azia.az
azia.az

“Elmir Vəliyev deyir ki, dövlət də bizik, dövləti idarə edən də” - KEÇMİŞ İCRA BAŞÇISININ OĞLUNDAN NÖVBƏTİ ŞİKAYƏT

13-10-2024, 17:39

Gəncə şəhər sakini, 44 günlük Qarabağ müharibəsinin iştirakçısı, qazi İsmayılov Elşən Arzuman oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Mən, Gəncə şəhər sakini, II Qarabağ müharibəsi iştirakçısı,  qazi İsmayılov Elşən Arzuman oğlu, yazaraq Sizdən xahiş edirəm ki, bizə köməklik göstərəsiniz.

Bu günə kimi heç kəsin malında gözü olmayan adamlarıq. Nəyimiz var, nəyimiz yox, ona qane olmuşuq. Yuxarıda da qeyd etdiyim kimi, qaziyəm, 1 qrup gözdən əliləm.

Hazırda haqqımı istədiyim üçün təhdid olunuram. Xanlar Vəliyevin adından istifadə edən qardaşı oğlu, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev məni və yaxınlarımı təhdid edir. İnanıram və güvənirəm ki, mənim bu müraciətim cavabsız qalmayacaq.

Qeyd edim ki, sərəncamla 116.0 kv metr torpaq sahəmiz var. Əlimdə qanuni sənədim olsa da, Elmir Vəliyev həmin torpaq sahəsini məndən almaq istəyir.

Dəfələrlə müraciət etmişəm, bildirmişəm ki, bu yer mənimdir, imkan verin mən də bu yerdən faydalanım. Yarımcan adamam, ən azından sən evində rahat yatanda mən canımı qoymuşam, bir gözümdən olmuşam. Mən heç kəsin yerini, məkanını zəbt etmirəm. Mənim olana sənəd çıxarmaq istəyirəm, əlimdə sərəncamım var.

“Grand bazar”ın rəhbəri Mahmud məni təhdid edir. Mənə deyirlər ki, “Elmir Vəliyev sifarişlə adam öldürəndir, ondan uzaq dur”. Qeyd edim ki, Mahmud Elmar Vəliyevin oğlunun adına olan bazarda pulyığandır.

Elmir Vəliyev və Mahmud açıq-aşkar mənə deyirlər ki, nə etsən də, bu yeri sənə verəsi deyilik, dövlət də bizik, dövləti idarə edən də.

Mən, haqqımı hanısa məmur balasına verməliyəm? Oddan, topdan, tüfəngdən qorxmayan oğlan heç harınlamış məmur balasının qarşısında acız qalarmı?!

Onu da deyim ki, Daşınmaz Əmlak Komitəsinin keçmiş müdiri Kərəm Həsənovla Elmar Vəliyev qudadır. Özləri verdiyi sərancamı bu gün “düzgün sənəd saymırlar”. Biz oranı pulsuz almamışıq, pulumuzu verib almışıq. Emir Vəliyev mənə deyir ki, apar o sərancamı kağız kimi başqa yerdə... istifadə et. Görün, bunlar nə qədər harınlayıblar ki, dövlətin verdiyi sənədi hara layiq görürlər.

İnanıram ki, Xanlar Vəliyevin bu şantaj məsələsindən xəbəri də yoxdur. Onu da bilirəm ki, Azərbaycanın bütövlüyü uğrunda canından, qanından keçmiş qazilərə və şəhidlərə necə hörmətlə yanaşır. Mən müharibə iştirakşısı, 1 qrup əlil kimi, xahiş edirəm ki, onun adı ilə məni təhdid edənlərə qarşı bir tədbir görsün.

Torpağa sənədi Elmar Vəliyevin müavini Məharət bəy verib. İndi Zaur adlı şəxs bizim qarşımızı kəsərək, bizi ora buraxmır. Mənim  çörək pulu qazanmağıma mane olurlar.

19.09.2024-cü il tarixində, günorta saatlarında Mahmud adlı şəxs zəng edərək, bizi bazara çağırdı. Fikirləşdim ki, yəqin razılığa görə çağırır. Təəssüflə qeyd edirəm ki, Azərbaycan Respublikasının vətəndaşı olan Mahmud və Elmir Vəliyev mənə və digər müharibə iştirakçılarına, “sizi gərək erməni öldürərdi, sizi öldürməməklə ən böyük səhv ediblər”, - dedilər(Digər lazımsız söz-söhbətlər də oldu, mən də o söyüşlərin qarşısında susa bilməzdim).

Mən şərəfimlə, ləyaqətimlə vətənimin keşiyində durub, sağlamlığımı vermişəm. Onlar kimi evdə və yaxudda çarpayının altında gizlənməmişəm. Bir gözümdən olmuşam, amma vətənim üçün tək gözümü yox, canımı da verməyə hazıram. Mənim ailəm - atam, anam mənə belə tərbiyə verib. Mən kiminsə bir tikə çörəyini əlindən alıb, atama və yaxud da əmimə güvənən adam olmamışam. Bəli, hər gecə gözümü yumanda o ağrı-acıları çəksəm də, hələ müharibənin səsləri beynimdən getməsə də bu gün də deyirəm ki, canım sənə qurbandı Azərbaycan! Və bunu söz xatirinə yox, bir Azərbaycan kişisi kimi ürəkdən deyirəm.

Cənab Prezident!

Mən, sizdən ev, maşın və yaxud da torpaq, villa istəmirəm. Mənə və ailəmə aid olan, qanuni torpağımı istəyirəm. Elmar Vəliyev və oğlu bir qazinin torpağına göz dikir, buna susmayın”.

Jalə FAMİLQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi