Prezidentlər danışdılar, amma müharibə təhlükəsi ciddi olaraq qalır
Prezidentlər danışdılar, amma müharibə təhlükəsi ciddi olaraq qalır
ABŞ və Rusiya prezidentləri arasında ötən gün videorabitə vasitəsilə keçirilmiş kritik danışıqlardan sonra bütün nəzərlər Ukrayna ətrafına cəmləşdirilmiş Rusiya ordu qruplaşmalarının hərəkətinə yönəlib. Belə ki, Co Baydenlə Vladimir Putin arasında danışıqların əsas mövzusu Ukrayna ətrafındakı kritik situasiya barədə idi və bu baxımdan tərəflər arasında gərginliyin yumşaldılmasına dair hansısa sövdələşmə olubsa qoşunların ən azından qismən sərhəddən geri çəkilməsi baş verməlidir. Hələlik isə bunun əlamətləri görünmür və belə görünür ki, tərəflər hansısa ciddi anlaşma əldə etməyiblər.
Danışıqlar barədə Kremlin yaydığı məlumatda deyilirdi ki, prezidentlər “İkinci Dünya müharibəsi illərindəki müttəfiqlik münasibətlərini” yada salıblar. Və 2 saatlıq danışıqların əsas hissəsi “Ukraynadaxili böhranla bağlı problem” olub. Putin Kiyevin “destruktiv xətt” yürütdüyünü bildirib, eyni zamanda NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair möhkəm təminat tələb edib. Bildirib ki, alyans “Ukrayna ərazilərini mənimsəmək üçün” təhlükəli cəhdlər edir, o cümlədən Rusiya ilə sərhəd boyu hücum silahları yerləşdirir.
Ağ evin yaydığı məlumatda isə deyilir ki, prezident Bayden Rusiyanın Ukrayna sərhədləri boyu hərbi fəallığından narahatlıq bildirib. Əlavə edib ki, baş verənlər Avropanı da həyacanlandırır. “Bayden aydın şəkildə mesaj verib ki, Birləşmiş Ştatlar və müttəfiqləri hərbi eskalasiya baş verərsə buna qarşı qətiyyətli iqtisadi və digər tədbirlərlə cavab verəcəklər”,-məlumatda deyilir.
Ağ ev dəqiqləşdirib ki, prezidentlər danışıqların yekunu olaraq öz komandalarına “tədbirlər görmək” barədə tapşırıq veriblər. Bu da onların hər halda hansısa anlaşma əldə etdiyinə dəlalət edə bilər. Hərçənd bunun əlamətlərini müşahidə etmək üçün hələ tezdir. Eyni zamanda danışıqların ardınca Dövlət Departamenti bəyan edib ki, prezident Bayden NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair Rusiya tərəfinə heç bir təminat verməyib.
Hərbi hazırlıqlar isə davam edir və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, iki ölkə prezidentləri arasında aparılmış danışıqlara baxmayaraq Vaşinqtonda Rusiyanın Ukrayna sərhədlərinə yeni ordu birlikləri cəmləşdirmək planları barədə məlumat var. Onun sözlərinə görə, hazırda Rusiya Ukrayna sərhədləri boyu 100 batalyon-taktiki qruplaşması, yaxud 175 minlik canlı qüvvə səfərbər edib. Lakin zərurət yaranarsa bir neçə gün ərzində bu qüvvələr ikiqat artırıla bilər.
Birləşmiş Ştatlar isə gözlənilən Rusiya hərbi müdaxiləsinə qarşı Ukrayna ordusunun müdafiə imkanlarını artırmaq üçün öz mütəxəssislərini göndərməkdə davam edir. Donbassda fəaliyyət göstərən tanınmış ukraynalı könüllü Roman Donik bildirir ki, hava hücumundan müdafiə qüvvələrinin imkanlarını və ehtiyaclarını qiymətləndirmək üçün amerikalı hərbi mütəxəssislər Ukraynaya gəlib. O, habelə ABŞ-ın AN/TPQ kontrbatareya mübarizəsi sistemi yüklənmiş hərbi nəqliyyat təyyarəsinin də Kiyevə endiyini bildirib. Donik habelə bildirir ki, onun söhbətləşdiyi ukraynalı zabitlərdən biri ABŞ-dan çoxsaylı “Javelin” tank əleyhinə idarəolunan raketlərin də göndərildiyini danışıb. Həmin zabit deyib ki, zərurət yaranarsa “Javelin” raketlərini “qənaət etmədən” tətbiq edəcəklər.