azia.az
azia.az

Sülh müqaviləsi Zəngəzur mahalında imzalansın - GÖZƏL TƏKLİF!

9-04-2022, 11:22

Sülh müqaviləsi Zəngəzur mahalında imzalansın - GÖZƏL TƏKLİF!
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:

- Zahid müəllim, Azərbaycanın hərbi, siyasi, diplomatik müstəvidəki üstünlükləri artıq göz önündədir. Ölkəmizin beynəlxalq müstəvidə artan uğuru necə analiz edilməlidir?

- Diplomatiya tarixində çox nadir hallarda yaşanan bir haldır ki, hərbi meydanda məğlub olan tərəf hansısa bir siyasi gedişlə, müxtəlif xarakterli manevrlər və yaxud xarici təsirlə, himayə amili ilə özü üçün əlverişli üstün mövqe hasil etsin. Bununla da zaman qazansın, daha sonra hərbi meydandakı şərtləri dəyişsin. Beləliklə də nəticə etibarı ilə sonrakı zamanda arzu etdiyi hansısa müqavilələr imzalasın. Amma bu, hər daim belə olmur. Tarixdə istisna hadisələr var. Məsələn 90-cı illərdə Ulu öndər Heydər Əliyev məhz onu bacarmışdı. Amma böyük ölçüdə ən azı yüz illik dövrə baxsaq, Ermənistanla Azərbaycan arasındakı proseslərdə 1920-ci ilin müxtəlif sənədləri gündəmə gətirilir. Moskva müqaviləsi, Atatürklə Lenin arasında olan razılaşmalar, daha sonra 1923-cü ildə Qarabağın “muxtar vilayət” statusu ilə bağlı aparılan addımlar və s. Belə olan təqdirdə biz ona baxırıq ki, Prezident İlham Əliyev özünün diplomatik, siyasi, həm də hərbi keyfiyyətləri, xüsusiyyətləri ilə o liderlər kateqoriyasındadır ki, apardığı strategiyanı hər müstəvidə uğurla sona çatdırmağı bacarır. Yəni, 44 günlük savaşı qazanan bir dövlətin rəhbəri qəti şəkildə hansısa paytaxtda olmasına baxmayaraq, aparılan danışıqlara məhz oradakı yekunlarla daxil olur. Bu bizim üstünlüyümüzdür. Diplomatiyada, siyasətdə, informasiyada olan qələbəmizdir. Əks halda sözün həqiqi mənasında bu danışıqları keçmiş dövrün bəlli zamanın müxtəlif formatlardakı görüşlərlə, hamımızında da növbətçi açıqlamalarımız və şərhlərmizlə heç cür müqayisə etmək mümkün deyil.

- Sizcə, bu, gözlənilən idi?

- Gözlənti o idi ki, 2010, 2012, 2015-ci illərdəki hansısa bir görüş problemi sona çatdırsın, ədalətli yekun vursun və ərazilər işğaldan azad olsun. Belə olası deyildi. Dövlət başçısı da bunu daha çox deyirdi.

- Brüssel platformasına dönsək, hansı gedişlər, siyasi yanaşmalar önə çıxdı?

- Avropa Birliyi II Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan münasibətlərinə fəal bir şəkildə qoşulmağa çalışır. Eyni zamanda Avropa Birliyi özünü ədalətli münsif kimi təqdim etməyə cəhd göstərir. Hər bir halda indiki situasiyada bu alınır. Çünki şəxsi münasibətlər də beynəlxalq münasibətlər aləmində özünəməxsus rol oynayır. Biz yaxşı bilirik ki, Avropa İttifaqının sədri Şarl Mişellə Prezident İlham Əliyev arasında çox yaxın dostluq, qarşılıqlı anlaşma, strateji planın birgə izlənməsi və s kimi məsələlər mövcuddur. Nəticədə burada yüksək bir balans və ədalətli davranışlar var. Çox yaxşı xatırlanır ki, Ş.Mişel Bakıya səfəri zamanı “Dağlıq Qarabağ” termini və bir sıra məfhumlardan özünü kənarda saxlamışdı. Amma Qarabağ savaşından sonra regiondan mövqeləri sıxışdırılaraq çıxarılmış ayrı-ayrı dövlətlərin hər bir davranışı, addımı onların konqreslərində, digər xarakterlə adlanan parlamentlərində verilən reaksiyalar bəlli bir dövlət tezislərinin hamısı xeyrimizə deyildi. Doğrudur, bizə o nəticəyə görə qalxan çox az qüvvə olub. Biz onları da beynəlxalq təşkilat adlandıra bilmərik. Fərdi, qrup hansısa bir mərkəzi dairələr olsa da, onlar məhz sadaladığımız səpgidəydilər.

- Siz yəqin ki, Avropa Birliyinin Azərbaycan və Ermənistana ayırdığı maliyyə paketindəki disbalansı xatırlayırsınız?

- Bəli, Avropa Birliyinin Ermənistana 2,6 milyard avroluq yardımı bəyan etməsindən sonra Prezident İlham Əlyevin sərt iradəsi fonunda bizimlə də bağlı 150 milyon avroluq qərardan daşınaraq onun 2 milyard avroya çatdırılması mövqeyi sübut edir ki, Qərb proseslərə həm də iqtisadi təsir rıçaqlarının gözü ilə baxır. Onlar bu bölgəni zamanında itiriblər. İndi isə onu qazanmağa cəhd edirlər. Prosesdə rol almaq həm də o deməkdir ki, regionun gələcək taleyində iştirak edirsən. Bu da açıq tezislərlə desək, Rusiya-Ukrayna müharibəsinin rolundan qaynaqlanır. Məhz bu ondan ibarətdir ki, Brüsselin aktivliyi Azərbaycan və Ermənistan tərəfindən qəbul olunur. Lakin Ermənistanın durumu həddindən artıq ağırdır. O müharibənin yekun raundunda Rusiya sülhyaradıcı qüvvələrinin prosesə qoşulması fonunda tamamilə Moskvanın asılığındadır. Azərbaycanın isə meydanı böyük və genişdir. Belə olan şəraitdə Ermənistan hər dəfə danışıqlar raundunda özünü narahat hiss edir. Amma xatırlayaq ki, ötən ilin 26 noyabrında Soçidəki görüş və ondan əvvəl tərəflər arasındakı lokal toqquşmanın baş verməsinin ardınca 14 dekabr 2021-ci ildə Brüsseldəki birinci görüş, nəhayətdə aparılan 5 saata yaxın danışıqlar Ş.Mişelin kifayət qədər yüksək və məmnun bir naturada məlumatları təqdim etməsi ilə yadda qaldı. Həmin bəyanatda isə ATƏT-in Minsk qrupuna rast gəlinmədi və Qarabağ termini əvəzinə Cənubi Qafqazda sülh əmin-amanlıq, çiçəklənmə, rifah, kommunikasiyaların açılması kimi məsələlər vurğulandı. Digər tərəfdən Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin başlanması istənilmişdi. Bununla bağlı bu ilin aprelin sonuna kimi kommisiyanın yaradılacağı bildirilib. Nəhayət, sülh müqaviləsinin hazırlanması istiqamətində xarici işlər nazirlərinə tapşırıq verilib.

- Bunlar yekun sülhə yaxınlaşmaq üçün nə dərəcədə keçərli sayıla bilər?

- Bu o deməkdir 10 noyabr və 11 yanvar 2020-ci ilə razılaşmaları fonunda Brüssel dövrü, Azərbaycanın 5 müddəalıq sülh müqaviləsini özündə daşıyan bir xətt üzərindən Qərbin də proseslərdə aktiv iştirakı görünür. Biz yaxşı bilirik ki, regionda hal-hazırda nələr baş verir. Amma qlobal sistem hətta nüvə müharibəsi təhlükəsi qarşısında olduğu bir dövrdə Qafqazlar Azərbaycan SSRİ-nin dağılmasından sonrakı dövrdə tamamilə fərqli bir siyasi iradə ortaya qoyur. Biz sülh, dialoq təhlükəsizlik üçün addımlar atırıq. Bu əslində nümunə olmalıdır. Biz Rusiya-Ukrayna müharibəsinin dayanmasında qardaş Türkiyə ilə meydanda iki dövlət qalmışıq. Yerdə qalanların isə hamısı bütün başqa vasitələrlə “Yox hələ tezdir, dayanmasın müharibə. Daha çox dağılmaq üçün imkanlar var və qarşılıqlı qırğınların artırılması üçün sizə dəstək verəcəyik", - kimi bir siyasi kurs reallaşdırırlar. Ona görə də bizim üçün Brüssel danışıqları nəhayətdə Qarabağın quruculuğuna diqqətin yönəlməsidir. Bu sadə bir şəkildə Rusiyanın başı qarışıb Qərb prosesi öz iradəsinə götürür. Ötən günlərdə ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəngi o demək idi ki, onlar Brüssellə bütün prosesləri sinxronlaşdırır. Yəni bütün məsələlər haqqında raportlar verilib mesajı ötürülüb.

- Brüssel danışıqları Türkiyə və Rusiyanın iradəsindən kənardadır - yanaşmasını irəli sürənlər üçün hansı əks-arqumentləri deyə bilərsiz?

- Bu danışıqlar tamamilə Türkiyə və Rusiyanın iradəsindən kənarda altenativ bir müstəvi deməkdir - bu, çox bəsit və məhdud bir yanaşma olardı. Burada yenə də qardaş Türkiyənin rolu, yeri, danışıqlar prosesinin bütün həlqələrində önəmli statusu qorunub saxlanmaqdadır. Azərbaycan elə bir qələbə qazanıb ki, tarixi planda Ermənistanın bölgədə nəhayətdə sülh müqaviləsini imzalayaraq türk dünyası ilə düşmənçiliyinin ortadan qalxmasına bir imkan yaranıb. Azərbaycanın qələbəsinin böyüklüyü məhz bundadır. Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi ilə bağlı müddəa həmin bəyanata daxil edilib. Buna hazırlıq komissiyanın fəaliyyəti, bu çərçivədə görüləcək işlər həm də sərhəd ərazilərində toqquşmanın aradan qaldırılması üçündür.

- Sərhədlərin tanınması ilə bağlı müddəaların Brüssel bəyanatında yer alması bizim üçün hansı üstünlüklər qazandıra bilər?

- İki dövlət arasında delimitasiya və demarkasiya tam aparıldığında bu, avtomatik olaraq Azərbaycanın ərazi bütövlüyünün hələ sülh müqaviləsi imzalanmamışdan öncə tanınması deməkdir. N.Paşinyan özü də çox arzulayır ki, sülh müqaviləsini imzalasın. Çünki o yaxşı başa düşür ki, xalq resursu yoxdur. Ordunu ən azı 20 ilə qura bilməyəcək. Bölgədə böyük bir türk coğrafiyasında 85 milyonluq türk xalqı, 30 milyona yaxın İran azərbaycanlıları, 10 milyondan artıq azərbaycanlı, o cümlədən Orta Asiyadakı türk xalqları var. Ona görə də N.Paşinyan realistcəsinə təhlil edir ki, onun Qarabağla bağlı iddiaları Ermənistanın sözdə varlığına son qoyur.

- Yekun sülh müqaviləsi üçün bu görüşün mahiyyət etibarı ilə təsir imkanları və detallarının müzakirəsi baxımından əhəmiyyətini necə şərh etmək olar?

- Brüssel danışıqları sülh müqaviləsi üçün növbəti bir addım oldu. Bu, Prezident İlham Əliyevin o turnelərə danışıqlara, görüşlərə yüksək bir diplomatik, siyasi, hərbi səriştə ilə daxil olması, xalqın iradəsini ora daşımaq bacarığı, məharəti ilə birbaşa bağlıdır. Biz ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında belə bir müqavilə imzalanacaq. İki ölkə arasında kommunikasiyalar açılacaq. Lakin çox arzulayardıq ki, bu müqavilə Zəngəzur mahalında imzalansın. Bunun həm də tarixi əsası var. Həm də keçmişdən bu yana gələn bir ənənənin qorunub saxlanması olar. Müqavilənin Qərbi, Şərqi Zəngəzurda imzalanması əsas deyil. Burada BMT baş katibi, ATƏT-in, Avropa Birliyinin, region dövlətlərinin başçıları da iştirak edə bilər. Sülh müqaviləsinin Zəngəzur mahalında imzalanması Prezident İlham Əliyevin yüz il bundan sonrakı strategiyasının əsası olacaq. Bunu tariximiz qarşısında xalq, millət olaraq Kürəkçaydan, Gülüstandan, Türkmənçay müqaviləsindən, 1918, 1920, 1923-cü ildə baş verənlərin xüsusi anlamı var. Amma indiki zamanda elə bir hadisə baş verib ki, bütün erməni dünyası məcbur olub Azərbaycan dövlətinin bu bölgədə varlığını qəbul etsin. Bundan başqa onlara alternativ qalmayıb. Prezident İlham Əliyev öz tarixi missiyasını məhz bunda görür. Ümidvarıq ki, bu da baş verəcək.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi