini Avropa İnsan Hüquqları Konvensiyası və onun protokollarını ratifikasiya etmiş dövlətlərə tövsiyyə etmiş və bir sıra qərarlarında pul mübahisələri ilə bağlı şəxslərin həbs olunmasının yolverilməz olduğu qənaətinə gəlmişdir. Avropa Məhkəməsinin mövqeyinə hər kəs borcuna görə yalnız əmlakı ilə cavabdehdir. Şəxsin əmlakı əmlakı yoxdursa, nə canı, nə də azadlığı ilə məsuliyyət daşımamalıdır. Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması prinsipini rəhbər tutan Avropa İnsan Haqları Məhkəməsi (AİHM) genişləndirici təfsirlə bu prinsipin dələduzluq əməllərinə münasibətdə də tətbiqini mümkün hesab etmişdir.
Buna görə də ölkəmizdə hüquq mühafizə orqanları dələduzluq faktları ilə bağlı cinayət işləri başlamaqda maraqlı deyil. Nadir hallarda bu işlər üzrə cinayət işləri başlanır. Bir çox hallarda cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilərək vətəndaşa mülki qaydada məhkəmələrə müraciət edilməsi tövsiyyə olunur. Buradan da aydın olur ki, vətəndaşa istər 500 manatadək, istər 500 manatdan artıq məbləğdə ziyan vurularkən əksər hallarda bunu sübuta yetirərək cinayət işinin başlanılması barədə qərar qəbul etmək çətin olduğundan şəxs cinayət məsuliyyətdən kənarda qalır.
Bir vəkil kimi düşünürəm ki, burada əsas problem ziyana görə məbləğin artırılıb-azaldılması deyil. Əsas məsələ əməldə cinayət tərkibinin olduğunu sübuta yetirmək üçün imkanların az olmasıdır. Bunun bir səbəbi də dələduzların “toruna” düşən vətəndaşların əlində cinayət məsuliyyətinə cəlb etməyə əsas verən mötəbər sübutların olmamasıdır. Şəxsi təcrübəmdən misal çəkərək bildirmək istəyirəm ki, hətta vətəndaşlar bəzən 20.000 manata yaxın pul verdikləri dələduzun ad və soyadını, yaşadığı yeri belə bilmir. Bəzən dələduzların şəxsiyyətini belə müəyyən etmək mümkün olmur. Buna görə də ilk növbədə, dələduzların qurduğu “tələyə” düşməmək üçün vətəndaşlar ayıq-sayıq olmalı, tanımadığı şəxslərin şəxsiyyətini müəyyən etmədən kiməsə pul vəsaiti və ya hər hansı dəyərli əmlak verməməlidirlər. Hesab edirəm ki, bu sahədə qanunvericiliyə dəyişiklik yox, qanunun tətbiqindəki və ümumi praktikadakı boşluqlar aradan qaldırılaraq dələduzlara qarşı mübarizə üsulları və metodikaları təkmilləşdirilməlidir".
Vəkil Əfifə Əsgərova isə deyib ki, burada cinayət məsuliyyətinin yaranmasının mənfi və müsbət tərəfləri ola bilər: "Əgər vurulan ziyan 500 manatdan azdırsa, İnzibati Xətalar Məcəlləsinin 227-ci, yəni xırda talama maddəsi ilə müvafiq cəzalar tətbiq olunur. Mən hesab edirəm ki, 500 manata qədər olan məbləğin də Cinayət Məcəlləsi qanunvericiliyi ilə nəzərdə tutulmuş cəza cəzalandırılması, cinayət sayılması bir tərəfdən müsbət nəticələr versə də, mənfi nəticələri də olacaq və məhkəmələrə tez-tez əsassız şikayətlər daxil ola bilər. Və ya bu normadan sui-istifadə halları arta bilər. Çünki cəmiyyətimizdə xırda borc alış-veriş halları kifayət qədər çoxdur. Bir tərəfdən əsassız şikayətlərin sayı arta bilər, digər tərəfdən zərərçəkmişə ziyan vuran şəxsə inzibati cəza veriləndə ona vurulan ziyanı tələb etmək hüququnu məhdudlaşdırmır".
Vəkil Abbas Quliyev də 500 manatlıq maddi normanın məqsədəmüvafiq hesab edir: "Hər məsələ cinayət hesab edilməməlidir. İctimai təhlükəlilik baxımından 500 manat məbləğ məncə düzgün məbləğdir. Hətta fikrimcə, bu məbləğ 1000 manata qaldırılmalıdır".
Vəkil Emin Kiçikbəyovun sözlərinə görə, burada hər hansı məbləğ rol oynamamalı, dələduzluq faktı varsa, cinayət işi başlanmalıdır: "Əslində İnzibati Xətalar Məcəlləsi nəzərdə tutur ki, 500 manatdan yuxarı olmalıdır, amma baxır hansı hallarda. Məsələn, əgər sən saxlanc yerindən 500 manatdan aşağı, 100 manatdan yuxarı pul oğurlayırsansa, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilə bilərsən. Amma saxlanc yeri olmayan hər hansı yerdə oğurluq edirsənsə, yaxud şəxsi aldadıb məbləği alırsansa, o zaman dələduzluq maddəsi ilə cəlb edilə bilərsən. Faktiki olaraq oğurluq məsələsi 500 manatdan aşağı olsa da, saxlanc yerindən oğurlayanda o maddənin tərkibinə düşür. Dələduzluqda isə fərqlidir, burada həmin maddə 500 manatdan yuxarıdır. Fikrimcə, dələduzluqda hər hansı məbləğ rol oynamamalıdır, cinayət işi açılmalıdır. 500 manatdan az məbləğdə dələduzluq edən sonra da bu kimi əməllərə davam edəcək. Niyə bunun üçün cinayət işi açılmamalıdır? Düşünürəm ki, əslində burada məbləğin rolu olmamaldır".