Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasını “təmiz əllə” dağıtdı, indi “şəffaf işləyin” deyir
Bakının icra başçısı prezident İlham Əliyevin “dövlət məmuru olmaq istəyirsənsə, vicdanla dövlətə xidmət et” çağırışına uyğun olaraq öz rəhbər işçilərinə xəbərdarlıq etdi. Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə 2020-ci ildə iş, forma və metodlarına, eləcə də fəaliyyətdə aşkarlığın daha da artırılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. İcra başçısı prezident İlham Əliyevin rəhbər şəxslər qarşısında qoyduğu tələblərə toxunaraq deyib ki, hər bir rəhbər işçi öz fəaliyyətində təmiz əllər və şəffaflıqla çalışmalıdır.
Struktura daxil olan xidmətlərin fəaliyyətindən danışan Eldar Əzizov bildirib ki, hər bir qurum xüsusilə maliyyə məsələlərinə çox ciddi yanaşmalı, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmalı, görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırılmalıdır.
Yada salaq ki, ötən il keçirilən müşavirələrin birində Eldar Əzizov hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edib, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini bildirib.
Qeyd edək ki, prezident İlham Əliyevin ötən il korrupsiya ilə mübarizə və məmurların xalqa vicdanla xidmət etməsi ilə bağlı çox mühüm açıqlamaları olub. Son olaraq ilin sonunda yerli televiziyalara verdiyi müsahibəsində bir məsələ barədə sərt danışıb. O, həbs edilən icra başçısı və müavini haqda danışarkən bunu məmurun mənəvi deqradasiyası hesab edib: “Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun. Dövlət məmuru olmaq istəyirsənsə, vicdanla xidmət et dövlətə. Yox, sən dövlət vəzifəsinə gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə. Çünki bədbəxt olarsan. Bunu anlamayanlar, hesab edirəm, anlamalıdırlar ki, yeni dövrdə, yeni çağırışlar qarşısında olan ölkədə başqa cür ola da bilməz. Biz ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz hallara qarşı mübarizə bundan sonra da aparılacaq”.
Məlumdur ki, Bakı Şəhər İcra Hakimiyyətində Hacıbala Abutalıbov dövründə baş vermiş korrupsiya halları xüsusi komissiya tərəfindən araşdırılıb. Bakının sabiq meri Abutalıbova yönəlik ciddi ittihamlar yer alıb. Təsadüfi deyil ki, E.Əzizov meriyaya gətiriləndən sonra Abutalıbovun adı korrupsiyada hallanan xeyli kadrını işdən çıxarıb.
Araşdırmalar göstərir ki, Abutalıbovun dövründə vəzifəyə gətirilən kadrlar BŞİH-i korrupsiya yuvasına çeviriblər. Ekspertlərin fikrincə, Abutalıbovun zamanında Bakı şəhərində xeyli qanunsuz tikililər salınıb ki, bunu son olaraq dövlət başçısı İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni sədrini qəbul edəndə də bir daha yada salmışdı. Eyni zamanda Abutalıbovun zamanında Bakının Baş planı da unudulub.
Yeri gəlmişkən, “Transparency İnternational” beynəlxalq təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini açıqlayıb. İndeks 0-100 ballıq qiymətləndirmə əsasında hazırlanıb.
Novator.az-ın məlumatına görə, hesabatda ən təmiz ölkələr kimi 87 balla Danimarka və Yeni Zelandiya göstərilir. Finlandiya üçüncü pillədə yer alır (86 bal), Sinqapur, İsveç, İsveçrə 85 balla dördüncü yeri bölüşürlər. İlk onluqda Norveç (84 bal), Niderland (82 bal), Almaniya və Lüksemburq da (80 bal) var.
Azərbaycan 30 balla 180 ölkə arasında 126-cı sırada qərar tutub. Qırğızıstan və Ukraynanın da göstəriciləri 30 baldır. Estoniya 74, Litva 60, Gürcüstan və Latviya 56, Belarus 45, Ermənistan 42, Türkiyə 39, Qazaxıstan 34, Moldova 32, Rusiya 28, İran 26, Tacikistan və Özbəkistan 25, Türkmənistan 19 bal alıb.
Ən korrupsiyalaşmış ölkə Somali sayılıb - 9 bal.
ORXAN,