Azərbaycanda kimlərin evlənməsi qadağandır?
2019-cu ilin 6 ayında ölkədə 29 242 nikah, 8 324 boşanma qeydə alınıb.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
Nikah – kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. Eyni zamanda, qanunvericilik bəzi şəxslərin birgə nikahını qadağan edir.
Bu barədə Modern.az-a danışan Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, nikah bağlanması tərəflərin razılığı ilə həyata keçirilə bilər:
“Vətəndaş nikaha daxil olmaq istəyərkən, İcra Hakimiyyətində qeydiyyatdan keçməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, şəxslər nikahı onların istəklərinə uyğun olaraq bağlana bilər.
Nikaha daxil olmaq üçün tərəflər 18 yaşını tamamlamalıdır. İstisna hallarda İcra Hakimiyyətinin rəyi əsasında 17 yaşda olanların nikahına icazə var”.
Hüquqşünas qeyd edib ki, qanunla azyaşlıların nikahı qadağandır:
“Azyaşlılar arasında nikah bağlanarsa və bu hal aşkarlanarsa, nikah etibarsız sayılır. Bütün hallarda həm Konstitusiyada, həm də Ailə Məcəlləsində əks-cinslər arasında nikahın bağlanması ilkin olaraq yaş məhdudiyyətilə qadağan oluna bilər. Digər tərəfdən, barəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan qərarı elan olunmuş şəxs də nikaha daxil ola bilməz”.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
– yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
– övladlığa götürənlər və övladlığa götürülənlər;
– ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
– tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;
– ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
– nikahın bağlanması üçün müraciət edən şəxslər eyni cinsdən olduqda.
Eyni zamanda, nikahın bağlanması üçün müraciət edən şəxslərin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyadı göstərilməli və ərizə blankında göstərilmiş suallara cavab verilməlidir.