azia.az
azia.az

Azərbaycanda bu şəxslətin silah gəzdirməsinə icazə verilir - Qohumları belə qorunur

7-01-2020, 11:33

Azərbaycanda bu şəxslətin silah gəzdirməsinə icazə verilir - Qohumları belə qorunur
Azərbaycanda bu şəxslətin silah gəzdirməsinə icazə verilir - Qohumları belə qorunur
"Deputatların xüsusi toxunulmazlığı var. Hər bir deputat müraciət etdiyi təqdirdə ona fərdi silah verilir. Hansısa nazirin və ya komitə rəhbərinin toxunulmazlığı yoxdur və onlar dövlət tərəfindən mühafizə olunmur. Ancaq istənilən şəxsin özəl mühafizə şirkətlərinə müraciət edərək öz mühafizəsini təmin etmək hüququ var”.
Bu sözləri lent.az-a "Müvəkkil” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Səməd Vəkilov deyib. Hüquqşünas, Azərbaycanda prezident və ailə üzvlərinin dövlət tərəfindən qorunması barədə əsasnamə olduğunu dilə gətirib:
"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında 2012-ci il 26 dekabr tarixində əsasnamə təsdiq edilib. Əsasnamə ölkə prezidenti tərəfindən konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən, qərara alınıb. Bu qanuna görə, prezident və onun ailə üzvləri Dövlət Xüsusi Mühafizə Xidməti tərəfindən qorunur. Həmçinin sözügedən əsasnamə bir başa dövlət təhlükəsizliyi ilə bağlı olduğu üçün məxfi qrifli sənəddir və ictimaiyyət üçün qapalıdır. Bundan əlavə, Azərbaycanda «Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» qanunla özəl təhlükəsizlik şirkətləri fəaliyyət göstərir. Bu da kommersiya fəaliyyəti hesab edilir”.
Səməd Vəkilov cinayət prosesində iştirak edən şəxslərin də dövlət tərəfindən mühafizə edildiyini vurğulayıb. O, bununla bağlı "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” dövlət qanunu olduğunu qeyd edib:

"Azərbaycanda cinayət prosesində iştirak edən xüsusi şəxslər də mühafizə edilir. Bu haqda qanunun 7-ci maddəsinə əsasən, müdafiə olunan şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirlərinin bir neçə növü var. Müdafiə olunan şəxs, onun mənzili və əmlakı mühafizə edilməlidir. O, xüsusi fərdi müdafiə vasitələri ilə təmin edilməli, mövcud təhlükə barədə xəbərdar olunmalıdır. Müdafiə olunan şəxs müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirilməli, barəsində olan məlumatların məxfiliyi qorunmalıdır. Onun iş və ya təhsil yerini dəyişdirilməsinə, başqa yaşayış yerinə köçürülməsinə, sənədlərinin və xarici görkəminin dəyişdirilməsinə icazə verilir. Müdafiə olunan şəxsin iştirak etdiyi məhkəmə baxışı qapalı keçirilməlidir. Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydaları bu qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir. Həmin qanunun 8-ci maddəsinə görə, müdafiə edilən şəxs, onun mənzili və əmlakı zəruri hallarda təhlükəsizliyi təmin edən orqanlar tərəfindən həyata keçirilir. Onların razılığı ilə mənzili və əmlakı yanğın təhlükəsizliyinə qarşı vasitələr və mühafizə siqnalları ilə təchiz edilə bilər. İstifadə etdikləri telefon nömrələri və nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları dəyişdirilə bilər. Real təhlükə hiss olunduqda müdafiə olunan şəxslərə silah verilməsi və onların xəbərdar edilməsi 9-cu maddədə göstərilib. 10-cu maddəyə əsasən, zərurət yaranarsa müdafiə olunan şəxslər müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirilə bilər. Bu zaman şəxs yetkinlik yaşına çatıbsa özündən, əks halda isə valideynlərindən icazə alınmalıdır”.
Hüquqşünas həmçinin "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” qanundan söz açaraq, ölkədə həmin şəxslərin də mühafizə edildiyini dilə gətirib. Səməd Vəkilov həmin şəxslərin hətta ailə üzvləri və yaxın qohumlarının da qorunduğunu bildirib:
Cinayət prosesində iştirak edən şəxslərlə yanaşı məhkəmə və hüquq mühafizə orqanlarının işçiləri də mühafizə edilir. Həmin şəxslərin dövlət müdafiəsi haqqında qanunun 4-cü maddəsinə əsasən, bütün məhkəmə hakimləri, andlı iclasçılar, prokurorlar, müstəntiqlər, təhqiqat aparan və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər dövlət tərəfindən mühafizə olunur. Həmçinin ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini, miqrasiya sahəsində idarəetməni həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını təmin edən, habelə cinayət işləri üzrə məhkəmə hökmlərini, qərarlarını və qərardadlarını, istintaq orqanlarının və prokurorların qərarlarını icra edən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları da dövlətin mühafizə etdiyi şəxslər sırasındadır. Bundan əlavə, maddənin 1-6-cı bəndlərində nəzərdə tutulan şəxslərin valideynləri, uşaqları, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma qardaş və bacıları, babaları, nənələri, nəvələri, habelə ər-arvadı da mühafizə olunur. Məhkəmə və hüquq mühafizə orqanları işçiləri işdən çıxdıqda və ya başqa işə keçdikdə əvvəlki xidmət vəzifələrinin icrası ilə əlaqədar olaraq həyatına və sağlamlığına, mənzilinə, əmlakına təhlükə yarandıqda onların barəsində təhlükəsizlik tədbirləri tətbiq edilir. Bundan əlavə hərbi məhkəmələrin, Azərbaycan Respublikasının ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin, apelyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrinin işləri üzrə kollegiyalarının və hərbi prokurorluğun hərbi qulluqçularının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə də bəzi tədbirlər həyata keçirilir. Onlar digər hərbi hissəyə və ya hərbi idarəyə ezam edilə və yeni xidmət yerinə köçürülə bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi