Sədaqət sərvətə uduzdu
Dövlətin güclənməsi, iqtisadiyyatın tərəqqisi, millətin rifahı siyasi iqtisadi islahatlardan asılıdır. Bu asılılığı aradan götürmək üçün ölkə prezidenti İlham Əliyev islahatlara başladı. Bir sıra məkrli məmurlar, o cümlədən milli məclis üzvləri buna qətiyyətlə mane olurdu. Millətin, dövlətin xeyrinə olan qanunlar qəbul olunmurdu. Mütərəqqi qanun layihələri parlamentdə illərlə uzanırdı. Xalqa, haqqa xoş gələn əməllər icra olunmurdu. Bu işə, böyük sərvətə, yüksək vəzifəyə sahib olan məmurlar bacardıqları qədər əngəl ola bilirdilər. Hökümət və dövlət məmurlarında dövlətə sayğı, millətə qayğı hissi tamam yox olmuşdu. Ölkədə tənəzzül başlamışdı. Xalqın həyat səviyyəsi bataqlığa yuvarlanırdı. Ədalət cinayətin caynağında çırpınırdı. Haqq, ədalət yerini çoxdan haqsızlığa, ədavətə vermişdi. Aclığın timsah çənəsində namus çeynəlinirdi. Bütün bu cür iqtisadi və siyasi mənzərə milləti rəzalət bataqlığında, işgəncə girdabında boğurdu. Xarici aləmdə, beynəlxalq müstəvidə dövlətin nüfuzu zədələnirdi. Bacarıqsız, kəmsavad, antimilli məmurlar tutduqları vəzifədən ayrılmaq istəmirdilər. Bunların çoxunun kökləri xarici qüvvələrə bağlı idi. Hətta dövləti hədələyirdilər. Qarabağın azad olunması yolunda nəyinki irəliləyişə, əksinə geriləməyə düçar olmuşduq. Vəzifə həvalə olunan məmurlar ev mənafeyini el mənafeyindən üstün tuturdular. Qanunlar qəbul edən Milli Məclis öz üzvlərinin girovunda idi. Odur ki, Ali rəhbərlik siyasi iradə göstərib Milli Məclisin buraxılmasını məqbul saydı. Və buna nail oldu. Beləliklə korrupsiyonerləşmiş beşinci çağırış Milli Məclis buraxıldı. Yeni Milli Məclisə növbədənkənar seçkilər elan olundu. Gözlənilirdi ki, millətin cərgəsindən, ziyalıların sırasından mentaliteti zədələnməmiş, vicdanı ləkələnməmiş, xalqdan kökləri qırılmamış, mayası, əxlaqı saf olanların namizədliyi qəbul olunacaq. Əfsus. Nəyin şahidi olduq? Buraxılmış Milli Məclisin etibardan düşmüş, millətə və dövlətə sədaqəti yox olmuş köhnə qvardiyanın 99 üzvü yenidən namizədlik statusu aldı. Bu siyasi əxlaqsızlıq, ictimai vicdansızlıq idi. Sonrakı prosedur aydın və məlum idi. Məzahirin seçki komissiyası (MSK) 99 nəfər irticaçının siyasi fəaliyyətinə yaşıl işıq yandırdı.
125 dairə seçki komissiyası bu namizədlərin mandat alması üçün çirkin fəaliyyətə başladı. MSK üzvləri və müşahidəçiləri bir ələ oynayırdı. Hamısı bu 99 nəfər namizədin seçilməsi üçün qanuni və əxlaqi baryerləri aşmağa başladılar.
107 saylı Qazax seçki dairəsində qəribə və kobud savadsızlığın şahidi oldum. 8 nəfərdən ibarət namizədlərin siyahısı gülünc vəziyyətdə səhv tərtib olunmuşdur. Siyahının başlığı belə idi: “2020-ci il fevralın 9-da keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə qeydə alınmış namizədlər haqqında məlumat”. Əslində belə olmalı idi. “2020-ci il fevralın 9-unda keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə qeydə alınmış namizədlər haqqında məlumatlar”. Siyahıda 8-ci olan namizəd Səməd Seyidov haqqında məlumatlar belə idi: 1964-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikasının deputatı, Beynəlxalq Münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür. YAP üzvüdür. Əslində belə olmalı idi:
“1964-cü ildə doğulub. Azərbaycan Respublikası Milli Məclisinin keçmiş deputatı, Beynəlxalq Münasibətlər və parlamentlərarası komitəsinin keçmiş sədridir. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. YAP-ın üzvüdür.
Diqqətli oxucu dərhal başa düşür ki, anadan olmuşdur ifadəsi bu adamın artıq həyatda olamaması deməkdir. Sonrakı cümlələrdəki neqativ hallar. Əgər Səməd Seyidov Azərbaycan Respublikasının deputatıdırsa namizəd olmağa nə ehtiyac var. Əgər Səməd Seyidov namizəddirsə necə olur ki, o artıq Beynəlxalq Münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Bu yəqinlik haradan hasil olunub. Bu öncə görənlik, cadugərlik nümunəsidir.
İslahatlar MSK, DSK və MnSK-dan başlamalı idi. Sədrlər və üzvlər hamısı dəyişilməli idi. Nədir, onları əvəz edəcək kadrlar yoxdur. Əgər dəyişdirilməyibsə onda elə MSK-nın belə DSK-ları, elə DSK-ların belə MnSk-ları olmalı idi.
Yəqin bazarlıq baş tutmayıb. 99 keçmiş komandadan 79-u təyin olunub. Seçildi deməyə adamın dili gəlmir. Bu Azərbaycan seçicilərinə hörmətsizlik olardı. Axı, onları millət seçməyib. Bütün ranqlar üzrə YAP üzvləri onları qutudan çıxarıblar. Belə olmasa idi, seçkinin səhərisi günü seçicilərin üzündə belə heyratamiz ifadə oxunmazdı.
107 saylı Qazax seçki dairəsindəki qanun pozuntuları mənfur zirvələr fəth etdi. Seçicilər siyahılarında adı olmayan vətəndaş əlavə siyahıya alınmaqla seçkiyə cəlb olunurdular. Öyrədilmiş vətəndaşlara təkrar səs verməyə şərait yaradırdılar. Öyrədilmiş adamlar kənar şəxs qismində seçicilərin iradəsinə təsir göstərirdilər. Kənar şəxslər məntəqə otağında toplanaraq hay-küy salır, qarşılıqlar yaradırdılar. Müşahidəçilərin apardıqları hesabla səs verənlərin siyahıları arasında ciddi fərqlər var idi. Seçki günü olmasına baxmayaraq seçki məntəqəsində müşahidəçilər tərəfindən Səməd Seyidovun təbliğatı aparılırdı.