Laçının 35 kilometr ərazisi xəritələrdən niyə “itib”? - HƏQİQƏTƏN DƏ...
Laçın rayonu işğal olunmazdan əvvəl bütün mənbələrdə ərazisi 1835 kv.km göstərilib. Amma işğaldan sonra bu rəqəm rəsmi olaraq 1800 kv.km göstərilir. Bildirilir ki, Rusiya mənbələri ilə yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında da rayonun ərazisi əvvəlki rəsmi göstəricilərdən 35 kvadrat kilometr kiçildilərək 1835 kvadrat kilometr əvəzinə, 1800 kvadrat kilometr göstərilib və bu günədək həmin yanlışlıq düzəldilməyib. Narahatlıq doğuran məqam budur ki, Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan “Laçın dəhlizi”nin ərazisi təxmini hesablamalara görə, məhz 35 kv.km-dir. Bu da o rəyi yarada bilər ki, sözügedən 35 kv.km ərazi ya Ermənistanın hüquqi tabeçiliyinə, yaxud nə vaxtsa ATƏT-in, Avropa İttifaqının, ABŞ-ın və s. dəstəyi ilə Qarabağın “statusu” “dirildiləcəyi” halda həmin separatçı qurumun “yurisdiksiyasına” verilsin.
Laçın alayının sabiq komandiri Arif Paşa “Yeni Müsavat”a bildirdi ki, nəinki 35 kvadrat kilometr, hətta 1 kvadrat metr vətən torpağı da qorunmalıdır və kənarda qoyulmamalıdır. Laçın rayonunun ərazisi rəsmən 1835 kvadrat kilometrdir. Ola bilsin Müdafiə Nazirliyində aidiyyəti adamların diqqətsizliyindən nazirliyin saytındakı xəritədə rəqəm düzəlişi edilməyib. Nazirlik yaxşı olar ki, bu uyğunsuzluğun səbəbini ictimaiyyətə açıqlasın və Laçın rayonunun ərazisi rəsmi saytda düzgün qeyd edilsin: “Ermənistanla Qarabağı birləşdirən Laçın dəhlizinin 7 kilometri Laçın rayonunun ərazisinə düşür. 10 noyabr üçtərəfli bəyanatında dəhlizin 5 kilometr enində olması nəzərdə tutulur. Onda belə çıxır ki, Laçının ərazisinin 35 kvadrat kilometrinin ”yoxa çıxması" məhz həmin dəhlizə görədir, dəhlizi sanki Laçın ərazisi saymırlar. Əgər belədirsə, deməli, 35 kvadrat kilometrin rəsmi saytda göstərilməməsinin arxasında xoş olmayan məqsədlər var. Bəlkə həmin ərazini Azərbaycandan qoparıb Ermənistanın hüquqi istifadəsinə birdəfəlik verməyi kimlərsə planlaşdırıb? Bəlkə Qarabağdakı separatçılara verilir? Bax bu cür suallar istər-istəməz meydana gəlir. Ona görə də Müdafiə Nazirliyi və digər müvafiq rəsmi qurumlarımız bu məsələyə bir aydınlıq gətirməlidir. İnşallah, ağlımıza gələn mənfi ehtimallar doğrulmaz, sadəcə, diqqətsizlikdən yaranmış texniki səhv olduğu versiyası rəsmi təsdiqlənər".