Rusiya Laçın dəhlizində Ermənistana meydan açıb - Sülhməramlı kar və kor oldu
Bu, nə birincidir, nə də sonuncu olacaq kimi görünür. Ta o zamana kimi ki, Laçın dəhlizi Azərbaycan hərbiçilərinin nəzarətinə keçəcək. Söhbət Rusiya sülhmərmamlı kontingentinin müvəqqəti məsuliyyət zonası olan Laçın dəhlizi vasitəsilə Fransa prezidentliyinə namizəd Valeri Pekres Fransanın keçmiş xarici işlər naziri və Avropa komissarı Mişel Barnierin müşayiəti ilə, həmçinin Fransa Senatındakı Respublikaçılar fraksiyasının lideri Bruno Riteylonun müşayiəti ilə qanunsuz olaraq Xankəndiyə səfərindən gedir.
Fransa prezidentliyinə namizəd, Parisin İl-de-Frans regionunun rəhbəri Valeri Pekressin Azərbaycan ərazilərini bu qanunsuz səfərinin baş tutması məyus doğurmaya bilməz. Paşinyan bir tərəfdən yeni prosesə qoşulur, digər tərəfdən təxribatını davam etdirir. Əsas məsuliyyət isə, sülhməramlıların üzərinə düşür. Üçtərəfli Bəyanatda da göstərilir ki, Laçın dəhlizi yerli əhalinin gəliş- gedişi üçün nəzərdə tutulub, xaricilərin yox! Əgər xarici vətəndaşların həmin ərazilərə səfər etməklə bağlı hər hansı bir istəyi varsa, bunu sivil şəkildə, beynəlxaq hüquq prinsiplərinə uyğun şəkildə öncə Azərbaycanla razılaşdırmalıdır.
Haqlı suallar ortaya çıxır: Rusiya sülhməramlılarının bunun qanunsuz səfər olduğundan xəbəri yoxdur? Əgər bu səfər kontingentə qarşı təxribat məqsədilə edilibsə, Rusiyaya qarşı təxribat məqsədi daşıyırsa, o zaman sülhməramlılar onların bu qanunsuz səfərinə niyə göz yumur?
Axı elə 2 gün bundan əvvəl Müdafiə Nazirliyinin geniş kollegiya iclasında Vladimir Putin kontingenti öyən açıqlaması ilə diqqət mərkəzinə düşdü. Kreml rəhbəri "Qarabağda rusiyalı sülhməramlıların olması sayəsində humanitar vəziyyət yaxşılaşıb" deyərək 3 il sonra missiyasının sona çatmaq ehtimalının yüksək olduğu kontingentinin fəaliyyətinin 2025-ci ildən sonra da Qarabağdakı fəaliyyətlərini davam etdirməsi zərurət hazırlamaqla yanaşı, rəsmi Moskvanın bu mövqeyində gözü olan Fransa və Ermənistana digər müttəfiq ölkələrə "biz öz işimizin öhdəsindən kifayət qədər yaxşı gəlirik" mesajı göndərməklə, Qarabağda şəriksiz fəaliyyət göstərmək niyyətini göstərmiş oldu. Lakin, bütün bunlar görünür quru kəlmələrdən başqa bir şey deyil.
"Artıq bir ildən çoxdur ki, sülhməramlılarımız Qarabağda sabitliyin qorunmasına kömək edirlər. Onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra bölgələrin ərazisi minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarixi və mədəniyyət abidələri qorunub saxlanılıb", - deyən Putinin ifadələrində göründüyü kimi bir kəlmə də olsun Qarabağa qanunsuz səfərlərin qarşısının alınması istiqamətində görülən tədbirlər, atılan addımlar barədə fikirlərə yer verilmir. Bəli, xəmirin olması üçün, xəlbir olmalıdır. Bəs o zaman sülhməramlılar nə üçün Laçın dəhlizində postlar qurublar? Təbii ki, 10 noyabr üçtərəfli bəyanatında da onların bu istiqamətdəki fəaliyyətlərinin hansı məsələlər olduğu barədə açıq qeydlər var. Orada da kontingentinin müvəqqəti məsuliyyət zonasında xarici vətəndaşların Azərbaycanın icazəsi olmadan daxil olmasının qarşısının alınacağı ilə bağlı xüsusi müddəa əksini tapır.
Putinin kontingenti ilə bağlı sözügedən açıqlaması heç qulaqlardan getməmiş belə bir xoşagəlməz hadisənin baş verməsi sülhməramlıların Laçın dəhlizindəki iş prinsiplərinin bu gedişlə Bakını heç cür qane etməyəcəyini göstərir. Bununla Rusiya Azərbaycanın etimadını, güvənini ciddi zədələyir ki, bu da sözügedən müddət bitdikdən sonra sülhməramlıların fəaliyyətinə elə birtərəfli qaydadaca xitam verilməsi ilə nəticələnə bilər. Çünki Putinin açıqlamasında da sadalanan humanitar vəziyyətin yaxşılaşdırılması, sosial infrastruktur obyektlərinin bərpası, tarixi və mədəniyyət abidələri qorunub saxlanılması sırf orada yaşayan ermənilər üçün görülən işləri əhatə edən məsələlərdir. Bəs Azərbaycanla bağlı götürülən öhdəlik niyə gözardı edilir? Rusiya niyə götürdüyü öhdəliyi yerinə yetirmir?
Bu ritorik sualların cavabı birdir: Rəsmi Moskva istəmir ki, ermənilər Qarabağdan getsin, onların orada qalıb yaşaması üçün bütün imkanlarından istifadə etməklə yanaşı, Moskva bu imkanlardan həm də Ermənistanın əsas havadarlarından olan, lobbisinin Avropada əsas məskunlaşdığı Fransanın da maraqları üçün istifadə edir. Putinlə Makron arasındakı son telefon danışıqlarının intensiv hal alması bu iddiaları biraz da artırır. Lobbinin istəyini nəzərə alan Fransa höküməti və gələcək namizədlər isə sifarişləri yerinə yetirərək ermənilərin səsinin qazanmaq üçün istənilən təxribata, istənilən qeyri-konstruktiv addıma, bəyanata hazırdırlar. Moskvanın belə bir məqamda onlara imkan yaratması isə rəsmi Bakıya qarşı böyük hörmətsizlikdir.
Bu proseslər bir məsələni zəruriləşdirir: Azərbaycan hərbiçilərinin ən qısa zamanda Laçın dəhlizində Rusiya sülhməramlıları ilə birgə fəaliyyət göstərməsi üçün danışıqlar intensivləşdirilməlidir. Bu qanunsuz addımlara qarşı Rusiya heçnə etmək istəmirsə, və yaxud etməyə gücü çatmırsa, Azərbaycan özü bu missiyanı yüksək səviyyədə icra edə bilər.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamaları ilə Xankəndinə edilən bu qanunsuz səfərlərin təşkili heç də uzlaşmır. Bir yandan Soçi və Berüssel görüşlərində əldə edilən istər kommunikasiyaların fəaliyyətə başlaması ilə bağlı, istərsə də sərhədlərin delimitasiya və demarkasiya məsələsilə bağlı proseslərin intensivləşməyində maraqlı olduqlarını göstərməyə çalışırlar, digər yandan da Qarabağa belə qanunsuz səfərlər təşkil etməklə Azərbaycanı danışıqlardan geri çəkilməsi ilə, dünyaya "Baxın, biz bu dəfə də sülh istəyən tərəf olduq, amma yenə Azərbaycan danışıqlardan yayınmaq yolunu tutdu" mesajı verməyə çalışır. Qısaca desək, Armen Qriqoryanın mesajı həm də beynəlxalq aləmədir, özləri haqqında müsbət imici formalaşdırmağa hesablanıb. Demək istəyirlər ki, müharibədə Azərbaycana məğlub olmalarına və xeyli itki vermələrinə baxmayaraq, qonşularla birbaşa dialoqa hazırdılar.
"Nə ABŞ-dan asılı olmaq, nə Türkiyənin əlində girov olmaq, nə də Avropada ikinci dərəcəli bir rola sahib ölkə olmaq istəmirik" deyən Fransa ana müxalifət partiyası olan Respublikaçıların prezidentliyə namizədi Valerie Pecressenin səfər zamanı separatçılarla görüş keçirməsi Bakını qıcıqlandırmaq üçün növbəti təxribatdan başqa bir şey deyil. Amma bu hadisədən sonra Armen Qriqoryanın "Ermənistan tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır. Eyni zamanda Azərbaycan və Türkiyə nümayəndə heyətlərini İrəvanda qəbul etməyə də hazırıq. Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etmək istəyir" açıqlaması İrəvanın qeyri-səmimi davranışından başqa bir şey deyil. Bunu istəyən bir hakimiyyət, bir dövlət belə bir həssas məqamda ancaq bu cür təxribatların qarşısını almaq, münasibətlərin normallaşdırılması üçün qarşı tərəfin maraqlarını nəzərə almaq lazımdır. Amma təəssüf ki, biz Ermənistanın yenə ikili davranışının şahidiyik.
Əgər İrəvan Bakı ilə birbaşa dialoqa hazır olduğunu deyirsə, bunu əməlləri ilə təsdiq etməlidirlər. Sülhməramlıların bu qanunsuz davranışları bir daha Rusiyanın vasitəçilikdə inhisarçı mövqeyini azaltmaqda faydanın olduğunu göstərir. Ona görə rəsmi Bakı heç bir vasitəçi olmadan birbaşa dialoq imkanlarından maksimum istifadə etməyə çalışmalıdır.
Çünki bu son proseslər bir daha Azərbaycana həyan oldu ki, qətiyyən bu cür "vasitəçilərə" - özünü sülh quşu kimi qələmə verənlərə bel bağlayıb arxayınlaşmaq olmaz. Başımızın altına yastıq qoyanların bundan sonra konstruktiv mövqe sərgiləyəcəklərini gözləmək özünü aldatmaqdır.
Təhməz Əsədov