Müqayisəli dilçilik üzrə kitablar Mərkəzi Elmi Kitabxanaya təqdim olunub
Filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin ümumi və rus dilçiliyi kafedrasının mərhum professoru Aslan Məmmədlinin kitabları alimin ailə üzvləri tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim olunub.
Respublikamızda ümumi və müqayisəli dilçilik, rusistika və tərcüməşünaslıq sahələrində gənc tədqiqatçıların ən çox istinad etdikləri alimlərdən olan A.Məmmədlinin 1996-cı ildə müdafiə etdiyi “Сопоставительный анализ русской и азербайджанской фразеологии” doktorluq dissertasiyası ən yeni dövr Azərbaycan dilçiliyinə ciddi töhfələr verib. Nəşrdə müəllifin müqayisəli dilçilik sahəsində tədqiqat və çıxışları, dərin elmi araşdırmaları öz əksini tapıb. Əsərdə rus dilində rast gəlinən İncil frazeologiyalarının təhlili xüsusi maraq doğurur.
“Разговоры с Пушкиным” adlı topluda isə A.S.Puşkin yaradıcılığında Şərq, Avropa-Asiya və Qafqaz mövzuları haqqında müəllifin müxtəlif illərdə yazdığı məqalələr yer alır.
Məlumat üçün bildirək ki, rus, ingilis, fransız, alman və ivrit dillərini mükəmməl bilən mərhum professor Aslan Məmmədli MEK-in Nadir kitab fondunda mühafizə olunan ən qədim latın dilində kitabların annotasiyalarının Azərbaycan dilində yazılmasına könüllü olaraq köməklik göstərmişdir.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]