Qəbul imtahanlarına informatika fənni salınmalıdır
Osman Gündüz: "Dövlət İmtahan Mərkəzi deyir ki, informatikadan imtahan olsa hamı kəsiləcək"Elçin Əfəndi: "İnformasiya texnologiyalı yönümlü ixtisaslar vahid bir qrup halında birləşdirilməlidir"İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi Müasir dünyanı informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək qeyri-mümkündür. Azərbaycanda da informasiya texnologiyalarına (IT - Information Technology) artan maraq vətəndaşlarımız arasında bu sahə ilə bağlı dərin biliklərə yiyələnməyi labüd edib. Və bütün bunlardan irəli gələrək, ölkəmizdə IT sahəsinin tədrisi ilə bağlı dərsliklər çap olunur, kurslar, akademiyalar açılır, hətta orta məktəblərimizdə informatika dərslərinin daha erkən yaşlardan tədrisinə başlayırlar. Lakin çox təəssüflər olsun ki, bu günləri orta məktəblərdə bu fənnin tədrisi lazımi səviyyədə tədris olunmur. Fakt olaraq qeyd edək ki, bu illəri ölkəmizdə təxminən 5 min nəfər yaxın şagirdimiz İT və kompüter ixtisası üzrə ali məktəblərə qəbul olunub. Lakin son iki ildə abituriyentlərimiz informatikanı bir kənara tullayaraq məcburən kimya öyrənib ki, İT ixtisasa qəbul ola bilsin. Çünki bizim qəbul qaydalarına görə İT və kompüter ixtisasını seçənlər informatika əvəzinə kimyadan imtahan vermək məcburiyyətindədir. Qonşu ölkələrdə şagirdlərə aşağı siniflərdən başlayaraq informatika sahəsində əsas anlayışların, alqoritmlərin və kodlaşdırmanın öyrədildiyini deyən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında deyib ki, uşaqkən onlara rəqəmsal bacarıqlar da aşılanır. Ekspert qeyd edib ki, İT və kompüter ixtisası seçənlər qabaqcadan bu istiqamətdə təmayülləşir: "Ali məktəblərə qəbul üçün bu sahə üzrə bilik və bacarıqlar əsas götürülür. Yəni digər ölkələrlə müqayisədə bizdə İT və kompüter sahəsində ali məktəblərə qəbul olunan tələbələrin start vəziyyətləri “İnformatika, yoxsa kimya” problemi ucbatından kəskin dərəcədə fərqlənir. Biz İT sahəsi üzrə irəli getmək istəyən uşaqları sanki tutub saxlayırıq, onun belinə əlavə kimya da yükləyirik. Məktəbin və valideynin resurslarını fərqli istiqamətə yönləndiririk ki, uşaq İT üzrə irəli gedə, üstün mövqe qazana bilməsin. Hansı ki, kimya üzrə biliklər bir də heç vaxt ona lazım olmayacaq. Nəticədə isə universitetlərdə İT sahəsi üzrə ali təhsilin keyfiyyətində ciddi problemlər yaranır. Dövlət İmtahan Mərkəzi (DİM) deyir ki, informatikadan imtahan olsa hamı kəsiləcək, odur ki, gərək Təhsil Nazirliyi (TN) məktəblərdə informatikanın tədrisini qaydaya salmalıdır. Qeyd etmək istərdim ki, son illərdə informatika sahəsində əldə olunan uğurlar, TN-in MİQ sahəsindəki müsbət addımları DİM-in bu arqumentinin elə də ciddi olmadığını göstərir. DİM-in bu problemin həlli istiqamətindəki səylərini heç bir halda yetərli hesab etmək olmaz. Yalnız bir halda bu məsələ müzakirə mövzusu ola bilər ki, qəbulda mövcud status-kvonun dəyişməsi üçün böyük resurslar gərək olsun, hansı ki hökumət də bu resursları DİM-ə ayırmaqdan imtina etsin. TN də deyir ki, DİM gərək informatikadan imtahan salsın ki, məktəblərdə, valideynlərdə və uşaqlarda informatikaya diqqət daha da artsın. Son zamanlar hiss olundu ki, TN bu istiqamətdə nəsə etmək istəyir. Lakin görünən odur ki, onun da mövcud qaydaları dəyişdirməyə hələlik gücü çatmayıb. Ümumiyyətlə, bu istiqamətdəki araşdırmalarımız onu deməyə əsas verir ki, bu problemin daha dərin kökləri var. Fikrimcə, problemin uzun illər həll olunmaması hökumətin bu sahəyə yetərincə laqeyd münasibətinin nəticəsidir. Artıq DİM-ə və TN-ə bu istiqamətdə müraciət etməkdən yorularaq innovasiya və rəqəmsal sektorun inkişafına cavabdeh olan qurumlara - NRYTN və ASAN-a, İT təhsil verən universitet rəhbərlərinə, Prezident Administrasiyasının müvafiq bölmələrinə müraciət edirəm ki, indidən bu problemin həlli istiqamətində birgə səylər gücləndirilsin ki, növbəti ildən təhsil qurumları, məktəblər, valideynlər və uşaqlar öz işlərini bilsinlər".Dünyada günbəgün texnologiyaya marağını artdığını vurğulayan təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında deyib ki, əslində bütün ixtisaslar qrupunun qəbul proqramlarına mütləq şəkildə informatika fənni salınmalıdır. O qeyd edib ki, dövrümüzdə informasiya texnologiyalarına marağın artması onu deməyə əsas verir ki, bu günləri hər bir şəxsin informatika ilə bağlı ilkin təməl biliklərə sahib olması labüddür: "Düşünürəm ki, Təhsil Nazirliyi orta məktəblərdə informatika fənninin tədrisi ilə bağlı müəyyən addımlar atmalıdır. Həmçinin, qəbul proqramına da artıq informatika fənni salınmalıdır. Ümumiyyətlə, yaxın gələcəkdə gözlənti ondan ibarətdir ki, qəbulla bağlı müəyyən dəyişikliklər olsun. Və bu dəyişikliklərə əsasən də informatika fənni salına bilər. Biz bunu dəfələrlə təklif etmişik və yenə də təklif edirik. Əgər şəxs informasiya yönümlü ixtisaslara qəbul olmaq istəyirsə, burda artıq onun informatikadan imtahan verməsi məqsədəuyğundur. Əgər orta məktəblərdə informatika fənni ciddi şəkildə tədris olunarsa, o zaman bu fəndən qəbul imtahanına müəyyən suallar salına bilər. Necə ki, magistratura pilləsində informatikadan imtahan götürülür, eləcə də ali təhsil müəssisələrinin bakalavr pilləsinin qəbul imtahanında da götürülə bilər. Konkret informasiya texnologiyalı yönümlü ixtisaslar vahid bir qrup halında birləşdirilməlidir. Yəni sırf texnologiya istiqamətləri üzrə qəbul bu yöndə aparılmalıdır. Fikrimcə, gələcəkdə bu istiqamətdə islahatlar həyata keçiriləcək". sherg.az