Yeni Laçın yolunda şərtlər: Sülhməramlılar bundan sonra... - Hərbi ekspert
Laçın Azərbaycan ərazisidir, sadəcə olaraq zaman məsələsi var idi. Rus sülhməramlıları da Laçın dəhlizinə ömürlük gəlməmişdilər. Onların yeni Laçın yoluna yerdəyişməsi ilə bağlı özlərinəməxsus mühəndis qurğularını götürməsi də təəccüblə qarşılanmamalıdır. Buna baxmayaraq biz görürük ki, rus sülhməramlılarının komandanı Andrey Volkov separatçılarla görüşür və onlara hansısa vədlər verir. Halbuki həmin komandan 10 noyabr üçtərəfli razılaşmaya uyğun müəyyən işlər görməli idi.
Bildirilir ki, bu fikirləri ekspert Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, Laçında sökülən sülhməramlıların qurduğu postlara heç ehtiyac yox idi: "Sadəcə olaraq indi onlar yeni yola keçirlər. Ona görə də, Volkov orada qalmış ermənilərə müəyyən "vədlər" verməyə çalışır. Ekstaz vəziyyətinə düşən ermənilər isə yüz metrlik rus bayraqları ilə dəli kimi o yana, bu yana qaçır. Buradan da bir şey anlamaq olmur. Onlar bəlkə də, rus sülhməramlılarının Azərbaycan ərazilərini ermənilər üçün "özəlləşdirəcəyini" düşünür. Amma rus bayrağı ilə ermənilərin ora-bura qaçmağının heç bir mənası və perspektivi yoxdur. Hətta Volkov iddia edir ki, yeni yolda da "köhnə qaydalar" işləyəcək. Amma bu, belə olmayacaq. Çünki yeni Laçın yolunda Azərbaycan Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin postları, məntəqələri olacaq. Onların buradakı fəaliyyətini Azərbaycan hökuməti tənzimləyəcək".
Hərbi ekspert xatırladıb ki, üçtərəfli razılaşmanın 6-cı bəndinə uyğun olaraq, Ermənistanla Qarabağı birləşdirən yola sülhməramlıların nəzarət mexanizmi nəzərdə tutulub: "Yeni Laçın yolunda isə rus sülhməramlıları Azərbaycan Sərhəd Xidmətindən sonra ərazidə yerləşəcək. Ruslar kimin gəlib-getdiyini deyil, Azərbaycan Sərhəd Xidməti ölkəyə kimi buracaqsa, həmin marşrutu müşayiət edəcək. Ona görə də, yeni yerdəyişmə labüd idi. Eyni zamanda yeni Laçın yolunda sülhməramlıların əvvəlki özbaşınalıqları baş tutmayacaq. Artıq Azərbaycan Dövlət Sərhəd Xidməti Azərbaycan-Ermənistan dövlət sərhədindən ölkə ərazisinə daxil olan hər kəsi yoxlayacaq".
Üzeyir Cəfərova görə, yeni Laçın yolu Azərbaycana yeni imkanlar verir: "Həmin yeni imkanlar da gərginliyi aradan qaldırmış olacaq. Biz də hədəflərimizi buna kökləməliyik".