azia.az
azia.az

QHT-lər pulsuz qalıb

17-11-2021, 17:56

QHT-lər pulsuz qalıb
"Agentlik məsuliyyəti öz üzərinə götürmür, çünki müsabiqənin elan edilməsi üçün hüquqi baza formalaşmayıb"

Cəsarət Hüseynzadə: "Yaxın vaxtlarda müsabiqənin elan olunmasına inamım azdır"

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən dövr ərzində QHT-lərin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməməsi vətəndaş cəmiyyətində müəyyən narazılığa səbəb olmuşdu. Bir sıra qeyri-hökumət təşkilatları problemə görə Agentliyi, yeni yaradılmış təşkilat isə digər müvafiq qurumları suçlamışdılar.

Milli Məclisdə büdcə müzakirələri zamanı Maliyyə naziri Samir Şərifov bu məsələyə də münasibət bildirib. Nazir qeyd edib ki, problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması barədə deyilənlər əsassızdır: “Maliyyə Nazirliyi və Nazirlər Kabinetinin nə marağı var? Sadəcə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var. Proses başa çatan kimi bu işlər də görüləcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır. Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri maliyyə nazirinin açıqlamasına münasibət bildiriblər. Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimli deyib ki, nizamnaməyə görə, Agentlik qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi üzrə müsabiqələri Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq təşkil etməlidir. Onun sözlərinə görə, bu qaydalar Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır. Həmçinin, qrant müsabiqələrinin təşkili, keçirilməsi, layihələrin qiymətləndirilməsi, əlaqələndirilməsi qaydası, hətta qrant maliyyələşməsinin yuxarı həddinin
müəyyənləşdirilməsi də Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənməlidir:

“Agentlik iyul ayında bütün bu məsələlərlə bağlı təkliflərini, daha sonra isə operativ olaraq rəyini təqdim edib. Təəssüf ki, Nazirlər Kabineti sənədlərin hazırlanması üçün müəyyən edilən vaxtda bu işləri başa çatdıra bilməyib. Bu sənədlər qəbul olunmadan Agentliyin qrant müsabiqələri keçirmək hüququ yoxdur. Agentlik məhz bu qaydalar əsasında qrant müsabiqələrini keçirə bilər. Qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır. Agentlik bir çox halda digər dövlət qurumları ilə əlaqədar olan məsələlərdə obyektiv çətinlikləri başa düşməyə və təmkinlə yanaşmağa çalışır. Lakin bir çox hallarda adekvat yanaşmanı görmürük və çalışırıq ki, işçi qaydada mövqeləri uzlaşdıraq, problemlərin mahiyyətini izah edək”.

Problemlə bağlı “Şərq”ə danışan “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib ki, 2021-ci dövlət büdcəsində QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan vəsaitin taleyi, başqa sözlə desək, Agentliyin qrant müsabiqəsi elan etməsi qeyri-müəyyən olaraq qalır. Qurum rəhbəri qeyd edib ki, Prezidentin 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən, 6 milyon 316 min 97 manat vəsait Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılıb.

Şura Katibliyinin “2021-ci il üçün Xərclər Smetasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 27 fevral 2021-ci il Sərəncamı ilə həmin vəsaitin 4 milyon 395 min 97 manatı layihələrin həyata keçirilməsi üçün QHT-lərə qrant verilməsi üçün nəzərdə tutulub: “Hər il təqribən 500 təşkilat QHT Şurası vasitəsi ilə qrant alırdı. QHT Şurasının ləğv olunması və onun bazasında Agentliyin yaranması müəyyən hüquqi prosedurların yaradılmasını zəruri etdi. Sözsüz, bu da müəyyən vaxt alan prosesdir.

Lakin bu səbəb heç də ötən 7 ay ərzində dövlət büdcəsində nəzərdə tutulan vəsaitin QHT-lərə təqdim olunmamasına haqq qazandırmır. Şuranın fəaliyyəti dövründə müsabiqələrin elan edilməsi ilə bağlı qərarlar daxili prosedurlarla həyata keçirdi. Lakin Agentlik yaranarkən bununla bağlı müəyyən dəyişiklik edilib. Fərmanın 7.3. maddəsində “qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının iki ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq edilməsi” nəzərdə tutulur. Bu gün QHT Agentliyinin müsabiqə elan etməsi üçün həmin meyarların təsdiq olunması vacibdir. Söhbət hesabda vəsaitin olub-olmamasından getmir. Həmin vəsaiti hansı qaydalara uyğun təqdim etməkdən gedir. Bu baxımdan Agentlik məsuliyyəti öz üzərinə götürmür, çünki müsabiqənin elan edilməsi üçün hüquqi baza formalaşmayıb. Bu meyarların hazırlanması və təsdiqi fərmanda Nazirlər Kabinetinin üzərinə qoyulub. Nazirlər Kabineti müvafiq dövlət qurumları ilə bu işi həyata keçirməlidir. Sözün qısası, QHT-lərin taleyi dövlət qurumları arasındakı ötür-ötür prosesindən asılıdır”.

C.Hüseynzadənin fikrincə, ümumiyyətlə, meyarla bağlı müddəanın tələsik formada fərmana salınması uğurlu variant deyildi: “Çünki bu meyarlarla bağlı da ciddi fikir ayrılıqları ola bilər.

Keçmiş təcrübə göstərir ki, bu tip qərarların hazırlanması və qəbulunda hər zaman keçikmələr olub. Bütün hallarda hazırkı şərait onu tələb edir ki, bu meyarlar qəbul edildikdən sonra qrant müsabiqəsi elan edilə bilər. Yaxın vaxtlarda həmin meyarların qəbulu və müsabiqənin elan olunmasına inamım azdır. Amma bu, o demək deyil ki, çıxış yolu yoxdur. Çıxış yolu hər zaman var. Müxtəlif mexanizmlərlə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulan vəsaiti QHT-lərə təqdim etmək olar. Bu vəsaitə QHT-lərin ehtiyacı var. Xeyli saytda ictimai birliklər sonuncu dəfə 2020-ci ildə maliyyə əldə edə biliblər və bir ildən artıq müddətdə ciddi çətinliklərlə üzləşiblər. Bu qrantlar QHT-lərin minimum öhdəliklərini həyata keçirmək üçün dövlət tərəfindən mühüm töhfə idi. Eyni zamanda problemin başqa tərəfi də var. Vəsaitin ayrılmaması Azərbaycanda QHT-lərin maliyyə imkanlarının azalması kimi beynəlxalq reytinqlərdə mənfi hal kimi xarakterizə olunacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi