azia.az
azia.az

Bələdiyyə seçkilərində 41800 namizəd iştirak edir

2-12-2019, 11:48

Bələdiyyə seçkilərində 41800 namizəd iştirak edir
1606 bələdiyyəyə 15156 bələdiyyə üzvü seçilməlidir
Bələdiyyə seçkilərində namizədlərin təbliğat-təşviqat kampaniyası mərhələsinə start verilib. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, artıq seçki prosesinin əsas mərhələlərindən biri olan namizədlərin qeydə alınması prosesi başa çatıb. O bildirib ki, Azərbaycanda keçiriləcək seçkilərdə 1606 bələdiyyəyə 15156 bələdiyyə üzvü seçilməlidir.
23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak üçün 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb. MSK sədri qeyd edib ki, təxminən 50-60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb və adlarının bülletenə düşməsini istəməyiblər: “Bülletenlərdə 41800-dən çox yaxın namizədin adı qeyd olunacaq. Əgər bu qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə həmin namizədlərin adınının üzərindən xətt çəkiləcək”.

Seçkilərdə 13 siyasi partiya iştirak edir.

Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin də çapına başlayıb.

Bu məqsədlə Milli Məclisinin Mətbəəsində tədbir keçirilib. Mətbəədə yaradılan şərait və proseslə yaxından tanış olan sədr Məzahir Pənahov, seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün öz tövsiyələrini verib.

Bütün seçki subyektləri üçün tamamilə açıq və şəffaf həyata keçirilən çap prosesi barədə media nümayəndələrinə açıqlamasında MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. Seçki keçiriləcək 1606 bələdiyyənin hər biri üçün ayrıca olmaqla, ümumilikdə 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub.

Artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə başa çatmış bələdiyyələr üzrə bülletenlərin çapına başlanılıb. Seçki bülletenləri çap olunduqdan sonra qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına verilir.

MSK sədri kütləvi informasiya vasitələri üçün təşkil olunan brifinqdə bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilən layihələr və son hazırlıq işləri barədə də ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi