Azərbaycanda məmur harınlığı niyə bitib-tükənmir... - AKTUAL
Azərbaycanda məmur özbaşınalığı... Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin “keçmiş” müdiri, 2019-cu ildə ölkə başçısı tərəfindən dövlət qulluğunda uzunmüddətli fəaliyyətinə görə, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Sultan Dadaşovun məmur adına yaraşmayan xoşagəlməz davranışlarını əks etdirən videosu yayıldı. Məmur, sürücüsü ilə problem yaşayır. Haqsız olduğu halda, düşüb moped sürücüsünü təhqir edir və vurur. Sultan Dadaşov sonradan bu aqressivliyini səhhəti ilə əlaqələndirdi. Daha sonra onun azad edilməsi və həbs edilməsi kimi xəbərlər mətbuatda yayılmağa başladı. Bu hadisədə kimdir günahkar?
Öncə qeyd edək ki, pandemiyada başlayandan paytaxt yollarında motosikllərin və mopedlərin sayı kifayət qədər artıb. Və bu nəqliyyat vasitələrini çox zaman sürücülük hüququ olmayan, yol hərəkəti qaydalarını bilməyən şəxslər idarə edir. Mopedlər mühərrik gücü 50 sm-dən az olduğu üçün onlara dövlət nömrə nişanı verilmir və bu nəqliyyat vasitələrini sürücülük hüququ olmadan da idarə etmək mümkündür. Nəticədə yol hərəkətini bilməyən sürücülər yollarda qəza şəraiti yaradır. Bunun üçün dövlət mopedlərin qeydiyyata alınmasını və sürücülərin sürücülük vəsiqəsi alması istiqamətində işlər görür.
Nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, videodan hadisənin Mikayıl Müşfiq küçəsi ilə İzzət Nəbiyev küçəsinin kəsişməsində baş verdiyi görülür: “Burada üstünlük moped sürücüsünün hərəkət etdiyi Mikayıl Müşfiq küçəsindədir. Yəni moped sürücüsü Lexusa yol verməli deyil”. Dia.az-ın məlumatına görə, deputat Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, nümunəvi cəmiyyət dünyanın heç bir ölkəsində yoxdur. Onun sözlərinə görə, məmur, deputat kim olursa, olsun yolda düşüb kimisə döymək qəbuledilməzdir:
“Şəhərdə hərəkət etdiyiniz zaman Bakıda motosikl, moped və skuterlər böyük problem yaradır. Bununla bağlı mən müraciət etmişəm. Problem budur ki, bunların dövlət qeydiyyatı yoxdur. Həmin skuterlərin mühərrik gücü 40 cm-dən azdır. Bunların dövlət nişanı olmadığı üçün qəzalar baş verən zaman onları tapmaq da mümkün deyil”.
Rüfət Quliyev bildirib ki, son dövrdə bu tip nəqliyyat vasitələrinin iştirakı ilə 2000-ə yaxın qəza baş verib. Və cəmi 10 faiz cəzalandırılıb. Deputat bildirib ki, ölkədə özbaşınalığın qarşısı alınmasaydı, 250 min manat dəyərində avtomobil idarə edən məmur cəzalandırılmazdı: “Baş verənlər ölümdən pisdir, biabırçılıqdır. Ailəsi, qohum-əqrabası, hakimiyyət hamısı gördü və bildi. Ədalət prinsipi var. İctimai nəzarət bir az güclü olsa öz effektini göstərər”.
P.S. Bu günlərdə qarşılaşdığımız hadisə məmur özbaşınalığı deyil, məmur harınlığı və məmur aqressiyasıdır. Və nəzərə alın ki, bu məmurun vəzifəsi çox yüksək deyil. İndi siz bir də yüksək vəzifəli məmurların vətəndaşlarla davranışını düşünün…
Mövzuya qayıdacağıq.
Mənbə:My Webpage