azia.az
azia.az

Kür quruyursa, Bakıda da kimsə qalmayacaq... - Ekspert danışır

18-03-2022, 21:02

Kür quruyursa, Bakıda da kimsə qalmayacaq... - Ekspert danışır
"Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq".

Bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.

O bildirib ki, insan təbiətin bir hissəsidir və o özünü nə qədər güclü hesab etsə də təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır:

"Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. 30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”, - deyə alim xəbərdarlıq edib.

Su ehtiyatlarının qiymətləndirilməsi məsələsinə toxunan Zakir Eminov bu işin sonuncu dəfə 50 il qabaq aparıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, artan əhalinin suya olan tələbatını təyin etmək üçün bu çox vacibdir:

“Təbii sərvətlərdən istifadəyə münasibət köklü şəkildə dəyişilməlidir, kompleks tədbirlər planı işlənilməli, təbii ehtiyatlardan istifadəyə dövlət nəzarəti gücləndirilməlidir. Əks təqdirdə, bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qala bilər. Hər şey bizim özümüzdən asılıdır”.

Qeyd edək ki, son günlər mütəxəssislər tərəfindən Kürün quruması və bunun da təhlükəli hal alması barədə xəbərdarlıqlar səslənir.

Xatırladaq ki, bir neçə il öncə Kürün daşması səbəbindən baş verən təbii fəlakət nəticəsində bəzi rayonlara ciddi ziyan dəymişdi. Hazırda isə əksinə, Kürdə suyun azalması müşahidə edilir. Bu günlərdə Baş nazir Əli Əsədov “Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb ki, burada mövcud problemlərlə bağlı tapşırıqlar yer alıb.

Kürün quruması və ümumiyyətlə, həmin ərazidə yaranmış problemlərlə bağlı Kür ətrafı rayonların əhalisinin köçürülməsi mümkündürmü? Dia.az xəbər verir ki, memar Cahid Həsənov Cebhe.info-ya açıqlamasında bildirdi ki, əhalinin Kürlə bağlı orada yaranacaq hər hansı problemin dəqiq hansı formada olması, əlaqədar qurumların işidir və rəsmi açıqlama ilə bilinə:

“Belə hal olarsa, dünya memarlığında şəhərsalma ilə bağlı təbii hadisələr olan yerlərdə əhalinin digər ərazilərə köçürülməsi mərhələsi başlanır.

Ola bilər ki, bu müvəqqəti xarakter daşısın, yaxud daimi ola bilər. Ümumiyyətlə, hər hansı çayın, dəryanın daşıb, boşaldığı, silsilə şəklində problemlərin olduğu ərazilərdə əhalinin belə ərazilərdə yaşaması qadağan olunur. Yəni bu bölgədə fəsadlar olursa, yaxud az olursa, təbii olaraq əhalinin orada sıx yaşaması əvvəldən planlaşdırılmır, yaxud sonradan köçürülürlər. Heç bir ərazi, o cümlədən Kürətrafı ərazi də təbii fəlakətlərdən sığorta olunmayıb.

Belə vəziyyət yarandıqda əhalinin köçürülməsi mərhələ-mərhələ təmin olunur. Müəyyən bir ərazidə müvəqqəti yaşayış xarakterli ola bilər, yaxud ümumi bir boşluq sahə götürülüb 300-500 ailənin tam köçürülməsi planlaşdırıla bilər. Ancaq yaxşı olardı ki, belə hallarda, fəsadlar çox olandan sonra addımlar atılmasın. O bölgədə, ərazidə sıxlığın qarşısı tam alınır, yaşayış massivinin çoxalması, əhaliyə orada rəsmi şəkildə tikintiyə icazə verilməsi qadağan olunur, başqa ərazilərdə boşalma mərhələsi gedir. Ancaq Kürlə bağlı rəsmi şəkildə açıqlama olarsa, əhalinin köçürməsi tam şəkildə sürətlə başlanmalıdır”.

Ekspert deyir ki, həmin ərazidə daimi məskunlaşmaq məqsədəuyğun deyil:

“Təbii fəlakət baş alıb gedə, insan tələfatına səbəb ola bilər. Ona görə də sığortası olmayan, çayboyu zolaqlarda əhalinin məskunlaşması qeyri-qənaətbəxşdir. Bu ərazilərdə icra orqanları tərəfindən sərəncamların verilməsi və fərdi yaşayış evlərinin tikilməsi, hər hansı iaşə obyektinin tikilməsi məqsədəuyğun deyil.

Ümumiyyətlə, həm texniki, həm də vizual, memarlıq və şəhərsalma qaydaları baxımından yaşayış binalarının, ticarət obyektlərinin çayın sahilində olması məqsədəuyğun deyil. Bu şəhərin estetik tərtibatı baxımından da uyğun deyil. Çünki gələn turistlər çayın qırağında dincəlmək istəyir. Təəssüf ki, belə ərazilərdə tikililərin olması turistlərin gəlməsinin də qarşısını alır. Bu, süni şəkildə yaranmır. Burada təbii fəlakət olmasa belə, vizual görünüşünün genişmiqyaslı olması şəhərin tərtibatı, turistlərin gəlməsi, ümumiyyətlə, memarlıq mədəni-irsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımında ardıcıllıqla tikililərə izacə verilməsi qəti yolverilməzdir. Təəssüf ki, belə hallarla üzləşirik”.

Ekspert Kürətrafı ərazilərdən əhalinin paytaxta köçürülməsi fikri ilə razılaşmadığını deyir:

“Onsuz da Bakıda sıxlıq var, getdikcə də çoxalır. Mütləq deyil ki, Bakıya köçürülsünlər. Həmin rayonun ərazisində başqa bir məhəlləyə köçürülə bilərlər. Regionlarda o qədər boşluqlar var ki, hətta qonşu rayona köçürülə bilər. Bakıda ümumiyyətlə, tikilən bina sıxlığı çoxdur və gəlin, regionlardan gələnlərlə, bina sıxlığı ilə onun dinamikasını, potensialını, simvolunu öldürməyək. Sıxlıq partlayışı olarsa, artıq turist axınının qarşısı da alına bilər. Belə bir problemin olmaması üçün Bakının özü boşaldılmalıdır”.



Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi