azia.az
azia.az

Bəs hanı işgəncə, hanı qeyri-humanist rəftar?

5-07-2021, 21:08

Bəs hanı işgəncə, hanı qeyri-humanist rəftar?
Ötən ilin noyabrından, Qarabağda hərbi əməliyyatların başa çatmasından bəri Ermənistanda davam edən siyasi didişmələrdə başlıca mövzulardan biri də Azərbaycanda saxlanılan erməni hərbçiləri və onlara qarşı “qeyri-insani rəftar” barədə idi. Əslində hərbi əməliyyatlar dövründə əsir alınmış erməni hərbçiləri müharibədən sonra qısa müddət ərzində “hamının hamıya” prinsipi ilə (10 noyabr üçtərəfli bəyanatına əsasən) dəyişdirilmişdi və Azərbaycanda erməni hərbi əsirləri yox idi.

Lakin bəlli olduğu kimi, hərbi əməliyyatların başa çatmasından bir neçə həftə sonra Ermənistan öz ordusunun qalıqlarından ibarət dəstəni keçmiş Hadrut inzibati rayonunun tərkibinə daxil olan (hazırda Xocavəndin tərkibindədir) Köhnə Tağlar və Çaylaqqala kəndlərində, o cümlədən strateji əhəmiyyətli Ziyarət yüksəkliyində möhkəmlənmək üçün göndərdi. Başqa sözlə, Azərbaycan ordusunun azad etdiyi ərazilərin dərinliklərində platsdarm yaratmağa çalışdı və bu cəhdin qarşısı alındı-dekabrın ortalarında həmin silahlı dəstənin bir qismi xüsusi əməliyyatla zərərsizləşdirildi, bir qismi tutuldu və qalanları Rusiya sülhməramlılarına təhvil verilməklə ərazidən çıxarıldı.
Bəs hanı işgəncə, hanı qeyri-humanist rəftar?


Və Azərbaycanın təhlükəsizlik və ordu qüvvələrinin Hadrut ətrafında tərksilah edib Bakıya gətirdiyi 64 nəfərlik qrupu Ermənistanda dərhal “hərbi əsirlər” adlandırdılar. Əslində isə hüquqi olaraq onlar hərbi əsirlər sayıla bilməzdi, çünki müharibənin bitməsindən xeyli sonra ələ keçirilmişdi. Yəni həmin silahlı dəstənin üzvlərini hərbi əsirlər yox, ancaq terrorçu, diversant adlandırmaq olardı. Azərbaycan hüquq-mühafizə orqanları isə bu şəxslərə qarşı terrorçuluq-diversiya fəaliyyətləri də daxil olmaqla konkret ittihamlar üzrə cinayət işi qaldırmışdı. Amma bu mühüm hüquqi məqamı nəzərə almadan Ermənistanda həm hakimiyyət, həm müxalifət dairələri hər gün Azərbaycanda saxlanılan “hərbi əsirlər” və onlara qarşı “qeyri-insani rəftar” (bu barədə hər hansı fakt, dəlil olmasa da) barədə bəyanatlar səsləndirirdilər.



O cümlədən erməni lobbi çevrələri bütün beynəlxalq instansiyalarda, ABŞ Konqresindən tutmuş Fransa senatına, Lüksemburq parlamentindən tutmuş Kanada hökumətinə qədər dünyanın hər yerində “hərbi əsirlər və onlara qarşı anti-humanist rəftar” mövzusundan istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışırdılar. Erməni lobbisinin təsiri ilə ayrı -ayrı xarici təşkilatlar, müxtəlif ölkələrin rəsmi şəxsləri bu iddialara dəstək verir, “əsirlərin” qaytarılması tələbi ilə çıxış edir, Azərbaycana qarşı aparılan kampaniyaya dəstəklərini ifadə edirdilər.

Azərbaycan isə humanism nümayiş etdirərək həmin silahlı qrupa daxil olan erməni hərbçilərinin bir neçəsini Rusiyanın vasitəçiliyi ilə daha əvvəl Yerevana təhvil vermişdi.

Nəhayət istintaq tamamlandı və Hadrut ətrafında saxlanılan erməni hərbçiləri qruplar halında məhkəmə önünə çıxarıldılar. Əməkdaşımızın də yaxından izlədiyi bu məhkəmə prosesi zamanı məlum oldu ki, təxminən 7 aydır təcridxanada, istintaq altında saxlanılan erməni hərbçilərinin hamısı gümrahdır, onların hər hansı qəddar rəftara məruz qaldıqlarına dəlalət edən heç bir əlamət müşahidə olunmur. Üstəlik bu ermənilər məhkəmədə sərbəst ifadə verərəkən bir dəfə də olsun, həbs müddətində hansısa qəddar rəftara məruz qaldıqlarını dilə gətirmədilər.

Bəs hanı işgəncə, hanı qeyri-humanist rəftar?

Nəhayət işğaldan azad edilmiş ərazilərin minalanmış sahələrinin xəritələrinin qaytarılmasına cavab olaraq Azərbaycan tərəfi beynəlxalq humanism prinsiplərinə sadiqlik nümayiş etdirdi və həmin dəstənin üzvlərindən hər dəfə 15-i olmaqla 30 nəfərini geri qaytardı.

Maraqlı idi-geri qaytarılan həmin erməni hərbçiləri Yerevanda nə danışacaqlar, “işgəncə və qəddar rəftar” barədə aylardır erməni təbliğatının istifadə etdiyi başlıca tezisi təkrarlayacaqlarmı?

Amma geri qaytarılanların danışdıqları bu təbliğatı tamamilə alt-üst etmiş oldu. Onlardan heç biri Azərbaycanda saxlanılarkən qəddar rəftarla üzləşdiklərini demədi, üstəlik erməni KİV-lərinin yazdığı kimi, bu şəxslər normal şəraitdə saxlanıldıqlarını, heç bir işgəncəyə məruz qalmadıqlarını etiraf etdilər. Hətta oxumaq üçün onlara kitab verildiyini də dedilər. Nəticədə aylardır durmadan Azərbaycanı qaralamaq üçün aparılan kampaniya, hay-küylü bəyanatlar alt-üst oldu.



Bütün bunlar onu təsdiq edir ki, Azərbaycan humanizm prinsiplərinə sadiqdir və beynəlxalq hüquqla müəyyən edilmiş bütün norma və prinsiplərə , o cümlədən hərbi əməliyyatlar zamanı əsir götürülmüş şəxslərə və hətta hərbi əməliyyatların başa çatmasından sonra diversiyalar törətmək məqsədi ilə ölkə ərazilərinə sızdırılmış silahlılara münasibətdə insan haqları normalarına əməl edir. Azərbaycan tərəfinin bu yanaşması həm də müharibə vaxtı ölmüş erməni hərbçilərinin meyitlərinin axtarıb tapılması və geri qaytarılmasında da özünü aydın göstərir. Artıq 1600 dən artıq meyit Ermənistana təhvil verilib.

O cümlədən hərbi əməliyyatların gedişində Azərbaycan ordusu Ali baş komandanın əmrinə riayət edərək mülki erməni sakinlərə mümkün qədər zərər verməməyə çalışıb. Nəticədə 44 günlük şiddətli müharibədə Qarabağda cəmi 40-a yaxın erməni mülki şəxs həlak olmuşdu.

Bütün bunlar birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun və qeyri-nizami hərbi dəstələrin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi çoxsaylı insanlıq cinayətləri, kütləvi qətliamlar və vəhşiliklər fonunda baş verirdi. (Yeri gəlmişkən, elə bu günlərdə Bakıda “Lyoşa” və “Lyoxa” ləqəbli iki erməni canilərinin birinci Qarabağ müharibəsi zamanı Şuşa türməsində azərbaycanlı hərbi əsirlərə necə qeyri-insani işgəncələr, əzablar verdiyi barədə tükürpədici təfərrüatların açıqlandığı məhkəmə prosesi gedir,-red.) O cümlədən Ermənistan hələ də 1 ci Qarabağ müharibəsində əsir, girov götürülmüş və taleyi məlum olmayan 4 mindən artıq azərbaycanlı haqqında heç bir məlumat vermir.

O zaman sual yaranır- humanizm ideyalarını əlində bayraq edib Ermənistanın yalanlarını müdafiə edən xarici dairələr bu məsləni niyə gündəmə gətirmir və Ermənistan qarşısında tələb qoymurlar? Axı beynəlxalq humanitar normalar hamı üçün eyni dərəcədə keçərlidir və bu məsələdə siyasi maraqlar tamamilə kənara qoyulmalı idi?

Siyasət şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi