azia.az
azia.az

Bəxtiyar Sadıqov, bəlkə bəsdir! - Ahıl jurnalist iddialarından əl çəkmir

6-06-2022, 17:40

Bəxtiyar Sadıqov, bəlkə bəsdir! - Ahıl jurnalist iddialarından əl çəkmir
Bir zamanlar mətbuata dördüncü hakimiyyət deyirdilər. Bu o zaman idi ki, sözün dəyəri vardı, sözün yükündən qorxu vardı. Ən əsası o zaman hər yoldan keçən SÖZ demək səlahiyyətinə və imkanına malik deyildi. Lakin 5-ci kolonun təlimatı və yerli funksionerlərin təşkilatçılığı ilə zaman-zaman dördüncü hakimiyyət taxtdan salındı. Ramiz Mehdiyev – Əli Həsənov cütlüyü sayəsində mediaya qarşı bir neçə istiqamətdə dağıdıcı iş aparıldı:

Birincisi, mətbuatın dolanışıq yeri kəsildi. Nəticədə heç bir müstəqil mətbuat ayaqda qala bilmədi.

İkincisi, mətbuatın dediyi həqiqət hər vasitə ilə təkzib olundu. Yəni ki, “yalan ayaq tutub yeridi”.

Üçüncüsü, jurnalistikada peşəkarlara qarşı kütləvi təzyiqlər başladı. Həqiqəti yazan bir çox jurnalistlər müxtəlif təzyiq yolu ilə mətbuatdan uzaqlaşdırıldı.

Dördüncüsü, mətbuatın yüyəni xüsusi adamların əlinə verildi. O adamların ki, onlar 1953 yerə işləyirdi. Belə adamlarınsa məqsədi həqiqəti yazmaq yox, korporativ hədəflər idi. Bu adamlar vaxtilə 5-ci kolonun Azərbaycandakı əsas dayaqlarının – Ramiz Mehdiyevlə Əli Həsənovun hesabına ölkədəki sağlam atmosferi korladılar, məddahlıq ənənələrini mətbuatda bərqərar elədilər. Bu adamlar yavaş-yavaş cəmiyyətin üst qatına daşındı. Onların bir çoxu “media kapitanı” statusuna layiq görüldü. Bu ada layiq görülənlər isə “yağ içində böyrək” kimi bəslənildi. Fəxri adlar, pulsuz mənzillər, mükafatlar və hətta deputat mandatı da o adamlara verildi.

Bu yazımızda “media kapitanları”nın biri – Bəxtiyar Sadıqov haqqında söz açacağıq. O Bəxtiyar Sadıqov ki, 22 ildir Milli Məclisdə lövbər salıb. 20 ildir ki, Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin baş redaktorudur. Bundan əlavə, 71 yaşlı jurnalist Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Mətbuat Şurası İdarə Heyətinin, KİV-in İnkişafına Dövlət Dəstəyi Müşahidə Şurasının, Respublika Ağsaqqallar Şurasının Məclis üzvüdür. Əməkdar jurnalist olan Bəxtiyar müəllim həm də “Şöhrət” ordenlidir. Digər mükafatlarını da sadalayıb çox vaxt almaq istəmirik. Demək istədiyimiz odur ki, pensiyaçı-jurnalist Ramiz Mehdiyev bulağından su içmiş, Əli Həsənov xeyir duası almış əsas yazarlarımızdandır. Bəxtiyar Sadıqov 5-ci kolonun ölkəmizdəki təmsilçiləri olan bu iki şəxsin ən sevimli kadrlarından biridir.

Bunu biz demirik, faktlar deyir. Bir vaxtlar Bəxtiyar Sadıqov təkcə özünü yox, bütün “Azərbaycan” qəzetinin yaradıcı heyətini Ramiz Mehdiyevin təbliğinə səfərbər etmişdi. Fikrimizin sübutu üçün 2018-ci ildə çapdan çıxmış “AKADEMİK RAMİZ MEHDİYEV” (Mehdiyev Ramiz Ənvər oğlu), Biblioqrafiya (BAKI-2018) kitabında Bəxtiyar Sadıqovun akademik R.Mehdiyev haqqında yazdığı məqalələrin siyahısını göstərsək, bizcə kifayət edər. Və diqqətli oxuculara onu da xatırladırıq ki, Biblioqrafiyada təqdim olunmuş məqalələrin böyük hissəsi, təxminən 80 faizi (1600-ə yaxın məqalə və materiallara istinadlar var) müxtəlif vaxtlarda “Azərbaycan” qəzetində çap olunub və əksər məqalənin müəllifi də Bəxtiyar Sadıqovdur. Bu da onu göstərir ki, Bəxtiyar Sadıqovun işi-gücü Ramiz Mehdiyev haqqında onun Azərbaycanda alternativsiz siyasi xadim olmasını vəsf edən məqalələr yazmaq, onun kitablarını redaktə etmək olub. Belə olan halda, o, 20 il deputat olduğu Ağdam seçiciləri ilə görüşə necə vaxt tapıb gedə bilərdi ki?! Ən maraqlısı da odur ki, o, redaksiya əməkdaşlarını da Ramiz Mehdiyev haqqında məqalələr yazmağa məcbur edib.

Qəribə burasıdır ki, dövran dəyişəndən sonra Ramiz Mehdiyev haqqında yazılmış bu çoxsaylı məqalələr “Azərbaycan” qəzetinin saytından yoxa çıxıb. Bu isə Bəxtiyar müəllimin şəxsi keyfiyyətinin göstəricisidir.

Yuxarıda Bəxtiyar müəllimin yaşını təsadüfən xatırlamadıq. Ahıl jurnalist bütün mənalarda qocalsa da, iddialarından əl çəkmir. Son nəfəsinədək mandatlı kresloda oturmaq istəyir. Bütün gücünü də bu istiqamətə səfərbərlik etdiyi üçün jurnalistika yaddan çıxıb.

Bu gün mətbuat hadisələrin önündə deyil, arxasınca sürünür. Hələ dövlət dövlət orqanlarını təmsil edən mətbuatı demirik. Bu mətbuat Respublika Prezidenti İlham Əliyevin çağırışlarından çox-çox geridə qalıb. Rəsmi mətbuatımızın dövlət başçısının siyasəti və tələbləri ilə ayaqlaşmaması acı bir həqiqətdir. O cümlədən də, “Azərbaycan” qəzeti…

Çox təəssüf ki, bu qəzet nəinki cəmiyyətimizə, heç orqanı olduğu Milli Məclisə güzgü tuta bilmir.

Ona görə də ahıl Bəxtiyar Sadıqova deyirik ki, “bəlkə bəsdir…”
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi