Deputat: “Birinci vitse-prezidentin çoxşaxəli fəaliyyəti ölkəmizin tərəqqisinə mühüm töhfələr verir”
“20 fevral 2017-ci il tarixi Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə ilə yaddaşda qaldı. Məhz bu tarixdə ölkəmizdə dövlət idarəçiliyində yeni çağırışlara uyğun olaraq həyata keçirilən əməli islahatlar, 2016-cı ildə keçirilmiş referendum, Konstitusiyaya olunan dəyişikliklər fonunda Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Birinci vitse-prezidenti kimi öz fəaliyyətinə başlayıb.
Onun istənilən uğuru istedadına, həsrət aparacaq intuisiyasına, möhkəm iradə, insanları arxasınca aparmaq bacarığına əsaslanır”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Məzahir Əfəndiyev deyib.
Onun sözlərinə görə, Mehriban xanım Əliyeva öz nümunəsi ilə ən böyük nailiyyətimiz olan müstəqillik tariximizin yaradıcısı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ənənələrini qoruyan, inkişaf etdirən ictimai və siyasi xadim zirvəsini xalqın könlündə fəth edib.
“Bu gün xalqımız Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidentinin timsalında ölkəmizin bu gününün və sabahının inkişafını təmin edən Möhtərəm Prezidentimiz İlham Əliyevin yaxın silahdaşını və fədakar yardımçısını görür. Onun ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti insan həyatının ən vacib sahələrinin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.
O, həmçinin Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olub. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir”- o qeyd edib.
Deputat əlavə edib ki, Mehriban xanım Əliyeva hələ müstəqilliyimizin ilk illərindən başlayaraq irimiqyaslı, davamlı, uğurlu layihələrlə ölkəmizin milli mədəniyyətini dünyada layiqincə təbliğ edib: “Tam əminliklə deyə bilərik ki, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir, həm dövlətimiz və həm də dünya mədəniyyəti və incəsənəti üçün tarixi əhəmiyyət daşıyan proqramlar, layihələr həyata keçirib.
Milli-mənəvi dəyərlərimizin xaricdə və ölkə daxilində mütəmadi təbliğ olunması bir Azərbaycan xanımının dünyaya bəyan etdiyi yüksək tolerantlıq və mültikultural dəyərlərə sadiqliyinin əyani təzahürüdür.
Azərbaycan tarixinin, milli-mədəni irsinin dünyada uğurlu təbliğ olunması ilə yanaşı, ölkəmizdə gənclər sahəsinin, əsasən könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Mehriban xanımın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz onun əzmkar fəaliyyəti nəticəsində Azərbaycanın ev sahibliyi etdiyi mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yarandı. Bu tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vurğuladığı kimi könüllülərin yorulmaz, vətənpərvər, müasir çağırışlara cavab verən keyfiyyətlərinin yüksək olması ilə bağlı olub və bu hərakatı daha da canlandırıb. Ən əsası, könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş bu gün də müvəffəqiyyətlə davam etdirilir.
Qeyd olunmalıdır ki, tarixdə ilk dəfə keçirilən 2015 Avropa Oyunlarının yüksək səviyyədə, peşəkarlıqla keçirilməsində təşkilat komitəsinin sədri olaraq Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın əvəzsiz xidmətləri olub.
Çətin pandemiya günlərində ölkəmizdə yaşanan böhran zamanı da Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuş, onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı uğurla həyata keçirilib.
Mehriban Əliyevanın rəhbəriyi ilə Heydər Əliyev Fondunun 44 günlük İkinci Qarabağ-Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində məqsədyönlü və ardıcıl iş aparması danılmazdır.
Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının - Mehriban Əliyevanın adı xüsusi olaraq vurğulanır. Ona verilən yüksək adlar, şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar beynəlxalq aləmdə nüfuz və şöhrətə malik olduğunun bariz nümunəsidir.
“Hər bir vətəndaş dövlətinin və cəmiyyətinin inkişafı üçün təmənnasız kömək etməyi nəinki bacarmalıdır, bunu özü üçün bir vətəndaşlıq borcu kimi qəbul etməlidir. Həmişə öz ləyaqətini saxlamaq, özünə və prinsiplərinə sadiq olmaq!”. Mehriban xanım Əliyeva bu həyat devizi ilə yaşayır və uğurlar bir-birini əvəz edir”.