Heydər Əliyev prospektində baş verən yanğın söndürüldü - Foto
Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Nizami rayonu ərazisində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-in mətbuat xidmətindən Azia.az-a bildiriblər ki, avqustun 24-də saat 14:35-də nazirliyin 112 - qaynar telefon xəttinə Heydər Əliyev prospektində hasar üzlüyündə yanğın barədə məlumat verilib. Saat 14:41-də FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb.
Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınıb. Cəmi doqquz dəqiqə sonra - saat 14:50-də məhdudlaşdırılan yanğın saat 15:00-da tam söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində hasara vurulmuş penoplast materialdan ibarət üzlük 250 kvadratmetr sahədə yanıb. Hasar üzlüyünün qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə edilib.