Vüsal Kərimlidən millətin canı NƏ ZAMAN QURTARACAQ? - HƏQİQƏTƏN DƏ...
Dünən Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib. Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, NİİM-in rəhbəri postuna polis polkovnik-leytenantı Namidan Piriyev təyin olunub. N.Piriyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti DİN-in tabeliyinə verilib. Bu qurum əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub.
NİİM-in DİN-ə verilməsi nəyi dəyişəcək?
BNA-nın fəaliyyətini daim tənqid edən deputat Rüfət Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərində tənzimləmə və idarətmə prosesinin DİN tərəfindən daha uğurlu həyata keçiriləcəyinə inanır. Onun fikrincə, bu, yollarda tıxacların azlamasına, işıqforların düzgün tənzimlənməsinə, ictimai nəqliyyatın işinin daha yaxşı olacağına inam yaradır:
"Bakı sürətlə inkişaf edən şəhərdir. Azərbaycana hətta pandemiya ilində də xaricdən 20 faiz həcmində avtomobil alınaraq gətirilib. Bunun tənzimlənməsi, optimallaşdırılması, daha effektiv işləməsi sonda insan rahatlığına səbəb olur. Hesab edirəm ki, DİN bunun öhdəsindən gələ biləcək".
Parkinqlər yaradılmamış dayanma-durmaya görə cərimələr əsassızdır!
R. uliyev vətəndaşları ən çox narahat edən cərimə məsələsinə də toxunub. Deputat bildirib ki, parkinq yerləri müəyyən olunmamış sürücüləri dayanma-durmaya görə cərimələmək düzgün deyil:
"Əgər parkinq yerləri təşkil olunarsa, qanunsuz dayanma-durmaya görə cəriməyə haqq qazandırmaq olar. Amma mütləq parkinqlər yaradılmalıdır. Mənim də hər zaman vurğuladığım məhz parkinqlərin yaradılmasıdır. BNA-dan da tələbim ondan ibarət idi ki, əvvəlcə yerlər yaradılmalıdır ki, sürücülər pulunu ödəyib avtomobilini parkinqdə saxlaya bilsin. Ondan sonra kimsə orada qanunu pozursa, cərimə edilməlidir".
Deputat onu da qeyd edib ki, şəhərin mərkəzi ilə şəhər kənarı üçün parkinqə görə fərqli tariflər tətbiq olunmalıdır.
DİN-dən gözlənti böyükdür
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, DİN-in bu sahədə təcrübəsi və bazası daha böyükdür:
"Ona görə də bununla bağlı ciddi dəyişikliklər olacağını deyə bilərik. DİN-in təhlükəsiz şəhər kameraları var, eyni zamanda mərkəzi kommunikasiya idarəsi fəaliyyət göstərir. Hazırda İKT sahəsində DİN-in təcrübəsi genişdir. Həmin təcrübəni NİİM üzərindən də inkişaf etdirmək mümkündür".
Ekspert deyir ki, gözləntilər əsasən vətəndaş məmnunluğu, nəqliyyatın intellektual idarə edilməsinin sözdə yox, əməldə icra edilməsi ilə bağlıdır:
"Bir çox ölkələrdə yollardakı işıqforlar özləri nəqliyyat axınını tənzimləyir. Hansı işıqfora "yaşıl dalğa" verilməli olduğu avtomatik tənzimlənir. Sıxlıq olan yollar barədə sürücülərə əvvəlcədən məlumat verilir. Nəqliyyat hadisələri baş veribsə, sürücülər məlumatlandırılmalıdır. BNA-da isə NİİM kameraları bir növ cərimə yazmaq vasitəsinə çevrimişdi".
Kamera ilə cərimə yazılması qanunsuzdur
Ekspert bildirir ki, indiyədək kamera vasitəsilə vətəndaşlara dayanma-durmaya görə qanunsuz cərimələr yazılıb. Onun sözlərinə görə, hazırkı qanunvericilikdə kamera ilə dayanma-durma qaydasını pozan sürücülərə cərimə yazılması öz əksini tapmayıb. Bu layihə Milli Məclisə yeni göndərilib:
"BNA-nın kamera vasitəsilə dayanma-durmaya görə sürücüləri cərimələməsi haqlı narazılığa səbəb olmuşdu. Çox yaxşı olardı ki, yol polisi bunu nəzərə alsın. Çünki qanunda olmayan bir məsələni tətbiq etmək özü qanunsuzluqdur".
BNA-nın kameraları hələ də cərimə yazırmı?
Sürücüləri maraqlandıran əsəs məsələlələrdən biri məhz NİİM BNA-dan alındıqdan sonra dayanma-durmaya görə kamera vasitələri ilə cərimələrin yazılıb-yazılmamasıdır. BNA-dan sorğumuza cavabda bildirildi ki, hazırda kamera vasitəsilə dayanma-durmaya görə cərimələrin yazılması davam etdirilir.
NİİM-dən isə bildirdilər ki, təhvil-təslim prosesi hələ yekunlaşmadığından, kamera vasitəsilə dayanma-durmaya görə cərimələrin yazılması səlahiyyətini BNA davam etdirir.
Mənbə:My Webpage