"10 minə yaxın insan saxta COVİD pasportu alıb" - Deputatdan şok açıqlama
"Mən Operativ Qərargahın qərarlarından çox razı qaldım, ən azından sərtləşməyə getmədilər və dedilər ki, hər şey vətəndaşların özündən asılıdır. Həqiqətən, hər bir şəxs öz yaxınını qorumalıdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
O, bildirib ki, 10 minə yaxın insan saxta COVİD pasportu alıb:
"İnsanlar üçün sərbəst imkanlar yaradıldı, amma 10 minə yaxın insan gedib saxta pasport alıb və deyildi ki, onlar indi reanimasiyadadır. Mən hər gün onlarla insandan şikayət alıram ki, bizi xəstəxanaya yerləşdirməyə kömək edin. Tapşırın ki, bizə, qohumumuza yaxşı baxsınlar. Eləsi də olur deyir ki, mən hər şeyimi satıb verərəm, amma qohumumu xilas edin. Bu baxımdan düşünürəm ki, xəstəlik bu dərəcədə artıbsa, göz görə-görə yenə də buna inanmayanlar varsa, artıq bu, onların özünün məsuliyyətidir. Buna görə mən bugünkü qərarları dəstəkləyirəm. Vətəndaşların hamısı kütləvi vaksinə getməlidir. Çünki bax elə mənim gözümün qabağında bu gün də yaxınlarımdan, oturub-durduğum insanlardan bir neçəsi ağır vəziyyətdədir. Daha buna inanmamaq nədir? Bu, çox narahatedici bir məqamdır”.
Razi Nurullayev Operativ Qərargaha təkliflərini də bildirib. Deputat qeyd edib ki, təbliğat üçün xüsusi sosial çarxlar hazırlanmaldır:
"Bu gün anti-təbliğat təbliğatı üstələyir. Çünki anti-təbliğat daha inandırıcı danışır, özlərindən düzəltdiyi faktlar gətirir. Amma təbliğat belə göstərir ki, vaksin olunun, olmasanız öləcəksiniz, qırılacaqsınız. Bu da vətəndaşlara təsir edə bilmir. Bəlkə onlar PR komandası ilə, təbliğat işlərini yaxşı bilənləri cəlb edib insanları inandıracaq və sadə dildə başa salacaq sosial roliklər hazırlasınlar ki, insanlar ona da baxsınlar. Çünki anti-təbliğatı, məsələn, bir milyon izləyirsə, təbliğat videosunu on min adam izləyir. Əsas problem buradadır. Bunun üçün insanlarda inamsızlıq yaranır. Bunlar insanları vaksinə qarşı şübhə altında saxlayır. Bu şübhələri aradan qaldırmaq üçün yeni reklam çarxları, sosial roliklər hazırlatmaq lazımdır”.