Avropa İttifaqı ilə imzalanacaq saziş Azərbaycana nə verəcək? - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmiz ilə Avropa İttifaqı arasında yeni saziş imzalanacağını açıqlayıb.
Dövlətimizin başçısı bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparıldığını vurğulayıb:
"Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq. Əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”.
Xatırladaq ki, cari ilin fevral ayında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu il Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi imzlanacağını açıqlayıb. Nazir, tərəflər arasında yeni sazişin imzalanması ilə bağlı danışıqların 2017-ci ildən başladığını və 1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək yeni sənədin daha əhatəli olacağını deyib.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, bu sazişlə bağlı uzun müddətdir danışıqlar gedir:
"Vaxtilə Avropa İttifaqında Azərbaycanla assosiativ saziş bağlanması gündəmdə idi, amma Azərbaycan fərqli bir sənəd təqdim etdi. Təbii ki, Avropa İttifaqı ilə bağlanacaq müqavilə Azərbaycanın Avropa institutlarına inteqrasiyası və Azərbaycan ilə Avropa institutlarının bir qədər də yaxınlaşması baxımından əhəmiyyətlidir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra Avropa institutları ilə münasibətlərini normallaşdırıb və Avropa Şurasının Parlament Assambleyasında təmsil olunub. Həmçinin, bu illər ərzində ikitərəfli münasibətlər formalaşıb. Əlbəttə ki, demokratik institutların bir qədər də inkişaf etdirilməsinə ehtiyac var.
Azərbaycan tarix baxımından yeni müstəqillik əldə edən dövlətdir. Bu baxımdan, ölkəmizdə demokratik təsisatların bir qədər də inkişaf etməsinə ehtiyac var. Eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Avropa institutlarının ikili standartlardan çıxış etdiyini də görürük. Hesab edirəm ki, sazişin imzalanması bu məsələlərə də müsbət baxımdan öz töhfəsini verəcək".
Elmir